Əli Kərimli öz övladlarını xaricdə restoranlara göndərir, başqalarını isə dəyənək altına...
Redaksiyamıza daxil olan məlumata görə, aidiyyəti orqanlar razılaşdırılmamış aksiyanı önləmək və hər hansı qanunazidd hərəkətlərə yol verməmək üçün qanun çərçivəsində bütün mümkün tədbirləri görəcəklər. Mitinqin təşkilatçıları və aksiyada iştirak edəcəyi şübhə doğurmayan şəxslər artıq saxlanılır, onlar barəsində inzibati qaydada həbs qərarı seçilir. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin də verdiyi açıqlamada bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən aksiyanın qarşısı alınacaq. Onun sözlərinə görə, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qanunla müəyyən edilir: "Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir".
Musavat.com -a daxil olan məlumatda o da bildirilir ki, rayonlardan Bakıya gəlib aksiyaya qoşulacağı barədə şübhəli olan bütün şəxlər də nəzarətə götürülüb. Aksiya təyin olunan gün istənilən qanunsuz hərəkətin qarşısı ən sərt formada alınacaq və həmin şəxlər barəsində ciddi tədbirlər görüləcək. İştirakçıları müəyyənləşdirmək və kimsənin məsuliyyətdən yayınmasına imkan verməmək üçün xüsusi çəkiliş qrupları da fəaliyyət göstərəcək.
Məsələ ilə bağlı açıqlama verən siyasi ekspert Arzuman Abdulkərimov Musavat.com -a bildirib ki, Milli Şura və AXCP-nin simasında radikal müxalifət davamlı şəkildə ölkədə sabitliyi pozmağa, qarşıdurma mühiti yaratmağa cəhd göstərir. Bu qrupların elektoratı olmadığına görə, BŞİH tərəfindən müəyyənləşdirilən yerlərdə aksiya keçirmək istəmirlər. AXCP fəallarının yayılmış səs yazıları da göstərir ki, onlar insanların bu aksiyalara qoşulmayacaqlarına əmin olduqlarına görə, mitinqi paytaxtın mərkəzində, insanların gur olduğu yerlərdə keçirmək istəyirlər ki, kənar müşahidəçilərin hesabına izdiham görüntüsü yaratsınlar. Yeri gəlmişkən, oktyabrın 8-də İstiqlaliyyət küçəsində, BŞİH-in bir addımlığında keçirilmiş piket də təsdiqlədi ki, bunlar qanuna uyğun şəkildə, sivil formada aksiya təşkil etmək istəmirlər və istənilən yollarla izdiham yaradıb güc nümayiş etdirmək, alınacağı təqdirdə daha uzaqgedən məqsədlərini reallaşdırmaq niyyətindədirlər. Onları vətəndaşların rahatlığı, nəqliyyatın hərəkəti, paytaxtın ahəngdar, sabit həyat ritmi maraqlandırmır. Bunu vətəndaşlar da, hakimiyyət də görür və qanunların, ictimai asayişin pozulmasına yol verməmək üçün lazımi tədbirlər görürlər.