\"Ermənistan bu platformada yer alacaqsa, Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətindədir\"

\
"İran müharibədən sonra bu formata qarşı olsa da, mövcud geosiyasi reallıqlarla barışmalı oldu”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın İran prezidenti İbrahim Rəisi ilə telefon danışığında "3+3"  formatının Türkiyədə keçirilməsi istiqamətində fikir mübadiləsi aparmasına münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın da daxil olacağı siyasi-iqtisadi inteqrasiyanı özündə əks etdirən bu platforma Cənubi Qafqazda Avropa və Asiya arasında yeni bir siyasi nizam deməkdir:

"Bu, xüsusilə regionda təhlükəsizliyin təmin olunmasına gətirə bilər. Gürcüstan Rusiya faktoruna görə əslində Qərbin təzyiqləri ilə, bu platformada yer almayacağını elan edib. Türkiyənin də keçiriləcək konfransa qatılmayacağı mümkündür. Əsas məsələ isə bu platformanın işlək və real olaraq inkişafı, ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və sülh müqaviləsinin bağlanmasından asılıdır. Əgər Ermənistan buna getməsə, platforma Ermənistansız mümkündür. Bu da təbii ki, Ermənistanda növbəti siyasi-iqtisadi kataklizmə yol açacaq”.

M.Əsədullazadə bildirib ki, Ərdoğan və prezident İlham Əliyevin birgə planı olan bu platforma ilk növbədə, "Zəngəzur" dəhlizinin açılmasını və ərazi bütövlüyünü özündə əks etdirir:

"Türkiyə Ermənistanla normallaşma prosesinə daxil olub. Ermənistanı Azərbaycanla normal münasibətlərə sövq edəcək. Türkiyədə keçiriləcək 3+3 platforması Ermənistanın mövqeyini bir daha ortaya qoyacaq. Ümumiyyətlə, Ermənistan bu platformada yer alacaqsa, Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalmalıdır. Bunun alternativi isə, rəsmi İrəvan üçün uğurlu görünmür”.

Günay Rəsulqızı
Sfera.az

--

OXŞAR XƏBƏRLƏR