Elmar Məmmədyarovla bağlı araşdırma tələb olundu – “Bu qədər pul hardandır?”

Elmar Məmmədyarovla bağlı araşdırma tələb olundu – “Bu qədər pul hardandır?”

"Bu barədə əlimdə hansısa fakt yoxdur”.


Sfera.az-a açılamasında bu sözləri ADP sədri Sərdar Cəlaloğlunun yerli TV-lərdən birinə müsahibəsində Xarici İşlər naziri Elmar Məmmədyarovu milli maraqları satmaqda ittiham etməsinə münasibət bildirərkən ictimai-siyasi fəal Bəxtiyar Hacıyev deyib.

 

Onun sözlərinə görə, XİN rəhbəri Amerikadakı şəxsi mülklərini korrupsiya və rüşvətxorluq yolu ilə yığdığı vəsaitlər hesabına əldə edib:


"Sərdar Cəlaloğlunun Elmar Məmmədyarovla bağlı fikirlərinə reaksiya vermək fikrindən uzağam. Amma Xarici İşlər nazirinin Amerikadakı mülklərini məhz rüşvətxorluq yolu ilə yığdığı vəsaitlər hesabına əldə etdiyini tam olaraq real sayıram.

 

Məsələ ondadır ki, həmin mülklərin dəyərləri o qədər də böyük deyil ki, onu korrupsiya və rüşvət yolu ilə almaq mümkün olmasın. Azərbaycan reallığı üçün bu istisna deyil. Həmin mülklər orta statistik Azərbaycan dövlət məmurunun onlarla mülklərindən biri dəyərindədir. Ona görə də bu məsələ mənim üçün təəccüblü deyil. Düşünürəm ki, E. Məmmədyarovun ABŞ-dakı mülkləri məhz rüşvət və korrupsiya yolu ilə alınıb”.

 

B. Hacıyev bildirdi ki, adətən Azərbaycanda bəzənhansısa məmurun siyasi karyerasına son vermək lazım gələndə, onun uzun illər ərzində bulaşdığı korrupsiya faktları ictimailləşdirilir və bundan sonra da həmin şəxsdən xilas olurlar:

 

"Fikrimcə XİN-də də tam olaraq bu proses gedir. Ancaq Elmar Məmmədyarovu milli maraqları satmaqda ittiham etməkdən uzağam. Bu barədə əlimdə hansısa bir fakt yoxdur”.

 

"Bunu nə inkar, nə də təsdiq edə bilərəm”.


Bunu isə sayta açıqlamasında hüquqşünas Fərhad Mehdiyev dedi: "Bu şayiədir. Bir hüquqşünas olaraq deyim ki, bu şəkildə iddia ittiham etmək üçün kifayət deyil. Sərdar Cəlaloğlu demək istəyir ki, müəyyən xidmətlər müqabilində XİN rəhbəri xarici dövlətlərdən pul alıb. Bəlkə ADP sədri məhz buna eyham vurur. Qəti şəkildə burada Elmar Məmmədyarovu müdafiə etmirəm”.

 

Həmsöhbətimizin fikrincə, ADP sədri tərəfindən ortaya qoyulan iddialar hüququ baxımdan təsdiq olunmur:

 

"Həmin pul hər yerdən, o cümlədən xaricdən də gələ bilər, amma bu olmaya da bilər. Sərdar Cəlaloğlunun dedikləri sadəcə ehtimaldır. Ehtimalı isə həqiqət kimi ortaya qoya bilmərik. Lakin bu adam pulun hardan alınması barədə açıqlama verməlidir. Bu da Prokurorluğun və yaxud Dövlət Təhlükəsizlik Xidmətinin işidir. Onlar XİN rəhbərinin oğlunun pulu hardan aldığını araşdırmalıdır. İnanıram ki, Sərdar Cəlaloğlunun əlində dediklərilə bağlı belə bir fak yoxdur. Bunu nə inkar, nə də təsdiq edə bilərəm”.


"Haqlı iraddır”


Bu sözlər isə Milli Məclisin deputatı Fazil Mustafaya aiddir: "Fikrimcə, haqlı iraddır. Burada müəyyən mənada həqiqətə uyğun iradlar var. Onun hansı ölkələrin maraqlarına xidmət etməsilə bağlı məsələlər araşdırılmalıdır. Bu vəsaitlər haradan oğurlanıb? Burada korrupsiya ilə yanaşı, müxtəlif ələ alma vasitələri də nəzərdən keçirilə bilər”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR