ƏƏSMN-nin müəllifi olduğu təbliğat dövlət əleyhinə təbliğatdır – EKSPERTDƏN İTTİHAM DOLU AÇIQLAMA

ƏƏSMN-nin müəllifi olduğu təbliğat dövlət əleyhinə təbliğatdır – EKSPERTDƏN İTTİHAM DOLU AÇIQLAMA
 

"Dünya Bankının verdiyi rəqəmlərə inanıram, nəinki qeyri-peşəkarların hazırladığı yerli rəqəmlərə”.


Sfera.az-a açıqlamasında bu sözləri Dünya Bankının Azərbaycanda yoxsulluğun səviyyəsilə bağlı verdiyi rəqəmlərin yerli rəsmi qurumların göstərdiyi statistikadan kəskin fərqlənməsinə münasibət bildirərkən iqtisadçı ekspert Cümşüd Nuriyev deyib.


Onun sözlərinə görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 10 faizdən aşağı deyil:"Yoxsulluğun səviyyəsilə bağlı Azərbaycan daxilində deyilənlərlə kənarda deyilənləri müqayisə edəndə mütləq beynəlxalq təşkilatların verdiyi rəqəmləri daha etibarlı hesab etmək olar. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin apardığı tədqiqatlar müasir standartlara uyğundur. BMT-də də göstəriblər ki, Azərbaycanda yoxsulluq və işsizliyin səviyyəsi heç də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmlərilə uyğun deyil”.


Həmsöhbətimizin fikrincə, ƏƏSMN-nin bu istiqamətdə apardığı təbliğat əslində dövlət əleyhinə aparılan təbliğatdır: "ƏƏSMN bu rəqəmləri daha çox manipulyasiya edir. Əslində qurumun hazırda apardığı təbliğat dövlət əlehyinə aparılan bir təbliğatdır. Qurama rəqəmlərin ortada olması Azərbaycana heç də başucalığı gətirmir. Heç bir dövlər özündə olan işsizlik və yoxsulluğun səviyyəsini gizlətməklə nəsə qazanmır. Ən inkişaf etmiş ölkələrdə belə işsizliyin səviyyəsi 8-10 faiz civarındadır. Bu mənada ƏƏSMN yoxsulluqla bağlı verdiyi rəqəmlər ona görə yalandır ki, Azərbaycanda bağlanan əmək müqavilələri 10 aylıq-1 illik bağlanır. İkincisi, bağlanan əmək müqaviləsinin həyata keçməsinə nəzarət mexanizmi yoxdur. Digər tərəfdən, müvəqqəti açılan iş yerləri daimi iş yerləri deyil, amma müvafiq qurumlar onu daimi iş yeri kimi qeydə alır. Yəni müqavilələrin yenidən bağlanmasını həmin qurumlar yeni iş yerləri kimi təqdim edirlər. Bu amiləri nəzərə aldıqda, Azərbaycanda hazırda yoxsulluq səviyyəsi 10 faizdən aşağı deyil. Bu qorxulu rəqəm deyil. Dövlət canlı orqanizmdir. Düzgün diaqnoz qoyulanda həmin dövlət möhtəşəm olur. Çünki hansı sahədə gərginlik varsa, diqqət də ora yönəlir və problemi həll edirlər. Amma Azərbaycanda yalan o qədər ayaq açıb ki, qeyri-peşəkarların vəzifədə olması artıq özünü göstərməkdədir. Bu mənada Dünya Bankının verdiyi rəqəmlərə inanıram, nəinki qeyri-peşəkarların hazırladığı yerli rəqəmlərə”.


Qeyd edək ki, Dünya Bankının 2019-cu ilin yanvarında açıqladığı və 2015-ci ilin yekunlarına görə təqdim etdiyi "South Caucasus in Motion" adlı analizində Azərbaycanda ən aşağı yoxsulluq səviyyəsi Bakıda qeydə alınıb, cəmi 16 faiz. Ən yüksək rəqəm isə Gəncə-Qazax iqtisadi rayonundadır, 33 faiz. Halbuki hökumətin uzun illərdir elan etdiyi rəsmi statistik hesabatlarda ölkəmizdə yoxsulluq səviyyəsinin 5 faiz olduğu iddia edilir.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR