Ekspert: \"SOCAR “Qarabağ” yatağını işlətməyə texnoloji baxımdan qadirdir\"

Ekspert: \
 

Ötən gün ölkə başçısının iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi baş tutdu.

"Qarabağ” dayaq bloku SOCAR-ın "BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. O, dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. 

Bu blok SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. "STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

Bu barədə "Report"a açıqlama verən iqtisadçı-ekspert Amal Həsənli bildirib ki, Azərbaycanın daxili imkanları hesabına Xəzər dənizinin bu günə kimi ən dərin hissəsində, ən böyük platformanı quraşdırmağa yaxınlaşması fövqəladə əhəmiyyətə malikdir. 

Onun sözlərinə görə, ölkəmiz artıq sırf öz imkanları ilə dərinsulu Xəzərdə yerləşən yataqları istismar etmək potensialına malik olduğu ortaya qoyur:

"Belə ki, SOCAR artıq "Azəri-Çıraq-Günəşli" yataqlarından daha dərində yerləşən "Qarabağ” yatağını işlətməyə texnoloji baxımdan qadirdir. Son illərdə xarici şirkətlərlə bağladığımız hasilatın pay bölgüsü sazişləri əvvəlki kimi operatorluq hüquqlarını sırf xarici şirkətə vermir. Əsasən bərabər hüquqlu və bərabər öhdəlikli sazişlər bağlanır. Bu, ilk növbədə neft-qaz sektorunda ən mürəkkəb prosesləri idarə etmək bacarığına malik milli kadrlar bazasının formalaşdığının göstəricisidir”.

Neft-qaz sahəsində milli kadrların yetişdirilməsinin önəmini önə çəkən ekspert qeyd edib ki, dövlətin insan kapitalının formaşdırılmasını prioritet istiqamət kimi müəyyən edərək bu yöndəki investisiyaları bəhrəsini verməkdədir:

"Milli iqtisadiyyatın inkişaf modelinin ana xətti kimi məhz insan kapitalı müəyyən edilib. İstedadlı gənclərin nüfuzlu universitetlərdə keyfiyyətli təhsilinə sərmayə qoyulur, milli kadrlar yetişdirilir. Həmin kadrlar artıq Azərbaycan üçün yeni məhsul və əlavə dəyər yaradır. Onların beynindən idarəetmədə, istehsalatda istifadə etməklə milli iqtisadiyyatın inkişafı və gəlirlərimizin davamlılığı təmin olunur. Bu baxımdan "Qarabağ” dayaq blokunun misalı xüsusən əhəmiyyətlidir”. 

Xatırladaq ki, "Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və "Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. "Qarabağ” yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. "Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.


OXŞAR XƏBƏRLƏR