“Erməni siyasətçilərlə görüşəndə onlar deyir ki...” – Yekun sülh müqaviləsinə nə mane olur?

“Erməni siyasətçilərlə görüşəndə onlar deyir ki...” – Yekun sülh müqaviləsinə nə mane olur?
"Mən müxalif erməni siyasətçilərlə görüşəndə onlar deyir ki, sülhün imzalanmasını qəbul edirlər, lakin Qarabağın Azərbaycana aid olması ilə bağlı sənədə imza atmağa məcbur edilmək istəmirlər”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında deputat Erkin Qədirli bildirib.
 
Millət vəkilinin sözlərinə görə, istənilən erməni siyasətçi üçün Qarabağın Azərbaycana aid olduğunu təsdiq edən sülh müqaviləsinə imza atmaq Ermənistan ictimai rəyində xəyanət kimi qəbul edilir:
 
"Təbii ki, biz də bu mövqe ilə razılaşa bilmərik. Özündə Qarabağın Azərbaycana aid olduğunu ehtiva etməyən hansısa müqavilənin imzalanmasında maraqlı deyilik. Ona görə istər Paşinyan, istərsə də hansısa siyasi güc bununla razılaşarsa, biz onunla əməkdaşlıq edə bilərik. Görünən odur ki, Nikol Paşinyan da daxil olmaqla Ermənistandakı hansısa siyasi güc Qarabağın Azərbaycana aid olduğunu qəbul etmək niyyətində deyil”.
 
Deputat Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutacaq görüşlər barədə də danışıb:

"Soçi görüşündən xüsusi gözləntim yoxdur. Düşünmürəm ki, Brüssel görüşündən öncə tərəflər arasında hansısa anlaşma olsun. Rusiyanın təşəbbüsü ilə sülh müqaviləsinin imzalanması isə nə Azərbaycanın, nə də Ermənistanın maraq dairəsindədir. Bu dəqiqə əsas məsələ Azərbaycan və Ermənistan liderləri arasında görüşün baş tutmasıdır. Nədənsə başlamaq lazımdır, bu təmaslar olmalıdır. Prezidentlər vasitəçilərlə yox, bir-birinə demək istədiklərini birbaşa çatdırmalıdırlar”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR