“Ərdoğan Putinlə Zəngəzur dəhlizini müzakirə edəcək” - Açıqlama

“Ərdoğan Putinlə Zəngəzur dəhlizini müzakirə edəcək” - Açıqlama
"Türkiyə Cənubi Qafqazda ən aktiv rollardan birini alıb və faktiki olaraq bölgədədir. Eyni zamanda güc olaraq Azərbaycanın yanında yer alır”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib. O bildirib ki, ABŞ prezidenti Co Baydenlə görüşündən sonra Ərdoğan yaxın zamanda Vladimir Putinlə də görüşəcək:

"Ərdoğanın Putinlə görüşü zamanı xüsusi müzakirə olunacaq məsələlər var - Suriya, Qarabağ və xüsusilə də Zəngəzur dəhlizi. Türkiyə prezidentinin fikrincə, Putin Zəngəzur dəhlizinin açılmasında əlindən gələni əsirgəmiyəcək. Bu mənada həmin məsələnin yaxın zamanda öz həllini tapacağına şübhə etmirəm. Çünki bu sadəcə Azərbaycan, Türkiyənin deyil, eyni zamanda region ölkələrinin, Avropanın belə maraq dairəsindədir. Bununla Ermənistan və Rusiya, o cümlədən Türkiyə və Azərbaycan arasında yol daha rahat olacaq. Bu səbəbdən Ermənistan da bu məsələdə xüsusi aktivlik göstərməlidir. Bunu Ermənistanın eks-prezidenti Levon Ter Petrosyon da son günlərdə dəfələrlə dilə gətirir”.

Müsahibimiz qeyd edib ki, Ərdoğan Putinlə görüş öncəsi çox maraqlı bir ifadə ilə yadda qalıb: "O söylədi ki, Azərbaycanda hərbi baza yaradacağımızı istisna etmir. Əslində Şuşa anlaşması bir növ Qarabağın, bütövlükdə Azərbaycanın, Milli Təhlükəsizlik maraqlarımızın müdafiəsi, qarantı kimi qiymətləndirilməlidir. Lakin, bunu qeyd edərkən Ərdoğan hər kəsə mesaj verir. Yəni, bu proseslər tezləşdirilməlidir. Biz hər şeyə hazırıq. Əgər Azərbaycan üçün hər hansı bir təhlükə varsa, biz hərbi yardım üçün də burada olacağıq. Ən əsası Türkiyə regional gücdən, qlobal gücə çevrilir. Bu səbəbdən də bu addımlar çox vacibdir”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR