Ekspert: “Ağır tonnajlı yüklərin TIR-la daşınması yol infrastrukturunu vaxtından tez dağıdır” - ŞƏRH

Ekspert: “Ağır tonnajlı yüklərin TIR-la daşınması yol infrastrukturunu vaxtından tez dağıdır” - ŞƏRH

Azərbaycan iqtisadiyyatının, qeyri-neft ixracının və tranzit imkanlarının artım templəri beynəlxalq yükdaşımalarda daha əlverişli quru nəqliyyatın müəyyən olunması zərurətini ön plana çıxarır. Bu gün quru nəqliyyatın əsas elementləri dəmir yolu və avtomobil nəqliyyatı hesab olunur.

Bəs, bunları fəqləndirən amillər hansıdır?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bununla bağlı "Report"a bildirib ki, yük daşınmasında dəmir yolu ilə avtomobil yolunun müqayisəsi aparılsa, o zaman birincinin daha üstün mövqedə dayandığı məlum olar.

"Uzun məsafəli və irihəcmli yükdaşımalar avtomobil nəqliyyatında daha baha başa gəlir. TIR dediyimiz nəqliyyat vasitələri ilə daşınma onun yükgötürmə qabiliyyəti ilə məhdudlaşır. Böyük tutumu olan yüklər daşınarkən çox sayda TIR-lardan istifadə etmək zərurəti yaranır. Bu isə daşınmanın dəyərinə birbaşa təsir göstərir. Bir neçə TIR-la daşınma zamanı bu gün səmərəli logistik zəncirin təşkil olunması da xeyli problem yaradır. Bu mənada belə yüklərin dəmir yolu ilə daşınması iqtisadi baxımından daha səmərəlidir", - ekspert diqqətə çatdırıb.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev

"Dəmir yolunda isə qabarit və tonnajdan asılı olmayaraq yüklərin daşınması daha əlverişlidir"

 

O bildirib ki, ağır tonnajlı yüklərin avtomobil nəqliyyatı ilə daşınmasında təhlükəsizlik riskləri var: "Bu cür yüklər daşınarkən mütləq DYP-dən müşayiət avtomobilləri istənilməlidir, müəyyən sürət limiti mövcuddur. Normalda 90 kmsaat hərəkət sürəti olan yolda 30-50 km/saat arası hərəkət etmək lazımdır. Bu isə yoldakı hərəkət intensivliyini birbaşa aşağı salır və digər nəqliyyat vasitələri üçün müəyyən çətinliklər yaradır. Məsələnin digər tərəfi bu cür daşınmalar zamanı yol infrastrukturunun vaxtından tez dağılmasıdır. Dəmir yolunda isə qabarit və tonnajdan asılı olmayaraq yüklərin daşınması daha əlverişlidir".

Onun sözlərinə görə, avtomobil nəqliyyatı yol və klimatik şəraitdən əhəmiyyətli dərəcədə asılıdır.

"Güclü qar, yolların buz bağlaması və digər təbii şərait daşınma sürətini aşağı sala və ya ümumiyytələ, dayandıra bilər. Xatırlayıram ki, vaxtilə Ələt limanından Gürcüstanın Poti limanına olan avtomobil yolu mürəkkəb relyefə aid olan Rikoti aşırımları sahəsində hərəkət güclü qara görə bağlanırdı. Bildiyim qədər indi də həmin hal müşahidə olunur. Lakin həmin istiqamətdə olan dəmir yolunun nə zamansa güclü qar səbəbi ilə bağlandığını xatırlamıram”, - R.Ağamirzəyev deyib.


OXŞAR XƏBƏRLƏR