Əhali ən çox hansı ödənişli xidmətlərdən istifadə edir?

Əhali ən çox hansı ödənişli xidmətlərdən istifadə edir?
2020-ci ildə xüsusi karantin rejiminin tətbiq edilməsi ödənişli xidmətlərin həcminin dəyər ifadəsində 27 faizdən çox kiçilməsinə səbəb olub. 2019-cu ildə 9,6 milyard manat olan pullu xidmətlər sektorunun həcmi ötən il 2,6 milyard manatdan çox kiçilərək 7 milyard manat təşkil edib.

Sfera.az bildirir ki, pullu dimətlərdə azalma əksər alt bölmədlərdə müşahidə edilib. Bəs, ötən il əhali ən çox hansı pullu xidmətlərdən bəhrələnib?

Məlumatların təhlili göstərir ki, əhalinin ən çox istifadə etdiyi 4 xidmət növü var. Bunlar rabitə, kommunal, nəqliyyat və məişət xidmətləridir. Bu xidmətlərin hər birinin ümumi pullu xidmətlər bazarında payı 10 faizdən çoxdur.
 
2020-ci ildə rabitə və kommunal xidmətlərdən istifadə genişlənib, digər 2 əsas xidmətdən istifadə zəifləyib.

Əhali ən çox rabitə xidmətlərinə pul xərcləyir. Ötən il əhalinin rabitə xərcləri 1,9 milyard manatdan 1,933 milyard manata yüksəlib.
 
Kommunal xidmətlərdən istifadəyə görə 1,47 milyard manat xərclənib. 2019-cu ildə kommunal sektorda 1,43 milyard manat xərclənmişdi.

Ötən il nəqliyyat və məişət xidmətlərinə çəkilən xərc xeyli azalıb. Nəqliyyat xidmətlərində azalma 800 milyon manat olub və xidmətlərin həcmi 1,046 milyard manata düşüb.

Məişət xidmətlərində azalma isə 270 milyon manat təşkil edib. Bu xidmətlərə çəkilən ümumi xərc 756 milyon manata qədər geriləyib.

Adıçəkilən 4 xidmət növünə çəkilən xərcin cəmi xidmətlərdə payı 74,4 faizdir.
 
Əhali bu xidmətlərdən başqa səhiyyə (549 milyon manat), təhsil (425 milyon manat), bank (251 milyon manat) xidmətlərinə də böyük məbləğdə pul xərcləyib.
 
Vasif
     
 
 

OXŞAR XƏBƏRLƏR