\"Əmrahın boynuna sarılacağımı xəyal edirdim, şəhid olduğunu eşitdim...\" - Tanınmış aparıcı

\
"27 sentyabr, 2020 ci il, bazar günü. Yuxudan oyanıram İlqar yerində yox, maşın da həyətdə deyil. Zəng edirəm ki, hardasan? Telefonun o başından xoşbəxt bir səslə - "Müharibə başladı, mən Horadizə gedirəm". Bir gözün ağlayıb, bir gözün gülməyinin nə demək olduğunu mən onda anladım”.
 
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, həmkarı Zülfiyyə Bayramova deyib. O qeyd edib ki, iki oğlu əsgərlikdə olan  ananın bir gözü sevincdən gülsə də, digər gözü "birdən balalarıma bir şey olar " deyib ağlayır:

"Ardınca qardaşımın yoldaşı zəng edir ki, müharibə başlayıb Hamlet də getdi. Qardaş yükü də gəlir oğul, ər yükünün üstünə. Birdən Əmrah düşür yadıma, amma tez özümə təsəlli verirəm ki, yox o Bakıda xidmətdədir yəqin ki, aparmazlar. Sonra eşidirəm ki, onları da aparıblar. Bacımın oğlu gəlir ki, xala, mən könüllü gedirəm, haqqını hallal et. "Getmə” deyə bilmirəm, desəm də, faydası olmayacağını gözəl bilirəm. Bu böyük ev get gedə daralır - bir divan qalır, bir də televizor. O divanda oturub, nəfəs çəkmədən televizordan alacağım xəbərlərə baxıram”.

Z.Bayramova həmin zaman cəbhəyə getmək üçün işlədiyi TV rəhbərliyinə müraciət edib:

"Amma müsbət cavab almıram. Bir ananın, bacının, həyat yoldaşının gecələri diri gözlə sabahlamağı bilirsiniz nədir? Qardaşımdan 3 gün xəbər ala bilmirik. Ev az qalır başıma uça. Yenə yalvarıram ki, məni göndərin gedim cəbhəyə. Yenə "yox” cavabı. 

Əmrahın itkin düşmə xəbərini eşidirəm. Bu dəfə dünyam daralır, nəfəsin boğazıma düyünlənir və yenə işə gedirəm. Amma indi yalvarmağa yox, məzuniyyət götürməyə. Məzuniyyət götürürəm və mən də gedirəm, Əmrahımı axtarmağa. Yol boyu Əmrahı tapacağımı, boynuna sarılacağımı xəyal edirəm. Beyləqana çatanda Əmrahın şəhid olma xəbərini eşidirəm. Sanki dünyam dağıldı və mən müharibə bitənə kimi bir daha Bakıya qayıtmadım. Təsəllim o odun-alovun içində olub, balalarıma bir nəfəs qədər yaxın olmaq idi”.

Qeyd edək ki, Əmrah aparıcının oğlunun tələbə yoldaşı olub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR