Ekspertlərdən ehtiyatda olan bəzi hərbçilərə SƏRT İTTİHAMLAR
"Ehtiyatda olan bəzi hərbçilər haqqında danışanda hərbçi sözünü işlətməyə heyifim gəlir. Axı hərbidə olub, hərbi sirin nə olduğunu bilənlər, bunları heç vaxt açıqlamamalıdırlar”.
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov deyib.
O bildirib ki, Azərbaycan müharibə vəziyyətindədir və Ermənistan üçün maraqlı olan informasiyaların düşmənin əlinə keçməsinə imkan verməməliyik:
"Azərbaycan müharibə vəziyyətində yaşayır. Elə bir gün olmur ki, atəşkəs pozulmasın. Hadisələrin gedişi göstərir ki, onlar sülh danışıqlarına getməyəcək. Son sözü yəqin ki, Azərbaycan Ordusu deməli olacaq. Ona görə də nə vaxtsa baş verə biləcək hadisələrdən sığortalanmaq, yəni qüvvəmizi, gücümüzü qoruyub saxlamaq, düşmən üçün maraqlı olan informasiyaları onların əlinə keçməsinə imkan verməmək çox vacib məsələlərdir”.
Deputat hesab edir ki, xüsusilə indiki vaxt çox böyük həssaslıq tələb edir: "Bizim ordumuz gündən-günə güclənir, yeni mövqelər tuturuq, ordumuzun silah-sursat, hərbi texnika təchizatını modernləşdiririk, sistemli şəkildə hərbi təlimlər keçiririk. Bütün bu proseslər düşməni narahat edir. Özü də təkcə düşmənimiz yox, elə onların dostları da çalışırlar ki, bizdən əldə elədikləri informasiyaları düşmənimizə ötürsünlər. Bunu hər bir azərbaycanlı bilməlidir. "Biz ordumuzu sevirik" deməyimiz azdır. Biz orduya müxtəlif formada köməklik etməliyik. Hər bir vətəndaşın da ən böyük köməkliyi odur ki, ordu ilə bağlı bütün informasiyalar gizli saxlanılsın. Biz ordumuzun daha da güclənməsinin qayğısına qalmalıyıq və bu kimi səriştəsizlikdən də özümüzü qorumalıyıq, ordumuzu da".
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli informasiyanın ən güclü dağıdıcı silahlardan biri olduğuna görə hər kəsi ordu haqqında bütün paylaşımlarda diqqətli olmağa çağırıb.
O bildirib ki, istənilən yanlış məlumat işğalçı Ermənistanın kütləvi informasiya vasitələrinin müzakirəsinə çıxarılır: "Müharibə vəziyyətində olan bir dövlətin nəinki ehtiyatda olan hərbçilərinin, hətta hərb sənəti haqqında anlayışı olmayan istənilən vətəndaşının ordu haqqında neqativ fikirlər paylaşması yolverilməzdir. Biz Ermənistanla həm də informasiya savaşındayıq. Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafını, ictimai rəyə təsir imkanlarını nəzərə alsaq, informasiyanın ən güclü dağıdıcı silahlardan biri olduğunu deyə bilərik. Məhz bu baxımdan, Azərbaycan Ordusu ilə bağlı neqativ fikirlər paylaşan hərbçilər birbaşa düşmənin təbliğat maşınının güclənməsinə xidmət edirlər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırda Ermənistan ordusunda çox ciddi problemlər yaşanır. Ordu faktiki olaraq, iki düşərgəyə parçalanıb. Təchizatla bağlı problemlər gündən- günə artır. Ermənistan ordusunda baş verən fərarilik halları,qarşıdurmalar, əsgər ölümləri mütəmadi olaraq işğalçı ölkənin kütləvi informasiya vasitələrinin müzakirəsinə çıxarılır. Bu mənada Ermənistan hakimiyyətinin koronavirus pandemiyası ilə mübarizədə aciz duruma düşməsini və ölkə daxilində sosial-iqtisadi problemlərin daha da dərinləşməsini də diqqətə almaq lazımdır. Belə bir şəraitdə düşmən ölkənin təbliğatına xidmət edən davranışlar sərgiləmək heç bir ölçüyə sığmır. Məsələnin hüquqi tərəfinə gəldikdə isə, belə məlumatları yayanlar, kimliklərindən asılı olmayaraq, həm müharibə dövrünün, həm də xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, inzibati və cinayət məsuliyyəti daşıyırlar”.