Elinanın intiharı ilə bağlı icra başçısının xanım müavini ifadə verdi
13:41 / 18.09.2019
1053
Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.
Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktını elan edib.
Sevinc Abbasova ittiham üzrə özünü təqsirli bilməyib və indiki mərhələdə ifadə vermək istəmədiyin deyib.
Məhkəmədə Elina Hacıyevanın anası Sevil Hüseynova və Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə veriblər.
Prosesdə saat 14-ə qədər fasilə elan edilib.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.