Əcnəbilərin banklarımızda olan əmanətləri azalır – SƏBƏB NƏDİR?

Əcnəbilərin banklarımızda olan əmanətləri azalır – SƏBƏB NƏDİR?

Azərbaycan banklarına ölkə vətəndaşları ilə yanaşı əcnəbilər də əmanət yerləşdirir.


Son statistik məlumatlara əsasən banklarda əmanətlərin azalmasına təsir edən səbəblərdən biri də əcnəbilərin öz pullarının bir hissəsini banklardan götürməsidir. Əcnəbilərin əmanətlərində azalma 2012-ci ildən bəri ən aşağı həddə enib. Mayın 1-nə olan məlumata əsasən əcnəbilərin əmanətlərinin dəyəri 371,6 milyon manat həddinə düşüb. Ötən ilin sonunda əcnəbilərin 434,2 milyon manat, yanvarında 423,1 milyon manat, fevralında 621,3 milyon manat, martında 457 milyon manat əmanəti olub.


Sfera.az xatırladır ki, əmanətlərin azalmasına apreldə 2 bankın bağlanması da təsir edib. Həmin banklarda əcnəbilərə məxsus böyük həcmdə əmanət olub. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 2020-ci ilin 1 mayında əcnəbilərin əmanətlərində azalma son bir ay ərzində 19%, illik müqayisədə isə 38% baş verib.


Əcnəbilərin əmanətlərinin 101,2 milyon manatı milli valyutamızda, 270,4 milyon manatı isə xarici valyuta yerləşdirilib. Bununla da son bir ayda milli valyutada depozitlərin 10% (10,6 milyon manat) və xarici valyutada isə 22% (74,7 milyon manat) azalma olub.


Qeyd edək ki, 1 may 2020-ci il tarixinə Azərbaycanda əhalinin 7 milyard 758 milyon manat əmanəti var. Bu isə son bir ayda 493,7 milyon manatlıq azalma deməkdir. Mərkəzi Bank buna aydınlıq gətirərək bildirib ki, bu aprel ayının 24-də bağlanan iki bankla əlaqəlidir. Göründüyü kimi bu il əcnəbilərin əmanəti ilə yanaşı, ölkə vətəndaşlarının da əmanəti azalır. Bəs, bu azalmalar nə ilə bağlıdır?


Azərbaycanda əmanətlərin azalmasına təsir edən bir neçə hadisə baş verdi. Həmin hadisələr ardıcıl baş verdiyindən əmanətlərdə davamlı azalma oldu.

Devalvasiyanın ardından 2017-ci ildə əmanətlər 6,8 milyard manata qədər azalmışdı. Həmin ilin ikinci yarısından başlayaraq manatın məzənnəsinin sabit olması və bankların bağlanması prosesinin dayanması yenidən əmanət qoyuluşunu artırdı. Nəticədə 2017-ci ilin sonunda əmanətlərin həcmi 7,5 milyard manatı, 2018-ci ildə 8,3 milyard manatı, 2019-cu ilin oktyabrında 8,8 milyard manatı ötdü. Əmanətlərin həcmi artmaqla yanaşı manatla olan əmanətlərin xüsusi çəkisi də yüksəlirdi. 2017-ci ilin birinci yarısında əmanətlərin 25 faizə qədəri manatla saxlanılırdısa, 2019-cu ilin sonunda 45 faizi manatla saxlanılan əmanətlər oldu. Əcnəbilərin əmanətlərində isə artım uzun müddət baş vermədi. 2015-ci ilin sonunda əcnəbilərin 1,2 milyard manatdan çox əmanəti var idi. Sonra əmanətlər davamlı azalaraq 2019-cu ildə 470-480 milyon manata qədər düşdü. Ötən il əcnəbilərin banklarımızda olan pulunda artım əlamətləri var idi, lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvindən sonra yenidən azalma qeydə alındı. Bu, ümumən əmanətlərdəki azalmaya təsir etdi. Yəni, ötən ilin oktyabrından əmanətlərin azalması birmənalı olaraq əcnəbilərin davranışı ilə bağlı oldu. Onlar ötən ilin son 2 ayında banklardan 200 milyon manatdan çox əmanət çıxartdı və nəticədə ümumən əmanətlər azaldı. Bu iki ay ərzində az da olsa Azərbaycan vətəndaşlarının əmanətləri artdı.


Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi ilə yanaşı bankların əmanətlərə verilən faizləri xeyli azaltması da əmanət qoyuluşuna ciddi təsir göstərdi. Faizlərdə azalma həm manatda, həm də xarici valyutada qeydə alındı. Xarici valyutada olan faizlər böyük banklarda hətta 1 faizdən də aşağı düşdü. Manatla olan əmanətlər isə 6-8 faizlə qəbul edilirdi. Belə bir vəziyyətdə 2020-ci ilin əvvəlindən həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbilərin pulundə azalma başladı. Azərbaycan vətəndaşlarının əmanəti yanvar-aprel ayları ərzində 8,2 milyard manatdan 7,4 milyard manata qədər, əcnəbilərin əmanətləri 434 milyon manatdan 372 milyon manata qədər gerilədi.


Əmanətlərdəki azalmaya martda devalvasiya qorxusunun yaranması və apreldən 4 bankın bağlanmasının da ciddi təsiri var. Devalvasiya ehtimalı ilə əlaqədar martda böyük həcmdə manatla olan əmanətlər banklardan çıxarılıb. Apreldə isə iki bank bağlandığına görə həmin banklarda olan əmanətlərin dəyəri statistik məlumatlardan çıxarılıb. Bankların bağlanması ilə əlaqədar mayda da əmanətlərdə azalma davam edəcək. Çünki mayda daha 2 bank bağlanıb.


Əgər bankların bağlanması dayanarsa və neftin bahalaşması davamlı olarsa, iyundan banklarda olan əmanətlərin həcmində artım baş verəcək. Əcnəbilərin Azərbaycan banklarında olan əmanətlərin həcmində artımın isə bir qədər gec baş verəcək.

 

 

Vasif

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...