\"Eldəniz Səlimovun polisi döyməsi bütün cəmiyyətə açıq hörmətsizlikdi\"
19:56 / 30.07.2021
1472
"Qanunverici hakimiyyətdə təmsil olunan, seçicilərinin hüquqlarını qorumalı olan bir millət vəkili qanunlara tüpürərək qanun keşikçisini döyməsi, eyni zamanda bu əməli ilə həm də seçicilərinin hüquqlarını kobud formada pozması misilsiz cinayətdir. Belə, özünü apara bilməyən, psixoloji durumu yerində olmayan, harınlamış şəxslərin adlarını millət vəkilliyinə namizəd vermiş Yeni Azərbaycan Partiyası və iqtidar çox ciddi düşünməlidir… Karantin dövrünün tələblərinə deputat əməl etməyəndən sonra hansısa sadə vətəndaşdan bunu tələb etmək nə qədər doğrudur?!"
Sfera.az xəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu rəsmi Facebook səhifəsində paylaşıb.
"YAP üzvi, millət vəkili Eldəniz Səlimovun polisi döyməsi bütün cəmiyyətə açıq hörmətsizlikdir!
Bütün bunlar azmış kimi Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, bunun onlara aidiyyəti yoxdur:
"Deputat kiminlə güləşir, öz işidir"…
Anlamadım? Qanun hamı üçün deyil? Olmaya qanun yazan millət vəkilləri toxunulmazlıq hüququndan istifadə edərək yazdıqları qanunları tapdalamaq səlahiyyətinə də sahibdirlər?! Anlamaq bu qədərmi çətindir ki, Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hamı bərabərdir… Bu nə yanaşmadır hörmətli Eldar İbrahimov? Olmaya Milli Məclisin İntizam Komissiyasının sədri olaraq deputat həmkarınızın bu qanunsuz əməlindən danışmağa qorxursunuz ki, qoçu deputatcığaz Eldəniz Səlimov gəlib sizi də döyər…
Ayıbdır! Vəzifənizin öhdəsindən gəlməkdə acizsinizsə istefa verin!
Azərbaycanda heç kim, tutduğu qulluq mövqeyindən, vəzifəsindən, daşıdığı mandatdan asılı olmayaraq qanunlardan üstün deyildir. Polis qanun keçikçisidir. O, doğru olaraq öz vəzifəsini icra edib və etməlidir də. Necə ki, 1 il bundan öncə… Bakının Yasamal rayonunda vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarına qarşı edilmiş xırda ictimai hörmətsizliyə necə böyük maştabda cavab verilmişdirsə bu gün bu qoçu deputata da ondan da artıq cavab verilməlidir. Hesab edirəm ki, qoçu deputat Eldəniz Səlimov bu mandatı daşımağa layiq deyildir…"
Sfera.az
Gülər