“Əli Həsənovun oğluna 600 min, baldızına 580 min pul verdim\"

“Əli Həsənovun oğluna 600 min, baldızına 580 min pul verdim\
Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikilməsinə ayrılmış vəsaitdən prezidentin keçmiş köməkçisi Əli Həsənovun qohumlarına təxminən 1.2 milyon manat pul verildiyi iddia olunur. 
 
Sfera.az bildirir ki, AzadlıqRadiosunun xəbərinə görə, bu barədə həmin binaları inşa etmiş "Portos" MMC-nin baş mühasibi Kəmaləddin Abdullayev noyabrın 30-da məhkəmədə danışıb. O, bildirib ki, Əli Həsənovun oğlu Şamxal Həsənliyə 600 min, baldızı Gülər Vəliyevaya isə 580 min manat pul verib.
Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfərin məhkəməsində şahid kimi dindirilib. 20 milyondan artıq mənimsəmə və israfçılıqda suçlanan Səfərli və digərlərinə verilən ittihamlardan biri də jurnalistlər üçün bina tikintisi zamanı pul yeyintisiylə bağlıdır. İddia olunur ki, ilk iki binanın inşasında 16.9 milyon manat mənimsəmə olub.

"Dörd şirkət vardı"

Abdullayev deyir ki, bina tikintisi üçün vəsait "Portos" MMC-nin hesabına köçürülürdü. Bu şirkət də əksər hallarda alınan inşaat materiallarının ödənişini və digər xərcləri şirkətin hesabından köçürmə yoluyla həll edirdi. Lakin bəzi hallarda nağd pula ehtiyac yaranırdı. Onun sözlərinə görə, məsələn, transformatorları alanda pulu nağd şəkildə ödəməli oldular. Bu cür hallarda ləngimə olmasın deyə, bəzən "Portos"un hesabına köçürülmüş vəsaitlərin bir hissəsi öncədən nağdlaşdırılırdı. Baş mühasib bildirib ki, nağdlaşdırmanı dörd şirkətin əliylə həyata keçirirdilər: "Dörd şirkət vardı. O şirkətlərlə iş görülməmişdi, yalnız onların hesabına pulu köçürüb, sonra nağd şəkildə götürmüşük. Həmin vəsaitdən bir dəfə təsisçinin nümayəndəsi Şamxal Həsənliyə 600 min manat, bir dəfə də Gülər Vəliyevaya 580 min manat vermişəm".

Bu məhkəmə prosesindəki dindirmələrdə üzə çıxmışdı ki, "Portos" MMC-nin təsisçisi Əli Həsənovun baldızı Gülər Vəliyevadır. KİVDF-nin aparıcı məsləhətçisi və Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev bildirib ki, "Portos" MMC Əli Həsənova yaxın şirkət olduğuna görə jurnalist binalarının tikintisi ona həvalə olunmuşdu. Onun sözlərinə görə, ümumiyyətlə, Fondun bütün tenderlərində hansı şirkətin qalib olmasına Əli Həsənov qərar verirdi.

Həsənovların dindirilməsinə ehtiyac görülməyib

Məhkəmədə vəkil Cavanşir Süleymanov vəsatət qaldırıb ki, bu cinayət işində Əli Həsənov, onun oğlu və baldızının adı hallandığına, araşdırılan məsələlərin bir çoxu onlarla bağlı olduğuna görə üçü də məhkəməyə çağırılıb dindirilsin. Təqsirləndirilən 11 nəfərdən bir neçəsi bu məsələ ilə bağlı qəti fikir söyləməyib, qərarı məhkəmənin öhdəsinə buraxıb. Bəziləri isə adları çəkilən şəxslərin məhkəməyə cəlb olunmasında israr ediblər. Prokuror Həsənov və qohumlarının dindirilməsinə ehtiyac görməyib. Elə hakimlər də onları çağırmaqdan imtina edib.

Məhkəmə iclasında jurnalist binalarındakı çatışmazlıqlarla bağlı ekspert rəyi açıqlanıb. Ardınca hakim məhkəmə istintaqının başa çatdığını elan edib.
Dekabrın 2-də prokuror Səfərli və digərlərinə cəza istəyəcək. 63-yaşlı Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

Vüqar Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. "Rabitəbank"da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb. Agentlik Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

Səfərli həm də YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini idi. 2021-ci ilin yanvarında həbs olunandan bir ay sonra onu bu vəzifədən də azad ediblər.


OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...