Ermənistan Zəngəzur dəhlizi öhdəliyindən imtina edə bilərmi? – Şərh
13:14 / 04.06.2021
2137
"Ermənistanın gələcək rəhbərliyinin belə bir
addım atması mümkündür. Bu da Ermənistan idarəçiliyindəki problemlərdən
qaynaqlanır. Ölkə xaricdəki hansısa qruplar tərəfindən idarə olunur. Odur ki, davranışları
da beynəlxalq hüquq prinsiplərinə və Ermənistanın üzərinə götürdüyü öhdəliklərə
ziddir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın
keçmiş prezidenti Serj Sarkisyanın hakimiyyətə gəlsələr, Zəngəzur dəhlizilə
bağlı söhbəti qapadacaqları ilə bağlı bəyanatına münasibət bildirərkən
QAFSAM-ın rəhbəri Araz Aslanlı deyib.
Bununla belə müsahibimiz düşünür ki, indi Ermənistanın
manevr etmək imkanları kifayət qədər məhduddur və üzərinə götürdüyü öhdəliklərdən
imtina etməsi əvvəlki qədər asan deyil:
"27 sentyabrdan başlayaraq Ermənistan
alışmadığı sitiuasiya ilə üz-üzədir. Azərbaycan onu beynəlxalq hüquq prinsipləri
çərçivəsində davranmağa məcbur edib. Ona görə bundan sonra Ermənistanda kimin
hakimiyyətə gəlməsindən asılı olmayaraq, imzalanan sənəddə göstərilən addımları
atmaq məcburiyyətindədirlər. Onu bu sənədlərə uyğun davranmağa məcbur edəcək
dövlət və onun beynəlxalq tərəfdaşları var”.
A. Aslanlı kommunikasiya yollarının bağlı
qalmasından Ermənistanın özünün daha çox ziyan çəkəcəyini xatırladıb: "Ermənistanın
indiki və keçmiş rəhbərləri xüsusi emosional bəyanatlarla çıxış edə bilərlər,
amma bu ölkədə normal məntiqlə düşünənlər bilir ki, regional dəhlizlərin
açılması Ermənistanın da marağındadır. Bu səbəblərdən düşünürəm ki, Ermənistanın
sabiq rəhbərləri tərəfindən bu cür bəyanatlar verilsə belə onun reallaşmaq ehtimalı
zəifdir”.