Ermənistan parlamentinin bəyanatı ilə bağlı AÇIQLAMA: \"Bu şikayətlərin nəticəsi olmayacaq\"

Ermənistan parlamentinin bəyanatı ilə bağlı AÇIQLAMA: \
Xəbər verdiyimiz kimi Ermənistan parlamenti yekdilliklə Azərbaycanın Ermənistanın suveren ərazilərinə "təcavüzü" barədə Birgə Bəyanat qəbul edib.

"Çiçəklənən Ermənistan" fraksiyasının hazırladığı bu bəyanat 86 səslə qəbul edilib. Mətndə qeyd olunur ki, Ermənistan Sünik bölgəsində Azərbaycanın təxribatına qarşı bütün tədbirləri tətbiq edə bilər.

Maraqlıdır, sözügedən bəyanatın qəbul edilməsi özündə nəyi ehtiva edir? Bundan sonrakı mərhələdə nələr gözlənilir?

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Ermənistan parlamentinin bu istiqamətdə bəyanat qəbul etməsinin Azərbaycan Ermənistan münasibətlərini daha da kəskinləşdirəcəyini bildirib:

"İlk növbədə Azərbaycan tərəfi havanın şəraitindən, coğrafi mövqedən irəli gələn məsələlərdən dolayı indiyə qədər Laçın istiqamətində sərhəd postlarına düşməmişdi. Lakin indi hava şəraitinin normallaşması hərbçilərin sərhədə düşməsinə, GPS və xəritələr vasitəsilə öz sərhədlərini müəyyən etməsinə gətirib çıxaran proseslə nəticələnib. Erməni tərəfi isə bundan narahat olub KTMT, Rusiya və Avropa İttifaqına şikayət edir. Bu şikayətlərin  nəticəsi olmayacaq. Ermənistan parlamentində "Çiçəklənən Ermənistan" partiyası tərəfindən bəyanatın irəli sürülüb qəbul edilməsi daxili auditoriyaya hesablanan addımdır. Ermənistan Azərbaycanla müharibə etməyə qadir ölkə deyil. Ümumiyyətlə müharibə etmək üçün tutarlı səbəb də yoxdur. Bütün bu baş verənləri seçki qabağı Paşinyanın "əzələ nümayişi" kimi xarakterizə etmək olar. Sərhəd istiqamətində təxribatların olması isə indi və seçkidən sonra da ola bilər.  Ermənistan parlamentində sözügedən bəyanatın qəbul edilməsi iki ölkə arasında münasibətlərin normallaşmasını əngəlləyəcək. Ermənistan tərəfinin delimitasiya məsələsinə qarşı olması, onların ziyanına olacaq".

Əzizə Zeynal
Sfera.az





OXŞAR XƏBƏRLƏR