Əlinizdə olan pulu necə qorumalı: DOLLAR YOXSA, QIZIL....

Əlinizdə olan pulu necə qorumalı: DOLLAR YOXSA, QIZIL....

Böhran dövründə insanları düşündürən əsas suallardan biri də manatla olan pullarının necə qorunmasıdır. Bu dövrdə insanlar manatın ucuzlaşması ehtimalını nəzərə alaraq bir qayda olaraq dollar alır. Dollarla yığım edənlər hesab edir ki, ABŞ valyutasında saxlanılan pul daha etibarlıdır və o, sahibinə daha çox dəyər qazandıra bilər.

 

Sfera.az xatırladır ki, istər 2008-2009-cu illər qlobal maliyyə böhranının, istər 2014-2016-cı illərdə neftin ucuzlaşması ilə əlaqədar yaranan böhranın, istərsə də son aylarda koronavirus pandemiyası ilə bağlı əməttə bazarlarında baş verən böhran göstərir ki, dollardan da daha əlverişli, çox gəlir gətirən yığım vasitəsi var. Bu yığım vasitəsinin adı qızıldır.

 

Qeyd edilən böhran dövrlərinin təhlili göstərir ki, qızıl sərmayəçilər arasında təsadüfən "etibarlı liman” imicini qazanmayıb. Qızıl istənilən vəziyyətlərdə ciddi dəyər itirməyib və hətta sahiblərinə böyük qazanc da gətirib. Buna görə də daha böyük maliyyə təcrübəsinə sahib olan insanlar uzunmüddətli dövrü nəzərə alaraq əlavə pullarını tamamilə dollarda yox, həm də qızılda saxlayırlar.

 

Bunu anlamaq üçün böhran dövrlərini təhlil etmək kifayətdir. 2008-ci ildə böhran baş verməmişdən öncə xalis qızılın bir qramı 27 dollar (21,3 manat) idi. 2011-ci ilin sonunda qızılın dəyəri 55 dollara (43,3 manat) qədər yüksəldi. Həmin dövrdə ölkəmizdə devalvasiya baş vermədi və dollarla yığım edənlər qazanmadı. Amma qızıl alanların gəliri xeyli artdı. Həmin illərdə 10 min manatı, yəni 12,7 min dolları olan şəxs pulunu qızıla çevirməklə bir neçə il sonra pulunu 33 min dollara çatdırdı. Düzdür, qızılın qiyməti 2016-cı ildə 35 dollara qədər endi, lakin sonradan yüksələrək 45 dollara çatdı.

 

Ölkəmiz ikinci böhranı 2014-cü ilin iyunundan sonra neftin kəskin ucuzlaşması ilə əlaqədar hiss etdi. Neft gəlirlərinin kəskin azalması dollar/manat kursunu 2,15 dəfə artmasına səbəb oldu. Devalvasiyadan əvvəl dollar alan şəxslər öz vəsaitin xeyli artırdı. Məsələn, 10 min manatı olan şəxs dollar almaqla öz vəsaitini 21,5 min manata qədər artırdı. Bu dövrdə dollar qazandırdı. Lakin qızılla yığım edənlər, yenə də daha çox qazandı.

 

2014-cü ildə qızılın qiyməti 38 dollar idi. Qızılın dəyəri 2016-cı ildə 43 dollara qədər artdı. Bu dövrdə qızıl alanlar 10 min manat və ya 12,7 min dollar olan pulunu 2016-cı ildə 14,4 min dollara çatdırdı. Qızıl sahibinə manatla ifadədə 24,5 min dollar qazandırdı. Son aylarda formalaşan qiymətlərlə müqayisə etdikdə görürük ki, 2014-cü ildə qızıl alanların qazancı daha çox olub. Belə ki, hazırda qızıl 53 dollara satılır və 6 il əvvəl qızıl alanların manatla vəsaitinin dəyəri 30 min manatı ötüb.

 

Həm 2008-2009-cu illərin, həm də 2014-2016-cı illərin təhlili göstərir ki, qızıl ona sərmayə edənlərə dollara nisbətən daha çox gəlir gətirib.

 

2020-ci ildə dünya iqtisadiyyatı yenidən böhrana girib və Azərbaycanada da böhran əlamətləri hiss edilir. Bu dövrdə insanlar manatla olan vəsaitlərini qorumağa çalışır və böyük əksəriyyət dollarla yığımları artırıb. Amma qızıla qoyulacaq sərməyə də bu dövrdə vəsaitlərin dəyərdən düşmə ehtimalını aradan qaldıracaq.

 

Beynəlxalq birjalardakı qiymət dəyişikliklərinin təhlili göstərir ki, 2020-ci il ərzində qızıl 10 faizdən çox, son bir ildə 27 faizdən artıq gəlir gətirib. ABŞ dollarında belə gəlirlilik yoxdur.

 

Qızılın əlverişli yatırım aləti olmasını Azərbaycan Dövlət Neft Fondu da nəzərə almağa başlayıb. Fond yalnız bir ildə 50 tondan çox qızıl alıb və bu məqsədlə 2,5 milyard dollar vəsait xərcləyib. Artıq Fondun 100 tondan çox qızılı var.

 

Böhran dövründə sadəcə iri sərmayəçilər yox, həm də kiçik sərmayəçilər, adi şəxslər də qızıla sərmayə qoymaqla qazanclı çıxırlar. Həmin şəxslər bilir ki, qızıl dollar kimi dəyər itirməyəcək, əksinə dollardan fərqli olaraq qiymətini bir qədər də artıracaq.

 

Lakin qızıl alan zaman bir məsələni hökmən nəzərə almaq lazımdır. Bir çox insan qızılla yığımı artırmaq üçün zinət əşyası alır. Bilmək lazımdır ki, zinət əşyalarının dəyəri sadəcə onun hazırlanmasında istifadə edilən qızılın dəyərindən ibarət deyil. Zinət əşyasının dəyərinə vergi, əgər bu məhsul idxal edilirsə 40 faizdən çox vergi tətbiq edilir və istehsal xərcləri də daxildir. Həm nəzərə almaq lazımdır ki, zinət əşyasının dəyərinin üzərinə dəbə uyğun qiymətlər də əlavə olunur. Buna görə də qızıldan hazırlanan zinət əşyasını bir-iki ildən sonra satdıqda ticarətçilər onun yalnız çəkisini hesablayıb qiymət qoyurlar. Bu zaman zinət əşyasının sahibi aldığı qiymətdən 20-30 faiz, bəzən isə daha aşağı qiymətə qızılı satmalı olur. Belə halla rastlaşmamaq üçün qızıla sərmayə edənlər zinət əşyası almamalıdır. Qızılla yığım etmək istəyənlər "lom” qızıl alıb saxlamalıdır.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR