Əmanətlər banklar arasında paylanacaq
14:03 / 06.04.2021
1638
2021-ci ilin aprelin 5-dən Azərbaycanda
sığortalanan əmanətlər üzrə kompensasiya məbləğinin maksimum həddi 100 min
manata qaldırılıb. Bu tarixə qədər maksimum kompensasiya məbləği 30 min manat
idi.
Sfera.az bildirir ki, qanunvericiliyə əsasən
manatla illik 12, xarici valyutada 2,5 faizə qədər (bu faiz dərəcələri də daxil
olmaqla) yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən
sığortalanır. Sığorta hadisəsi baş verdikdə, yəni bank bağlandıqda həmin əmanətlər
üzrə kompensasiya ödənişi həyata keçirilir. Lakin bir bank üzrə kompensasiyanın
məbləği 100 min manatdan çox ola bilməz. Əgər əmanət dollarla saxlanılıbsa,
maksimum kompensasiya məbləği 58,82 min dollar olacaq.
Kompensasiya məbləğinin məhdudlaşdırılması bir
bankda manatla 100 min manatdan artıq, dollarla 58,82 mindən artıq vəsaitin saxlanılmasını
məqsədəuyğun etmir. Çünki bir bankda manatla 100 min manatdan artıq
sığortalanan əmanət olduqda, həmin bank bağlandığı təqdirdə ƏSF onun 100 min manata
qədər olan hissəsini qaytarır. Əmanətçi digər məbləği banka təyin edilən
inzibatçıdan almalıdır. Əgər bankın maliyyə vəziyyəti ağırdırsa, onun aktivləri
pis vəziyyətdədirsə, o halda əmanətin digər hissəsinin geri qaytarılması uzanacaq
və ya qeyri-mümkün olacaq. Bu səbəbdən bir bankda 100 min manatdan çox əmanət
saxlamaq risklidir.
Hazırda bankların heç biri manatla 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək dərəcə ilə əmanət qəbul etmir.
Vasif