Əmanətlər banklar arasında paylanacaq

Əmanətlər banklar arasında paylanacaq
2021-ci ilin aprelin 5-dən Azərbaycanda sığortalanan əmanətlər üzrə kompensasiya məbləğinin maksimum həddi 100 min manata qaldırılıb. Bu tarixə qədər maksimum kompensasiya məbləği 30 min manat idi.
 
Sfera.az bildirir ki, qanunvericiliyə əsasən manatla illik 12, xarici valyutada 2,5 faizə qədər (bu faiz dərəcələri də daxil olmaqla) yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən sığortalanır. Sığorta hadisəsi baş verdikdə, yəni bank bağlandıqda həmin əmanətlər üzrə kompensasiya ödənişi həyata keçirilir. Lakin bir bank üzrə kompensasiyanın məbləği 100 min manatdan çox ola bilməz. Əgər əmanət dollarla saxlanılıbsa, maksimum kompensasiya məbləği 58,82 min dollar olacaq.
 
Kompensasiya məbləğinin məhdudlaşdırılması bir bankda manatla 100 min manatdan artıq, dollarla 58,82 mindən artıq vəsaitin saxlanılmasını məqsədəuyğun etmir. Çünki bir bankda manatla 100 min manatdan artıq sığortalanan əmanət olduqda, həmin bank bağlandığı təqdirdə ƏSF onun 100 min manata qədər olan hissəsini qaytarır. Əmanətçi digər məbləği banka təyin edilən inzibatçıdan almalıdır. Əgər bankın maliyyə vəziyyəti ağırdırsa, onun aktivləri pis vəziyyətdədirsə, o halda əmanətin digər hissəsinin geri qaytarılması uzanacaq və ya qeyri-mümkün olacaq. Bu səbəbdən bir bankda 100 min manatdan çox əmanət saxlamaq risklidir.
 
Yeni şərtlər daha böyük əmanətlərin yüksək faizlər təklif edən banklarda cəmləşməsinin qarşısını alacaq. Daha çox vəsaiti banka yerləşdirmək istəyən şəxslər pullarının qorunması üçün bir yox, bir neçə banka əmanət qoymalıdır. Azərbaycanda hazırda 26 bank fəaliyyət göstərir. Buna görə də mövcud qaydalarla banklarda bir şəxsə aid olan maksimum 2,6 milyon manat və ya 1,529 milyon dollar əmanəti sığortalayıb tam qorumaq mümkündür. Bu məbləğdən daha böyük məbləğdə əmanəti olan şəxslər isə sistem əhəmiyyətli banklara üz tutmalı olacaq. Sistem əhəmiyyətli banklar elə banklardır ki, onların müflis olması və ya öhdəliklərini yerinə yetirə bilməməsi ümumən bank sektoru üçün problem yarada bilər. Belə banklarn böhranla üzləşdikdə Mərkəzi Bank və dövlət onlara dəstək verir. Bu səbəbdəndir ki, hazırda əmanətlərin böyük hissəsi aşağı faizlərin təklif edilməsinə baxmayaraq sistem əhəmiyyətli banklarda saxlanılır. Kiçik məbləğdə əmanəti olan və yüksək faiz əldə etmək istəyən şəxslər isə orta və kiçik banklara üz tuturlar.
Hazırda bankların heç biri manatla 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək dərəcə ilə əmanət qəbul etmir.
 
Vasif
 
 
 
 

OXŞAR XƏBƏRLƏR