“ƏDV geri al” sistemində problem – Çeklərin ikinci surətini çıxarırlar?
13:52 / 23.03.2021
3016
Artıq ölkədə vətəndaşların əksəriyyəti "ƏDV
geri al” sistemindən istifadə edir. Lakin zaman-zaman bununla bağlı probemlər də
müşahidə olunur. Belə ki, sosial şəbəkələrdə bəzi alıcılar çeklərin ikinci surətinin
çıxarıldığını iddia edir və ya yalnız böyük mağazalarda bu sistemdən yararlana
bildiklərini deyir, ƏDV-nin geri qaytarılması zamanı müəyyən maneələrin
yarandığını bildirirlər.
Maraqlıdır, Azərbaycanda ƏDV sistemi ilə bağlı
hansı çatışmazlıqlar var? Qeyd edilən şikayətlər niyə öz həllini tapa bilmir?
İqtisadçı-ekspert Eldəniz Əmirov Sfera.az-a
açıqlamasında qeyd edib ki, ƏDV qaytara biləcəyimiz çeklər yeni nəsil
aparatları vasitəsilə mümkündür:
"Çeklərin surətinin ikinci dəfə çıxarılma
ehtimalı yoxdur. Bilirsiniz, çeklərdə QR kod və ya unikal identifikator (fiskal
İD) mövcuddur və onlardan istifadə etməklə ƏDV-ləri geri qaytara bilirik. Əgər
bu kodlardan kimsə əvvəlcədən istifadə etmiş olsa, yükləyən zaman bununla bağlı
sizə məlumat gələcək. Yəni, qeyd edilən QR kod və ya unikal identifikator artıq
istifadə olunub. Bu baxımdan çeklərin surətini çıxarmaq yox, oğurlamaq – yəni
sizdən öncə kiminsə götürməsi mümkün ola bilər. Adətən kassada oturanlar
götürülməyən çekləri yığır və özləri istifadə edirlər”.
Ekspert bəzi marketlərdə ƏDV-nin qaytarılmama
faktlarından da söz açıb: "Qeyd etdiyim kimi ƏDV-nin qaytarılma sistemi yeni nəsil
kassa aparatlarının verdiyi çeklər üzərindən mümkün olur. Köhnə aparatların
verdiyi çeklərdə isə QR kod və unikal identifikator yoxdur. Bəzi marketlər yeni
nəsil aparatlarından istifadə etmirlər. Bəzilərində isə belə aparatlar məhdud
saydadır. Bu baxımdan kimsə şəxsən ƏDV üçün kod tələb etsə, o zaman yeni
aparatdan istifadə edərək çeki müştəriyə verirlər. Əks halda, vermirlər. Başqa
sözlə, məsuliyyətsizlik edərək qanunu pozurlar. Çünki vətəndaşa bunu mütləq şəkildə
təqdim etmək lazımdır. Kiçik marketlərin demək olar ki, heç birində yeni nəsil
aparatlar mövcud deyil və problemlər də burdan yaranır”.
Müsahibimizin fikrincə, bu gün ƏDV sistemi ilə
bağlı ölkədə əsas problem ticarət mərkəzlərində, alqı-satqı yerlərində,
mağazalarda məhz yeni nəsil kassa aparatlarının olmamasıdır:
"Bu aparatlar bəzilərində olsa da, əksəriyyətində
yoxdur. Ona görə də insanlar ƏDV-dən yararlana bilmirlər. Digər tərəfdən
düşünürəm ki, ƏDV prinsipinin şamil edildiyi çevrə məhduddur. Məsələn,
yanacaqdoldurma məntəqələrində və bir sıra yerlərdə ƏDV-nin geri alınma
prinsipi işləmir. Bu, əslində vətəndaşı düşünərək edilən addım deyildi. Ödənişlərin
və ticarət dövriyyəsinin şəffaflaşdırılması, iqtisadiyyatın ağardılması,
alqı-satqının qeydiyyata alınması, vergidən yayınmanın qarşısının alınması kimi
məqsədlər daşıyırdı. Bu vasitə ilə alıcı öz ödədiyi pulu rəsmiləşdirməyə və məhsuldan
ƏDV-nin 10-15 faiz həcmində vəsaitin qalmasına maraqlı olurdu. Ona görə də vətəndaş
satıcıdan çek tələb edir və bu isə iqtisadiyyatın ağardılmasına stimul verən
addımdır. Bəs niyə digər yerlərdə ƏDV geri qaytarılmırdı? Çünki həmin yerlərdə
onsuz da ödənişlər çek vasitəsilə həyata keçirilirdi. Bayaq dediyim kimi, məsələn,
yanacaqdoldurma məntəqəsində və ya digər bu kimi obyektlərdə proses onsuz da rəsmi
olduğuna görə ƏDV geri al sistemi tətbiq edilmirdi”.
E.Əmirov ƏDV sistemi ilə bağlı digər
çatışmazlıqların mövcud olduğunu bildirib: "Qanunvericiliyə əsasən, əgər müştəri
onlayn qaydada , yəni kart vasitəsilə ödəniş edirsə, ƏDV-nin 15 faizi geri
qaytarılır. Nağd ödənişlərdə isə bu rəqəm 10 faiz olur. Kifayət qədər fərq
olduğunu görmək mümkündür. Bu isə onu deməyə əsas verir ki, hər kəs onlayn
qaydada ödəniş etməyə maraqlı olmalıdır. Lakin bütün alış-veriş mərkəzlərində
pos-terminallar varmı?
Əsas problem budur. Bölgələrdə, kəndlərdə ümumiyyətlə
bundan söz gedə bilməz. Rayon mərkəzlərində isə yalnız böyük marketlərin bəzilərində
post-terminallar var, yeni nəsil aparatı ümumiyyətlə yoxdur. Bakının özündə,
tutaq ki, "Elmlər Akademiyası” metrostansiyasından universitetə qədər yolun
qırağında sırayla düzülən mağazaların 10-nundan yalnız 3-4-də terminal var,
qaldı ki, onlayn ödənişlər. Şəffaflığın və iqtisadiyyatın ağardılması istiqamətində
irəliləyiş əldə etmək istəyiriksə, mütləq bütün ticarət obyektləri məcburi şəkildə
post-terminallarla , o cümlədən yeni nəsil kassa aparatları ilə təmin edilməlidir”.
Günay Rəsulqızı
Sfera.az