Əflatun Amaşov: “Onlayn KİV-lərin dövlət dəstəyi alacaqları ehtimalının böyük olduğunu düşünürəm”

Əflatun Amaşov: “Onlayn KİV-lərin dövlət dəstəyi alacaqları ehtimalının böyük olduğunu düşünürəm”
"İşə məsuliyyətlə yanaşmaq varsa, istər-istəməz novatorluq da olacaq”

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun  müsahibəsini təqdim edirik.

- Əflatun müəllim, keçən ilin sonlarında qədim torpaqlarımızda oldunuz, qədim məscidimizdə namaz qılıb, torpaqlarımızın işğaldan azad olunması üçün dualar etdiniz. Allah qəbul eləsin. Uzun illərdən sonra bu məsciddə bir azərbaycanlı səsi eşidildi. Maraqlıdır, İrəvanda Azərbaycanı xatırladan başqa nələrəsə şahidlik etdinizmi?

- Həqiqətən də İrəvanda olmaq çox qəribə hiss idi. Şəhərdə məscidə baş çəkmək, orada ibadət imkanı əldə etmək isə bir başqa yaşantıdır. Çox şadam ki, dediyiniz kimi, uzun illərdən sonra İrəvandakı məscidə baş çəkən azərbaycanlı məhz mən oldum. Deməzdim ki, şəhərdə Azərbaycanı xatırladacaq konkret nələrisə gördüm. Üzərindən uzun illər keçib. Ermənilər işğal altındakı torpaqlarda azərbaycanlı, türk izi saxlamadıqları kimi, İrəvanda da iz saxlamayıblar. Əlbəttə, konkret abidələr var ki, onlar gerçək tarixə şahidlik edir. Amma təəssüf ki, onların da dünyaya təqdimatı tamam fərqli rakursda aparılır.

- Bir neçə dəfə onlayn medianın maliyyələşdirilməsini təklif etmisiniz. Yaxın gələcək üçün bu təklifin gerçəkləşməsi gözlənilirmi?

- Hər zaman çıxışlarımda bildirmişəm ki, onlayn mediaya dövlətin maliyyə dəstəyi ayırması vacibdir. Bunu əsaslandırmışam da. Bir daha bildirirəm ki, internet media orqanlarının cəmiyyətə təsiri güclənir. Elə etmək lazımdır ki, bu təsir geniş ictimaiyyətin maraq və mənafeləri ilə uzlaşsın. Buna görə də dövlət belə media vasitələrinin fəaliyyətini stimullaşdırmalıdır. Hazırda iş aparılır. Kriteriyalar müəyyənləşdirilir. İnanıram ki, 2019-cu ildə mövcud istiqamətdə ciddi tədbirlər həyata keçiriləcəkdir. Onlayn kütləvi informasiya vasitələrinin dövlət dəstəyi alacaqları ehtimalının böyük olduğu qənaətindəyəm.

- Jurnalistlərin Azərbaycan dilindən imtahan verməsi təklifi səsləndilir. Bu təklif barədə nə düşünrsünüz? Olmalıdımı? Olmalıdısa, mexanizm necə qurulmalıdı?

- Ümumiyyətlə, hər kəs öz dilini mükəmməl bilməlidir. Amma jurnalistika özü dil hadisəsidir. Buna görə də jurnalistlər dilimizin incəliklərini daha səlis bilməlidirlər. Əlbəttə, təhsil pillələrində Azərbaycan dili imtahanları tətbiq edilir. Eləcə də jurnalistika fakültələrinə qəbulda. Bundan başqa, biz qabiliyyət imtahanları zamanı yazılan mətnlərə əsasən abituriyentlərin və bakalavrların dil biliklərini müəyyənləşdirə bilirik. Bu yetərlidirmi? Bəzən yetərli olur, bəzənsə olmur. Burada hər hansı əlavə mexanizm tətbiq edərkən ehtiyatlı olmaq, bir çox cəhətləri nəzərə almaq lazımdır. Konkret olaraq jurnalistlərin Azərbaycan dilindən imtahan verməsindən söhbət gedirsə, bunu işəgötürən kimi redaksiyanın özü də edə bilər. Yəni qanunvericiliyin tələblərini elə qoymaq olar ki, kimlərsə redaksiyada işə qəbul olunmaq istəyirsə, mütləq qaydada redaksiya onların dil biliklərini yoxlasın. Əslində hər hansı KİV istəyirsə ki, peşəkarlarla işləsin, o zaman əlbəttə bu mexanizmi tətbiq etməlidir. Yaxud da məsələni mərkəzləşdirilmiş qaydada təşkil etmək olar. Yəni vahid attestasiya şəklində. Hər bir halda mexanizm üzərində ciddi iş aparılmalıdır ki, qüsursuz olsun.

- Bəzi evsiz jurnalistlər var ki, hər iki dəfə ev veriləndə müraciət ediblər. Hazırda dövlət başçımızın sərəncamı ilə üçüncü bina tikilir. Bu dəfə həmin şəxslərin müraciətlərinə daha diqqətli yanaşılacaqmı? Təbii, söhbət peşəkar jurnalistlərdən gedir.

- Düşünürəm ki, peşəkar jurnalistlərin mənzillə bağlı müraciətlərinə kifayət qədər həssaslıqla yanaşılıb. Onların böyük qismi birinci və ikinci binadan mənzillə təmin ediliblər. Narazı qalanlar da olub. Bunu təbii sayıram. Tanrı hər kəsə şəxsi mənzili olmaq xoşbəxtliyini nəsib etsin. O cümlədən jurnalistlərə də. Mən peşəkarlığın mütləq anlamı üzərində dayanmaq istəməzdim. Kimsə kimisə peşəkar saya bilər. Bir başqası özünü sayır, başqalarını saymır. Əsas olan odur ki, jurnalistika sahəsində uzun müddət belə desək, külüng vuran şəxslər dövlətin mənzil imtiyazından bəhrələnsinlər. Evsizi də ola bilər, evi olub mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan da, sırf xidmətləri müqabilində mənzil alan da. Hər üç amil əsas götürülür.

- Əflatun müəllim, bilirsiniz ki, Faktor.az xəbər portalı yeni iş sisteminə keçib. Bu sistemin dünya mediasında alternativi yoxdur. Fiziki məhdudiyyətli, kimsəsizlər evindən yaşa görə çıxan istedadlı gəncləri işə cəlb edir. Onlara jurnalistikanın müxtəlif sahələrini öyrədir. Həmçinin bu şəxslər operatorluq, montaj işi, fotoqraflıq, tərcüməçilik, proqram tərtibatı, SMM kimi sahələr də öyrədilir. Uzun illərin qələm adamı kimi işimizi bəyənirsinizmi? Faktor.az-da daha nələri görmək istərdiniz, bizə tövsiyyəniz nədir?

- Faktor.az işini daha təkmil qurmağa çalışan və buna nail ola bilən onlayn media vasitəsidir. İşə məsuliyyətlə yanaşmaq varsa, istər-istəməz novatorluq da olacaq. Fiziki məhdudiyyətli insanlara qayğı ilə yanaşmaq xüsusilə təqdirəlayiqdir, onların cəmiyyətə daha sıx inteqrasiyasını təmin etmək eyni zamanda bəşəri missiyadır. Bu mənada saytın fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Faktor.az istedadlı insanların gerçək jurnalistika naminə əziyyətlərinin bərhəsini görməyə layiq olduqları məkan kimi gələcəkdə daha da inkişaf edəcəkdir.faktor.az

OXŞAR XƏBƏRLƏR