“Elə bil, adi iynə vurdurursan...” – Əməkdaşımız vaksinasiya prosesini canlı izlədi + REPORTAJ
Ötən gündən etibarən ölkə ərazisində koronavirus əleyhinə vaksinasiyaya start verilib.
Çindən gətirilən "CoronaVAC” vaksini ilkin mərhələdə tibb işçilərinə, 65 yaşdan yuxarı şəxslərə, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunanlara tətbiq edilir.
Vaksinasiya ilə bağlı son vəziyyətlə tanış olmaq məqsədilə Sfera.az-ın əməkdaşı Səbail rayonu 2 nömrəli şəhər poliklinikasında olub və vaksinasiya prosesinin gedişatı ilə yerindəcə tanış olub.
Söhbət əsnasında poliklinikanın baş həkimi Sevda Aslanova vaksinasiyanın başladığı müddətdən indiki dövrədək tibb işçilərinin peyvənd olunmaq üçün müraciət etdiyini bildirdi.
Tibb müəssisəsində olduğumuz müddətdə klinikanın həkim travmatoloqu Qaracayev Rüstəmin peyvənd olunmaq üçün müayinə otağına üz tutduğunun şahidi olduq. Həkim travmatoloq müayinə edildikdən sonra peyvənd vurdurub öz fikirlərini bizimlə bölüşdü:
"Özümü tam normal hiss edirəm. Peyvəndin mənə hansısa əks, və ya yanaşı təsiri olmadı. Demək olar ki, prosedur tam ağrısızdır. Peyvənd vurdurmalı idim və bu baxımdan özümü borcumu ödəmiş kimi hiss keçirirəm. Düşünürəm ki, hər kəs peyvənd olunmalıdır. Koronavirus bir bəladır və hamılıqla bu vəziyyətin sonlanması üçün əlimizdən gələni etməliyik".
Poliklinikasnın terapiya şöbəsinin müdiri Solmaz Tağıyeva ilk gün peyvənd olunanların sayının ikinci günə nisbətdə daha az olduğunu bildirdi. Onun sözlərinə görə, gün ərzində vaksinasiya üçün müraciət edən tibb işçilərindən 2 nəfərə peyvənd vurulmayıb:
"Ötən gün klinikada 4 nəfərə peyvənd vurulub. İlk peyvənd klinikanın baş həkimi Sevda Aslanovaya vurulub. Digər peyvəndlər isə digər 3 əməkdaşımıza vurulub. Bu gün isə ümumilikdə 17 nəfər peyvənd üçün müraciət edib. Onlardan iki nəfərə vaksin vurulmadı. Çünki hər iki nəfərin təzyiqi normadan yüksək idi və onlarda allergik reaksiya müşahidə etdik.
Vaksinasiyadan əvvəl həkim müayinəsinin olması mütləqdir. İlk növbədə şəxsin analizi toplanır, təzyiq ölçülür. Bundan sonra aktiv xəstəlik aşkar olunmadıqda biz pasientləri vaksinasiyaya göndəririk".
Solmaz Tağıyeva insanların könüllü şəkildə müalicə olunması üçün klinikaya zəng etdiklərini də diqqətə çatdırdı. Terapevt artıq 1 fevraldan etibarən əhalinin bütün qruplarının vaksinasiya ediləcəyini qeyd etdi:
"Hələ ki, peyvənd olunan şəxslərin heç birində ağırlıq müşahidə edilməyib. Peyvənddən sonra yarım saat müddətinə şəxsləri nəzarətdə saxlayırıq. Könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlarımızın sayı çoxdur, bununla bağlı klinikaya tez-tez zənglər daxil olur.
Fevralın 1-nə qədər tibb işçilərinin peyvənd olunması yekunlaşacaq. Bundan sonra yaşı 50-dən yuxarı şəxslərə üstünlük verməklə əhalinin bütün qruplarını vaksinasiya edəcəyik. Artıq siyahı da hazırlanıb".
Ümumi müşahidələrdən belə nəticə çıxarmaq olar ki, koronavirus əleyhinə vaksin vurdurmaq bəzilərinin təqdim etdiyi kimi qorxulu prosedur deyil. Hətta peyvənd olunan şəxslər bildirir ki, vaksinasiya onlarda adi iynənin verdiyi ağrını belə vermir. Peyvənd sonrası əks təsirlərin olması barədə isə məlumat hələ ki, yoxdur.
Elə olmamasını da arzu edirik...
Sfera.az
Müxbir: Əzizə Zeynal
Foto: Səbuhi Elnur