Ekspert: “Qarabağ” dayaq blokunun inşası yerli kadrların uğurudur\"
O vurğulayıb ki, ölkələrin iqtisadi inkişafının əsas predmetini onun insan kapitalı təşkil edir. "İnsan faktoru iqtisadi inkişafı şərtləndirən bütün faktorları üstələyir. Başqa sözlə, ölkələrin davamlı inkişafını müasir qurğular yox, məhz o qurğuları istehsal edə bilən peşəkar kadrlar təmin edir. Yəni, tərəqqiyə aparan yolun tam mərkəzində insan dayanır. Dünyada baş verən dəyişikliklərin sürətli şəkildə mənimsənilməsi, istehsalat proseslərində innovativ üsulların tətbiqi, habelə məhsuldarlığın artırılması üçün yalnız yüksək ixtisaslı kadr potensialına ehtiyac var.Bu gün ölkəmizin əsas strategiyalarından biri neft kapitalının insan kapitalına çevrilməsidir və biz "Qarabağ” dayaq blokunun yerli kadrlar tərəfindən inşa edilməsi ilə bu strategiyanın uğurlu bir şəkildə həyata keçirildiyinin şahidi oluruq. Bu isə öz növbəsində ölkədə məşğulluq səviyyəsinin və vətəndaşıların rifah halının yüksəlməsinə, habelə ölkə iqtisadiyyatının lokomotivi olan neft-qaz sənayesinin inkişafına dəyərli töhfə verir. Layihələrin yerli şirkətlər və kadrlar tərəfindən həyata keçirilməsi həmin layihələrin məhsuldarlığını da artırır. Məsələn, layihələr yerli şirkət tərəfindən həyata keçirildiyi zaman ilk növbədə onun maya dəyərini, əməliyyat xərclərini azaltma imkanı mümkün olur. Bu isə sizə əlavə rəqabət üstünlüyü qazandırır”.
Ekspert həmçinin bildirib ki, böyük layihələrə yerli şirkətlərin cəlb olunması nəticəsində yerli şirkətlərin gəlirləri artır, bu gəlirlər isə daha sonra Azərbaycan iqtisadiyyatına investisiya olaraq geri qayıdır. Ekspert qeyd edib ki, bu gün Azərbaycan nəinki ölkə daxilində, həm də xarici ölkələrdə nəhəng enerji layihələrini öz maddi-texniki imkanları və peşəkar kadr potensialı ilə həyata keçirərək ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır. "Qazaxıstanın "Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi layihəsinin məhz SOCAR-ın CDC şirkəti tərəfindən həyata keçirilməsi, habelə "SOCAR AQŞ” şirkəti tərəfindən Türkiyənin strateji layihələrindən biri olan Duz Gölü yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsi buna misal olaraq göstərilə bilər. Bu isə ona əsas verir ki, Azərbaycan artıq təkcə investisiya yatıran vəya yatırılan ölkə deyil, həm də nəhəng investisiya layihələrinin əsas seqmentlərini həll etməyi bacaran şirkətlər yetişdirmiş bir ölkədir”.
E.Axundzadə "Qarabağ” yatağının da əhəmiyyətindən danışaraq qeyd edib ki, bu yatağın istismarı ilə Azərbaycan təbii yolla azalan neft hasilatını sabit saxlaya və ya gələcək illərdə daha da artıra biləcək.
Ekspert müstəqillik illərində kəşf olunmuş ilk neft yatağı olan "Qarabağ” yatağının həm də Azərbaycanda hələ də zəngin neft ehtiyatlarının mövcud olduğunu və uzun illər Azərbaycan xalqının bu sərvətdən istifadə edə biləcəyini göstərdiyini vurğulayıb:
"İlkin dəyərləndirmələrə görə, yatağın ehtiyatları 60 mln ton həcmindədir. Gələcəkdə ehtiyatların daha da artma ehtimalı mövcuddur. Bilirsiniz, 1994-cu ildə "Əsrin müqaviləsi” imzalandığı zaman "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda təqbirən 500 mln tonluq ehtiyatın olduğu bildirildi. Bu gün oradan 514 mln tondan çox neft hasil edilib və bundan sonra ən azı bir o qədər neftin hasil edilə biləcəyi proqnozlaşdırılır. "Qarabağ” yatağı da bu nöqteyi- nəzərdən çox perspektivlidir. Burada ehtiyatların gələcəkdə artma potensialı mövcuddur”.
O həmçinin əlavə edib ki, layihənin "Equinor” şirkəti ilə birgə inkişaf etdirilməsi Azərbaycanda münbit investisiya mühitinin mövcudluğunu göstərir. "Azərbaycan etibarlı tərəfdaşdır və bunun nəticəsidir ki, bu gün xarici şirkətlər Azərbaycana maraq göstərir. "Qarabağ” yatağının ilkin dəyərləndirilən ehtiyatları Azərbaycanın hazırkı xam neft hasilatından 800 dəfə, illik neft hasilatından isə 1,6 dəfə çoxdur. Gündəlik neft hasilatı isə, hazırkı xam neft hasilatının təqribən 5,5%-nə bərabərdir”.
Ekspert buradan təbii qazın da hasil ediləcəyini, il ərzində qaz hasilatının 1,5 mlrd kubmetr olacağını da xatırladıb və qeyd edib ki, bu yataq Azərbaycanda qaz hasilatının artımı ilə yanaşı, Cənub Qaz Dəhlizi layihəsinin daha səmərəli istifadəsinə imkan yaradacaq. Bu isə, öz növbəsində həm Azərbaycanın ixrac gəlirlərinin artmasına, həm də xarici bazarlarda mövqeyinin daha da güclənməsinə zəmin yaradacaq
"Azərbaycanda son dövrlərdə həm sənayenin inkişafı, həm də qazlaşdırma səviyyəsinin artması nəticəsində qaz istehlakı artıb. Cənub Qaz Dəhlizi kimi meqalayihə hazırda fəaliyyətdədir və onun son həlqəsi olan TAP-n ilin sonuna doğru fəaliyyətə başlayacağı proqnozlaşdırılır. Bu nöqteyi-nəzərdən yataq Cənub Qaz Dəhlizi layihəsinin daha effektli istifadəsinə töhfə vermiş olacaq. Bu isə, öz növbəsində gələcəkdə bizim xarici bazarlardakı imkanlarımızın daha da genişlənməsinə şərait yaradacaq”.