İqtİsadİyyat

Ekspert: “Yeni yatağın ehtiyatları illik neft hasilatından 60% çoxdur”

Ekspert: “Yeni yatağın ehtiyatları illik neft hasilatından 60% çoxdur”
Xəbər verdiyimiz kimi, ötən gün yayılan məlumata görə, SOCAR və Norveçin "Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, ilkin neft ehtiyatları 60 mln. tondan çox qiymətləndirilən "Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. Bəs bu yataq ölkənin neft-qaz sənayesinə hansı töhfələri verəcək?

Sfera.az "Report"a istinadla xəbər verir ki, energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə bu yatağın neft-qaz hasilatının və gəlirlərinin artırılması, yerli şirkətin, həmçinin yüksəkixtisaslı kadrların cəlbi baxımından əhəmiyyətini qeyd edib:

"Bildiyiniz kimi, "Qarabağ” yatağı Azərbaycanın müstəqillik dövründə kəşf olunmuş ilk neft yatağıdır. Ona görə də bu hadisə həm Azərbaycanın neft sənayesi baxımından, həm də iqtisadi-inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Neft sənayesi nöqteyi-nəzərindən dəyərləndirəndə bu gün ölkənin əsas strategiyalarından biri neft hasilatınn nisbətən stabil saxlanılması, qaz hasilatının isə artırılmasıdır. Bildiyiniz kimi Azərbaycanın neft yataqlarının böyük əksəriyyəti Sovet dövründən istismarda olan yataqlardır. Bu yataqların bir çoxu uzun müddət istismarda olduğuna görə artıq yaşlı yataqlardır. Yataqlar yaşlandıqca neftvermə əmsalında təbii yolla müəyyən qədər azalmalar baş verə bilir. Buna baxmayaraq son dövrlərdə həm qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsal texnologiyalardan istifadə, eyni zamanda insan kapitalının inkişafı nəticəsində neft hasilatının nisbətən stabil saxlanılmasına nail ola bilmişik”.

Ekspert vurğulayıb ki, "Qarabağ yatağının istismara verilməsi ilə bərabər Azərbaycan neft hasilatını və neft gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq. "Qarabağ yatağında ilkin qiymətləndirməyə görə 60 mln. tondan çox neft ehtiyatı mövcuddur. Bu da təxminən 440 mln. barel neft ehtiyatı deməkdir. Müqayisə üçün qeyd edim ki, bu ehtiyat Azərbaycanın gündəlik neft hasilatından, təqribən, 600 dəfə, illik neft hasilatından 60% çoxdur”,- ekspert məlumat verib.

Ekspert qeyd edib ki, "Qarabağ” yatağında qiymətləndirən neft ehtiyatları Azərbaycanın təsdiqlənmiş neft ehtiyatlarının 6,3%-ni təşkil edir.

Onun sözlərinə görə, ilkin dəyərləndirməyə əsasən, burada gündəlik, təqribən, 30 min barel neft hasil ediləcək ki, bu, hazırki gündəlik neft hasilatının 4%-nə bərabərdir.

Ekspert deyib ki, bu yatağın əhəmiyyətindən biri də neftlə yanaşı, qaz ehtiyatının da olmasıdır: "Bu yataqdan ilkin olaraq gündəlik 4 mln. kubmetr qaz hasil ediləcək. Bu da gələcəkdə qaz ixrac gəlirlərimizin artmasına, Cənub Qaz Dəhlizi layihəsinin daha effektli, daha səmərəli istifadəsinə öz töhfəsini verəcək”.

Ekspert ilkin qiymətləndirmə quyusunun SOCAR-ın CDC şirkəti tərəfindən qazılmasının da əhəmiyyətli hadisə olduğunu vurğulayıb. "Bu ona görə əhəmiyyətlidir ki, artıq Azərbaycanda iri miqyaslı enerji layihələri yerli şirkətlər tərəfindən həyata keçirilir. Buna misal olaraq, "Bulla-dəniz” yatağında 12-ci dəniz özülünün layihələndirilməsi, tikintisi və quraşdırılmasının sırf SOCAR-ın öz daxili imkanları ilə həyata keçirilməsini, "Ümid” yatağında 6810 metr dərinlikdə SOCAR-ın ən debitli quyusunun qazılmasını, CDC şirkəti tərəfindən Heydər Əliyev yarımdalma üzən qazma qurğusu ilə "Abşeron” yatağında 7411 metr dərinliyində quyunun qazılmasını göstərmək olar. Bütün bunlar Azərbaycan neft-qaz sənayesinin inkişaf səviyyəsinin, bu sənayedə yüksəkixtisaslı kadr potensialının inkişafının bariz nümunəsi olaraq göstərilə bilər. Bu gün Azərbaycan həm maddi-texniki bazası, həm insan kapitalı ilə nəinki daxildə, eyni zamanda xarici ölkələrdə də beynəlxalq səviyyəli layihələri yüksək səmərə ilə və təhlükəsiz şəkildə həyata keçirmək iqtidarındadır. Buna misal olaraq, "SOCAR AQŞ” şirkətinin Türkiyənin ən strateji layihələrindən biri olan Tuzgölündə yeraltı qaz anbarları layihəsi çərçivəsində tenderin qalibi olmasını göstərmək olar”,- E. Axundzadə əlavə edib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930