\"Ermənistan mülki əhalinin kütləvi şəkildə məhv edilməsinə yönələn addımlardan çəkinmir\" - Vəkil

\
"Beynəlxalq humanitar hüququn norma və prinsiplərinə uyğun olaraq, münaqişə ərazilərində artıq atəşkəslə bağlı razılaşma əldə olunubsa, bu zaman ümumiyyətlə itkilərə yol vermək olmaz”.
 
Bunu Sfera.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov minalanmış ərazilərin xəritəsindən danışarkən bildirib.
 
Onun sözlərinə görə, belə olan təqdirdə, minalanmış, təhlükəli ərazilər, radioaktiv, kimyəvi maddələrlə çirklənmiş, insan sağlamlığı üçün təhlükəli olan istənilən yerlə bağlı mütləq dərəcədə məlumatlar qarşı tərəfə ötürülməlidir:

"Çünki münaqişə baş verdiyi zaman bu, yalnız silahlı qruplaşmalara aiddir, mülki əhalinin tələfatına isə heç bir halda yol verilmir. Bəyanat səsləndikdən sonra Qarabağ ərazisində 20-dən artıq şəxsin mina partlaması nəticəsində həlak olması göstərir ki, qarşı tərəfdən minalanmış ərazilərlə bağlı xəritənin təqdim olunması, məlumatların verilməsi, risk qrupuna, təhlükəli zonaya aid olan hər hansı bir məlumat ötürülməyib. Nəticədə insan təlafatı ilə müşahidə olunan hadisələr baş verir. Qarşı tərəf yenidən əhalinin kütləvi şəkildə məhv edilməsinə yönələn addımlardan çəkinmir. 

Eyni zamanda Azərbaycan dövləti tərəfindən həmin ərazilərdə quruculuq, abadlıq işlərinin, yol infrastrukturunun, digər rabitə kanallarının, bu kimi oxşar proseslərin, həyat üçün əlverişli olan şəraitin yaradılmasına süni şəkildə maneə yaradılır. İşğaldan azad olunmuş ərazilər beynəlxalq hüquqla tanınan Azərbaycan ərazisidir, həmçinin Ermənistan hökuməti də bu əraziləri Azərbaycan ərazisi olaraq tanıyıb və təhvil verib. Lakin minalanmış ərazilərlə bağlı məlumatların verilməməsi və nəticədə təlafatların baş verməsinin bütün məsuliyyəti Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq qarşı tərəfdədir”.

R.Qaraşov qeyd edib ki, BMT-nin bununla bağlı birbaşa səlahiyyətləri var:

"Minalanmış ərazilərdə işğaldan azad olunmuş, eyni zamanda münaqişə zonaları ilə bağlı sırf minalanmış ərazilərin daha tez təmizlənməsi, həyatın həmin ərazilərdə bərpa olunması üçün BMT ilə daha intensiv əlaqə yaradılır, köməklik göstərilir. Eyni zamanda Türkiyə və Rusiya hökumətində də minaların təmizlənməsi ilə bağlı əməkdaşlıq sazişləri var və buna uyğun olaraq, kömək qrupları göndərilməkdədir. Lakin kömək qruplarının nə qədər çox olmasından asılı olmayaraq, zaman baxımından qənaət edilməsi, həmçinin həmin ərazilərdə daha əlverişli şərait yaradılması üçün xəritələrin verilməsi mühüm əhəmiyyət kəsb edir, birbaşa olaraq borcludurlar. Azərbaycan tərəfi isə belə bir öhdəlik götürə bilməz, çünki hazırda Ermənistanın hər hansı bir əhalisinin həyat və sağlamlığı üçün təhlükəli olan belə bir ərazi Azərbaycan tərəfindən onlara verilməyib”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR