\"Erməni ordusu hazırda başıpozuq durumdadır\" - AÇIQLAMA

\
"Bu kimi təxribatlarla İrəvan daxili auditoriya arasında Ermənistan ordusunun müharibə dövründə düşdüyü psixoloji təzyiqdən, sarsıntıdan guya çıxdığı obrazını formalaşdırmağa çalışır”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan tərəfdən son dövrlər atəşkəsin pozulması ilə müşayiət olunan təxribatların artıq intensiv xarakter almasının səbəblərindən danışarkən, hərbi ekspert İbrahim Rüstəmli deyib: 

"Ermənilərin intensiv şəkildə davam edən bu təxribatları Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistan ordusunun infrastrukturunu məhv etməsilə əlaqədardır. Ordumuzun qısa müddətdə ermənilərin 30 il ərzində qurduğu sədləri keçərək torpaqlarımızı azad etməsi tək düşmən ordusunda deyil, bütövlükdə Ermənistanda şok effekti yaradıb. Ona görə də indi intensiv şəkildə müxtəlif istiqamətlərdə atəşkəsi pozmaqla guya düşdükləri psixoloji təzyiqdən çıxmaq istəyirlər. Belə təxribatlarla İrəvan erməni cəmiyyəti arasında guya ordularının yenidən özünə gəldiyi təəssüratını formalaşdırmağa çalışır”. 

Digər tərəfdən, həmsöhbətimizin fikrincə, başıpozuq vəziyyətdə olan ordudan hər cür təxribatları gözləmək mümkündür:
 
"44 günlük müharibədə dəhşətli məğlubiyyətə uğrayan erməni ordusu hazırda başıpozuq durumdadır. Belə vəziyyətdə olan düşmən ordusundan isə hər cür təxribatları gözləmək mümkündür. Çünki o vahid komandanlıqdan idarə olunmur”. 

Ekspert düşünür ki, bu olaylarda bəzi xarici güclər də yer alıb: 

"Regionda maraqları toqquşan Fransa və səhnədə görünməyən bir sıra digər güclər, lobbilər var.  Onlar münaqişənin bitməsini istəmir. Çünki bu xarici güclər də Ermənistan rəhbərliyi kimi zaman-zaman Qarabağ kartından öz siyasi və iqtisadi məqsədləri naminə yararlanmağa çalışır. Ermənilər anlamaq istəmir ki, bununla ölkələrini və erməni xalqını fəlakətə sürükləyirlər. Ermənilərin Azərbaycan əleyhinə atdığı hər bir addım onların öz əleyhinə işləyir”.

Rüfət SULTAN
Sfera.az


OXŞAR XƏBƏRLƏR