Ekspert: “Alternativ enerji sektorunda Gürcüstan-Azərbaycan əməkdaşlığı üçün imkanlar var”

Ekspert: “Alternativ enerji sektorunda Gürcüstan-Azərbaycan əməkdaşlığı üçün imkanlar var”
 

Gürcüstanda elektroenergetika sahəsində dövlət strategiyasının əsas istiqamətlərindən biri bərpa olunan alternativ enerji mənbələrinin tam mənimsənilməsi və istifadəsidir. Ölkənin zəngin külək və Günəş ehtiyatları bərpa olunan enerji mənbələrinin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahənin inkişaf etdirilməsi ilə qonşu ölkə enerji təhlükəsizliyini gücləndirməyi hədəfləyib. Lakin alternativ enerjinin ənənəvi enerji mənbələrindən istifadədən bir qədər baha başa gəlməsi və ekologiyanın mühafizəsi bu sektorun qarşısında duran əsas çağırışlardır.

Gürcüstanın Texniki Universitetinin professoru, energetika məsələləri üzrə ekspert Giya Arabidze "Report”un yerli bürosuna açıqlamasında bildirib ki, alternativ enerji mənbələrindən istifadə iqtisadi cəhətdən səmərəli deyil: "Gürcüstanda Günəş və küləkdən əldə olunan enerjinin dəyəri SES-lərdə istehsal olunan elektrik enerjisinin dəyərindən çoxdur. Bərpa olunan enerji mənbələrinin mənimsənilməsində iqtisadi faydadan daha çox ətraf mühitin qorunması məsələsi xüsusi əhəmiyyət kəsb edir”.

Mütəxəssis deyib ki, Gürcüstanda bioyanacaq böyük həcmdə istehsal olunmur və onun istehlakı ölçüyəgəlməz dərəcədə azdır.

G.Arabidzenin sözlərinə görə, hökumətin energetika strategiyasına uyğun olaraq 2025-ci ilə qədər ölkədə 400 meqavatt gücə malik Günəş və külək elektrik stansiyaları istismara verilməlidir: "Bu güc kifayət qədər yaxşıdır və digər ölkələrlə əməkdaşlıq üçün perspektivlər yaradır. Gürcüstanla müqayisədə Azərbaycan daha günəşli ölkədir. Hər iki ölkədə küləkli günlərin sayı da çoxdur. Bu iki növ alternativ enerjinin istehsalında Gürcüstan-Azərbaycan əməkdaşlığı üçün imkanlar var”.

Ekspert qeyd edib ki, Günəş erenjisi yalnız elektrik enerjisinin deyil, termal enerjinin də əldə olunması üçün yararlıdır: "Termal enerjidən isti su ilə təminat sahəsində istifadə olunur. Bu enerji Günəş kollektorları vasitəsilə əldə olunur. Gürcüstanda bu avadanlıqlar istehsal olunmur. Dünya bazarlarında ən çox Çin istehsalı olan kollektorlar satılır. Lakin onlar yüksək keyfiyyətə malik deyil”.

G.Arabidzenin fikrincə, Gürcüstan və Azərbaycan arasında bu sahədə birgə müəssisələr yaradıla və Günəş kollektorları istehsal oluna bilər: "İstehsal olunan avadanlıqlar yalnız daxili deyil, xarici bazarlara da çıxarıla bilər. Bu cür qurğulara dünya bazarlarında tələbat yüksəkdir”.

Ekspert qeyd edib ki, Gürcüstanda alternativ enerji sahəsində xarici investisiyalar əsasında müəssisə yaradılması təcrübəsi var: "Ötən il Almaniya şirkəti Kutaisi şəhərində Günəş panelləri istehsal edən zavod istifadəyə verib. İstehsal olunan qurğular Almaniya və digər ölkələrə ixrac olunur”.



OXŞAR XƏBƏRLƏR