Ekspert: “İşıqlar sönəndə yaxşı ki, BNA və DYP dərhal müdaxilə etdi”

Ekspert: “İşıqlar sönəndə yaxşı ki, BNA və DYP dərhal müdaxilə etdi”
Dünən Bakıda elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bəzi yollarda işıqforların fəaliyyətində fasilə yarandı. Fasilə yaranan zaman Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) əməkdaşları dərhal müdaxilə edərək sürücülərə yolayrıcını keçməkdə köməklik göstəriblər. 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən hadisə ilə bağlı Qaynarinfo-ya münasibət bildirərkən DYP və BNA işçilərinə operativ müdaxiləyə görə təşəkkürünü ünvanlayıb:

"Belə hallar sürücülər və piyadalar üçün bir az çətinlik yaradır. Əslində belə bir çətinlik yaratmamalıdır. Çünki yol hərəkəti iştirakçıları işıqfor işləyib-işləmədikdə nə kimi addım atmalı olduqlarını bilməlidirlər. Hər bir yol hərəkəti iştirakçısı işıqforla nizamlanan yollarda necə hərəkət edildiyini, işıqfor işləmədikdə sürücünün nə etməli olduğunu, hansı tərəfin digərinə yol verməli olduğunu bilməlidir. Amma təəssüf ki, bizdə bəzi sürüclərin bu məsələdən tam anlayışı olmadığına görə, işıqforlar işləməyəndə dərhal yollarda xaotik vəziyyət yaranır. Yaxşı ki, BNA, eləcə də Dövlət Yol Polisi (DYP) dərhal məsələyə müdaxilə elədi. Bununla bağlı yayılan videogörüntülərdən də gördük ki, onlar elə əliyalın da olsa, yolayrıclarında xidmət apardılar, insanlara yol göstərdilər, sürücülərin əziyyət çəkməməsi üçün əllərindən gələni etdilər. Bu, yaxşı bir haldır. Eyni zamanda yol polisinin də bu istiqamətdə fəaliyyətini qeyd etmək lazımdır. Bu qurumların birgə işləməsi çox gözəldir. Belə olduqda çox yaxşı nəticə əldə olunur. Dünən gördük ki, heç birt narazılıq olmadı, yol nəqliyyat hadisəsi baş vermədi, saatlarla tıxac yaranmadı, avtobuslar yollarda qalmadı və hər iki qurum gözəl bir nəticə ortaya qoydu. Mən hər iki qurumun əməkdaşlarına təşəkkür edirəm ki, hadisəyə dərhal reaksiya verdilər və belə bir operativlik göstərdilər”. 

"Düşünürəm ki, gələcəkdə bu işıqforların iş rejimi ilə bağlı hansısa bir baza formalaşdırılmalıdır ki, işıq sönəndə işıqforlar avtomatik həmin ehtiyat bazaya keçsin və hər hansı problem yaşanmasın. Əsas elektrik xəttindən əlavə köməkçi bir xətt və ya cihazlar olmalıdır. Çünki işıq sönməsi çox qısa müddətdə baş verir və işıq sönüb-yanarkən o qısa qapanma nəticəsində bəzi işıqforların iş rejimi pozulur. Ona görə də əlavə bir köməkçi sistem tətbiq olunsa işıqforlar heç vaxt sönməz və yolayrıclarında da problemlər yaşanmaz”, - deyə E.Muradlı əlavə edib.


OXŞAR XƏBƏRLƏR