Ekspert: “Bütün avtobus parkları yenilənməli, xətlərə iri həcmli avtobuslar buraxılmalıdır\"

Ekspert: “Bütün avtobus parkları yenilənməli, xətlərə iri həcmli avtobuslar buraxılmalıdır\

Pandemiya dövründə Bakı Nəqliyyat Agentliyi (BNA) xətlərə iritutumlu avtobuslar buraxdı. Avtobusları köhnə, yararsız vəziyyətə düşən marşrut xətləri əvvəlki daşıyıcılardan alınaraq "Bakubus” MMC-nin istismarına verildi. Nəticədə həmin xətlər üzrə sərnişindaşımanı yeni "Avro 6” standartlarına cavab verən 12 metrlik avtobuslar yerinə yetirməyə başladı.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev "...” saytına açıqlamasında bildirib ki, iritutumlu avtobusların istismara verilməsi pandemiyaya yoluxanların sayının azalmasında mühüm rol oynaya bilər:

"Pandemiya dövründə ən çox əməl etməli olduğumuz məsələlərdən biri də ara məsafəsini gözləməkdir. Bunu tibb mütəxəssisləri bizə israrla deyirlər. Ara məsafəsinin gözlənilməsi yoluxma hallarının azalmasına böyük kömək göstərə bilər. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də BNA-nın iritutumlu avtobusları xətlərə buraxması və köhnə avtobusları yeniləri ilə əvəzləməsi oldu. Bu avtobuslar həcmcə böyük olduğu üçün daha çox insan götürə bilir. Lakin məqsəd daha çox insan götürmək deyil, ara məsəfəsini gözləməklə insanların virusa yoluxmasının qarşısını almaqdır. Bu tədbirlər yoluxma sayının azalmasında mühüm rol oynayacaq. 
İritutumlu avtobuslar hələki şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə istifadə edilir. Şəhərətrafı qəsəbələrdə bu avtobusların istifadəsi çox da tətbiq olunmur. Bakının hər yerində bu cür iri həcmli avtobusların xəttə buraxılması daha məqsədəuyğun olar”. 

Ekspert qeyd edib ki, xidmət tələblərinə cavab verməyən daşıyıcılardan marşrut xətləri mərhələli şəkildə alınaraq "Bakubus” MMC-ə verilməlidir:

"Bütün daşıma şirkətləri avtobus parklarını yeniləməli və irihəcmli avtobusları xətlərə buraxmalıdır. Bu, həm maliyyə məsələlərinə görə, həm tıxacların qarşısını almaq üçün, həm də insanların rahatlığı cəhətdən effektiv olar. Düşünürəm ki, bizdə bəzi daşıyıcı şirkətlərin maliyyə problemləri var. Ona görə də tələb olunan səviyyədə keyfiyyətli xidmət təqdim edə bilmirlər. Bəzi daşıyıcılar isə səhlənkarlıqlara yol verirlər. Bu səbəblərdən həmin daşıyıcılarda olan marşrut xətləri alınaraq "Bakubus” MMC-nin istismarına verilir. İstənilən halda onların bəhanələri qəbuledilməzdir. Daşıyıcılar vətəndaşlara yüksək səviyyədə xidmət göstərməlidir. Həmin daşıyıcılarda olan xətlər tədricən "Bakubus” kimi səviyyəli xidmət göstərən şirkət tərəfindən bir əldə cəmləşməlidir. Lakin marşrutları həmin daşıyıcılardan birdən-birə almaq da düz olmaz. Əvvəlcə onlara xəbərdarlıqlar edilməli və işləmələri üçün təkliflər planı təqdim edilməlidir. Onlar da bu təkliflərə adekvat xidmət göstərməlidirlər. Əks halda mərhələli şəkildə ən bərbad səviyyədə xidmət göstərəndən başlayaraq marşrutlar daşıyıcılardan alınmalıdır. Bir neçə daşıyıcı bu cür cəzalansa, digərləri də ibrət alaraq lazımi səviyyədə xidmət təqdim edə bilərlər”.


OXŞAR XƏBƏRLƏR