Ekspert: \"Məmur oliqarxiyasına son qoyulmalıdır\"

Ekspert: \
Rusiyanın Kiçik və Orta İxracatçılar Birliyi və İxrac Mərkəzi bu ölkədən MDB məkanına, xüsusilə də Azərbaycana məhsul ixracını stimullaşdırmaq istiqamətində ciddi addımlar atır. Belə addımlardan biri Rusiyanın müxtəlif bölgələrindən olan sahibkarların, şirkət nümayəndələrinin Azərbayacana səfərlərinin təşkilidir. Bir neçə gün əvvəl baş tutan belə səfərlərdən biri çərçivəsində Rusiya Federasiyasının Kirov, Kostroma, Saratov, Ryazan, Vladimir, Moskva, Bryansk bölgələrindən 30-dan çox şirkətin nümayəndələri Azərbaycana gəlib. Onların əsas məqsədi öz məhsullarını satmaq üçün əlverişli bazarları müəyyənləşdirmək olub.  

Biznes missiya üzvləri ölkənin ən böyük pərakəndə ticarət şəbəkələri olan "Bazarstore", "Bizim Market", "Bravo" və "Araz"ın təmsilçilərinin də daxil olduğu 150 nəfərlik heyətlə görüşüb, öz məhsullarını təqdim ediblər. 

Sahibkarlar arasındakı yaxınlaşma Rusiya-Azərbaycan hökumətlərarası komissiya tərəfindən də təşviq olunmaqdadır.  Qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətində atılan addımlar ölkələr arasında ticarət dövriyyəsinin artım tempində də hiss olunur. Belə ki, rəsmi statistikaya əsasən Azərbaycanın xarici ticarət əlaqələrində Rusiyanın payı təxminən 10 faizə yaxındır. Bu zaman qeyri-neft məhsullarımızın ixracında Rusiyanın payı 35 faiz, kənd təsərrüfatı məhsullarının ixracında isə təxminən 90 faizə bərabərdir. 

Kənd təsərrüfatı məhsulları arasında buğda idxalındakı vəziyyət xüsusilə diqqəti cəlb edir.  Uzun illər boyu Azərbaycan daxili tələbatını təmin etmək üçün buğdanın böyük hissəsini Qazaxıstandan alıb. Lakin son illərdə Azərbaycanın Qazaxıstandan buğda idxalında ciddi azalma müşahidə olunur. 2012-2013-cü illərədək ölkənin buğda idxalında Qazaxıstanın payı 70 faizdən yuxarı olub. Lakin ötən illər ərzində Azərbaycana buğda idxalında ağırlıq Qazaxıstandan Rusiyaya keçib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycan Qazaxıstandan 233,6 milyon dollarlıq buğda idxal edib. 2017-ci ildə isə idxal 20 dəfədən də çox azalaraq cəmi 11,6 milyon dollar təşkil edib. Həcm ifadəsində  azalma 849 min tondan 62,3 min tona qədər olub.

Rusiyadan isə 2013-cü ildə 557,4 min ton olan idxal 2016-cı ildə 1,5 milyon tona çatıb. Bu prosesi şirkətlər Rusiyada qiymətin daha ucuz olması ilə əsaslandırırlar.  Məsələn, 2016-ci ildə Rusiyadan buğdanın kiloqramı 18 qəpiyə, Qazaxıstandan isə 20 qəpiyə alınıb.

Ötən il Qazaxıstandan Azərbaycana 50 milyon 823,76 min dollar dəyərində 269,4 min ton yumşaq buğda və meslin, digərləri idxal olunub. Bu məhsulun Rusiyadan idxalı isə ötən il  776 min 587,2 ton (146 milyon 467,25 min dollar) təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumilikdə 2018-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 2,55 milyard dollardan çox olub. Bu zaman Rusiyaya ixracımız 665 milyon 741.42 min dollar, idxalımız isə az qala 3 dəfə çox - 1 milyard 885 milyon 164.65 min dollar təşkil edib. 

Azərbaycanın Gömrük statistikasına əsasən, 2019-cu ilin yanvar-iyulunda Rusiyayaya 423 milyon 234.91 min dollarlıq məhsul satmışıq. Şimal qonşumuzdan idxalımız isə 1 milyard 183 milyon 761.94 min dollar olmaqla, ümumi idxalımızın 14,04 faizinə bərabər olub. 

Qarşılıqlı investisiya qoyuluşlarına gəlincə,  hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 700-ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir. Bunun 100-ə yaxını sırf Rusiya kapitallı müəssisələrdir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya qoyub. Bunun əhəmiyyətli hissəsi enerji layihələri çərçivəsində həyata keçirilib. Rusiyada bizneslə məşğul olan Azərbaycana məxsus özəl şirkətlərin sayı məlum deyil. Amma rəsmi məlumatlarda ölkəmizin Rusiyaya yatırdığı investisiyaların həcminin 1,2 milyard dollardan çox olduğu qeyd edilir. Bunun 1 milyard dollara yaxınını Dövlət Neft Fondunun sərmayələri təşkil edir. Bu il SOCAR-ın 3,5 milyard dollar Rusiyanın Atipinsk neft emalı zavodu və 2 kiçik neft yatağını əldə etməsindən sonra yəqin ki, qarşılıqlı investisiyaların həcmi Azərbaycanın xeyrinə dəyişəcək.

Müstəqillik illərində Rusiya ilə getdikcə zəifləyən ticari münasibətlərimizdəki bu canlanma nə ilə bağlıdır? İqtisadi sahədəki bu canlanmadan Azərbaycan hansı faydaları götürə, hansı risklərlə üzləşə bilər?



Milli Məclisin üzvü, iqtisadçı-biznesmen Nazim Bəydəmirli deyir ki, Rusiyada MDB məkanına diqqətin artması bu ölkənin Ukrayna ərazilərini işğal etdikdən sonra Avropa və ABŞ sanksiyalarına məruz qalması ilə bağlıdır: "Hökumətlər adətən xarici ticarət əlaqələrində ilk növbədə ixracı stimullaşdırırlar. Çünki ixrac həm ölkəyə valyuta gətirir, həm də daxili istehsalın keyfiyyətini stimullaşdırır. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan MDB ölkələrinə, xüsusilə də Rusiyaya müxtəlif iqtisadi güzəştlər tətbiq edib. Bu ölkələrdən idxal edilən məhsullardan Əlavə Dəyər Vergisi tutulmur, gömrük rüsumları da aşağıdır. Buna görə də Rusiyadan gətirilən mallar hətta qardaş Türkiyədən belə gətirilən məhsullardan daha üstün mövqedə olub və bu üzdən bazarımızda özünə yer tuta bilib. Amma münasibətlərdəki son canlanma yalnız bununla bağlı deyil. Bildiyiniz kimi, Rusiya 2014-cü ildən Ukraynanın bir sıra ərazilərini işğal edib özünə birləşdirib. Buna görə də beynəlxalq sanksiyalara məruz qalaraq, Qərb texnologiyalarından məhrum olub. Araşdırmalarımız göstərir ki, Rusiyanın əksər böyük şirkətlərinin səhmləri beynəlxalq səviyyəli konsorsiumların əlindədir. Rusiyada qabaqcıl texnologiyaların inkişafına bu konsorsiumlar da imkan vermirlər – öz məhsullarına bazar yaratmaq üçün”.

Rusiyadan idxalın artmasının digər səbəbi kimi N.Bəydəmirli Rusiyadakı Azərbaycan əsilli iş adamlarının Avropaya yolları kəsiləndən sonra bura üz tutmalarını qeyd edir: "Daha bir səbəb Azərbaycanın bir sıra məmur-oliqarxlarının ölkədən kapital çıxaranda onu Rusiya kimi ölkələrdə "ağartmağa” çalışmasıdır. Bunun da ən rahat yollarından biri Rusiyada istehsal edib gətirib  malı burada satmaqdır. Ümumiyyətlə, qarşılıqlı iqtisadi əməkdaşlıq elə qurulmalıdır ki, hər iki tərəf fayda görsün. Düşünürəm ki, bu da bir siqnaldır ki, Azərbaycan idxalı deyil, ixracı stimullaşdırmaq üçün yerli sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün münbit şərait yaratmalıdır. Bunun üçün də ilk növbədə məmur sahibkarlığının qarşısı alınmalıdır. Sahibkarlar üçün ucuz maliyyə resurslarına çıxış imkan yaradılmalıdır. Əks halda, idxaldan asılılığımız daha da güclənəcək. Bu gün ticarət mərkəzlərinin piştaxtalarına nəzər yetirsək, görərik ki, cəmi 15 faiz məhsul yerlidir, qalanı idxaldır. Buna görə də daxili istehsalı stimullaşdırmaq üçün ən qısa zamanda ciddi addımlar atılmalıdır”.

Sabiq deputat bildirir ki, Rusiyada brend adı ilə istehsal olunan malların əksəriyyəti xarici koorporasiyalara məxsus müəssisələrindir: "AvtoVAZ-dan tutmuş, Lada-Jiquli istehsalına qədər, bütün məhsulların istehsalçılarının səhmləri xaricilərdədir. Yaxud Rusiya şokoladlarının istehsalçıları da həmçinin. Hesab edirəm ki, Azərbaycan dünyaya açılmalı, qabaqcıl texnologiyaları cəlb etməlidir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi həll olunmalı, gömrük sistemi tamamilə yenilənməlidir. Gömrük Komitəsi ləğv edilərək, səlahiyyətləri Vergilər Nazirliyinə verilməlidir. Son 5 ili götürsək, ölkəyə idxal olunan məhsullardan tutulan ƏDV-nin məbləği getdikcə artır. Bu isə o deməkdir ki, idxal artır, istehsal isə azalır. 2019-cu ildə ƏDV-dən büdcəyə 1 milyard 804 milyon manat daxil olması gözlənilir, 2018-ci ilə nisbətən bu vergi üzrə 9 milyon manat (0.5%) azalma proqnozlaşdırılıb... 2014-cü ilin dövlət büdcəsindəki 2 milyard 139 milyon manatla müqayisə etdikdə 335 milyon azalır (-18.6%). Demək ki, bizim iqtisadiyyat daha az əlavə dəyər yaradır. Amma Gömrük xətti ilə idxaldan alınan ƏDV 2 milyard 294 milyon manatdır, 2014-cü ildə 1 milyard 70 min manat olub... Bu rəqəmlər iki məqamı özündə ifadə edir: bizim istehlakımız daha çox idxaldan asılıdır, bu proses getdikcə artır, gömrükdə ƏDV-nin artması əvvəlki illərdə nə qədər büdcədən vəsait yayındırıldığını göstərir. Çünki bu ilin əvvəlindən gömrük statistikasının Vergilər Nazirliyi tərəfindən də aparılması vəsaitlərin toplanmlı olan həcminə aydınlıq gətirir. Göstərir ki, Gömrük Komitəsi büdcədən nə qədər "yayındırıb"?

İqtisadiyyat Şöbəsi

OXŞAR XƏBƏRLƏR

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...