Ermənilər bu qalamızı niyə qoruyub? - VİDEO
23:41 / 23.01.2021
5020
XVIII əsrdə inşa edilən qala ermənilər tərəfindən muzey kimi istifadə edilib, saxtalaşdırılan tarixin bir parçasına çevrilib.
Sfera.az xəbər verir ki, Azərbaycanın tarixi qalasında özlərinin, qondarma Dağlıq Qarabağ Respublikasının "tarixini" nümayiş etdiriblər. Müharibə davam edən ərəfədə də ermənilər burada olublar. Görünür, son ana qədər də Azərbaycan əsgərinin bu torpaqlara ayaq basmayacağını xəyal ediblər.
Lakin bir güllə belə atmadan Ağdam təhvil verilən zaman ermənilər əllərinə keçəni götürərək qaçmağa başlayıblar.
Bu, onlar üçün o qədər gözlənilməz olub ki, qalaya yığdıqları vitrinlərin və digər lazımlı əşyaların hamısını apara bilməyiblər. Halbuki çıxdıqları kəndlərdən dam örtüklərini, işıq xətlərini unitazları belə aparırdılar.
Şahbulağın əzəməti, ətrafındakı yaşıl yamacları, hündür ağacları və ən əsası da, bolsulu bulağı ermənilərin tamahını artırıb. Qala və bulağın ətrafını müvəqqəti də olsa özlərinin gəlir mənbəyinə çevirmişdilər.
Müharibə ərəfəsində buradan erməni döyüşçüləri sığınacaq kimi istifadə edib. Həm qalada, həm də bulağın ətrafında erməni əsgərlərindən qalan əşyalar da gözümüzə dəyir.
Artıq tarixi Şahbulaq öz sahiblərinə qayıdıb. Burada qalan erməni izləri də yaxın zamanda tarixdən silinəcək. Hər yer abadlaşacaq, gözəlləşəcək. Ağdam 27 il əvvəlkindən daha gözəl şəhərə, yaşayış yerinə çevriləcək. (Musavat.com)