Əbədi ömür – DEPUTAT İSMAYIL ŞIXLIDAN YAZDI

Əbədi ömür – DEPUTAT İSMAYIL ŞIXLIDAN YAZDI
İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixinə böyük həcmli əsərləri ilə bərabər, həm də hekayələri, publisist və tənqidi, ədəbi prosesləri əks etdirən məqalə və çıxışları, dərslik və tərcümələri ilə daxil olan görkəmli yazıçı, alim-pedaqoq, ədəbiyyatşünasdır.

O, daim xatırlanan, ən çox oxunan, yerli və xarici oxucuların diqqətini cəlb edən, əsərləri müxtəlif xalqların dilinə tərcümə olunan yazıçılardandır.

Ədibin həyat yolu çətin, mənalı və unudulmazdır. Bu yol çoxlarına örnək ola biləcək qədər qiymətli və şərəflidir. Pedaqoji İnstitutun filologiya fakültəsini bitirib kənd məktəbində müəllim işləyən İsmayıl Şıxlı çox keçmir ki, İkinci Dünya müharibəsinin dəhşətləri ilə üz-üzə gəlir. Şimali Qafqazda, Krımda, III Belarusiya cəbhəsində, Şərqi Prussiya istiqamətində gedən döyüşlərdə iştirak edir, müharibənin ağırlığını bütün varlığı ilə yaşayır, insanlığa, bəşəriyyətə qənim kəsilən alman vəhşilikləri onun həyatında silinməz izlər qoyur. Sözsüz ki, müharibənin dəhşətləri sonralar bu gənc oğlanın bir vətəndaş, yazıçı kimi formalaşmasına, həyata daha açıq gözlə baxmasına, dövrün, zamanın reallıqlarını qiymətləndirməsinə böyük təsir göstərmiş, onu mətinləşdirmiş, yeni mübarizələrə hazırlamışdır.

Millilik, mübarizlik, qətiyyət, humanizm, vətənpərvərlik İsmayıl Şıxlı şəxsiyyətini və yaradıcılığını səciyyələndirən və yazıçını milyonlarla oxucuya sevdirən başlıca cəhətdir. O, həyatının bütün dövrlərində – cəbhədə, ali məktəb müəllimi olduğu, deputat kimi fəaliyyət göstərdiyi, Yazıçılar İttifaqının katibi, redaktor kimi çalışdığı illərdə, harada olursa-olsun öz xalqının mövqeyindən çıxış etmiş, azərbaycanlı adını uca tutmuş, hər an vicdanının səsinə səs vermişdir.

İsmayıl Şıxlı öz həyatı, fəaliyyəti, yaradıcılığı ilə Azərbaycan xalqının qəlbində silinməz izlər buraxmış, elə bir örnək olmuşdur ki, bu nümunələrdən minlərlə insan bəhrələnmiş, düzgün, mənalı həyata istiqamətlənmişdir. Ümummilli lider Heydər Əliyev yazıçının fəaliyyətinə yüksək qiymət verərək demişdir: "Azərbaycan xalqının böyük bir nəslinin layiqli övlad, əsl vətəndaş və hərtərəfli şəxsiyyət kimi yetişməsində sizin əməyiniz böyükdür. Siz istedadlı yazıçı, müdrik və mahir pedaqoq, mübariz vətəndaş kimi xalqın qəlbində əbədi məskən salmısınız. Belə bir sevgiyə layiq görülmək ən böyük səadətdir”.

Ulu öndərin qeyd etdiyi kimi, İsmayıl Şıxlı əsl vətəndaş, milli köklərə söykənən, milli-mənəvi dəyərlərimizi qiymətləndirən, onları ömrü boyu təbliğ edən bir insan, yazıçı idi. Onun şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil edir, bir-birini tamamlayır.

Müasir Azərbaycan ədəbiyyatının elə nümayəndələri var ki, onların yaradıcılıqları ilə şəxsiyyəti arasındakı əlaqənin tipologiyasını ya ümumiyyətlə müəyyənləşdirmək çətindir, ya da belə bir əlaqə absurd xarakter daşıyır. Belə ədiblərin əsərləri oxunsa da, təhlil edilsə də, mətn heç bir halda şəxsiyyətə gətirib çıxarmır. Onların əsəri bir, şəxsiyyəti isə bir başqa fikir oyadır. Bütövlük görünmür, əməllə söz uyğun gəlmir.

İsmayıl Şıxlıya münasibətdə isə məsələ tamamilə fərqlidir. Onun zəngin nəsr yaradıcılığı ilə bağlı milli ədəbi-nəzəri fikrimizdə mövcud olan araşdırmalar etnik-milli məsələləri əhatə etməklə, həm də yazıçının şəxsiyyətinə doğru yönəlir, bu böyük insanın mənəvi dünyasına səyahət edir. Çünki İsmayıl Şıxlı əsərlərində özünün, malik olduğu xalqın ruhunu, duyğularını, baxışlarını, əxlaqını, mədəniyyətini əks etdirir, çox zaman qəhrəmanlarının timsalında öz şəklini çəkir, öz obrazını işıqlandırır, qəlbindən keçənləri qələmi ilə ifadə edir. Professor, görkəmli alim Nizami Cəfərovun təbirincə desək: "Azərbaycan ədəbi-mədəni, ictimai-estetik təfəkküründə İsmayıl Şıxlı obrazı yazıçının yaratdığı obrazlardan, əgər belə demək mümkünsə, daha mükəmməl, daha məşhur, daha bədiidir… O, həyatı, fəaliyyəti, yaradıcılığı ilə təkrarsız bir obraz – İsmayıl Şıxlı obrazı, qeyri-adi bir metafora – İsmayıl Şıxlı metaforası yaratdı”.

İsmayıl Şıxlı bütün hallarda – pedaqoq, ictimai-siyasi xadim, yazıçı, vətəndaş kimi öz obrazını yaratmağı bacardı. Tələbələri uzun illər keçməsinə baxmayaraq onu mehriban, müdrik, tələbkar bir müəllim kimi xatırlayırlar. Nəinki xatırlayırlar, öz əməlləri, fəaliyyətləri ilə hörmətli müəllimlərinin borcunu qaytarmağa, gənc nəsli milli-mənəvi dəyərlərə, Vətənə, xalqa sədaqət ruhunda tərbiyə etməyə çalışırlar. Onlar harada olduqlarından, hansı vəzifədə işlədiklərindən asılı olmayaraq bir həqiqətə-haqqa, ədalətə, insanlığa, elmə inanır, bu keyfiyyətlərin İsmayıl Şıxlı kimi daşıyıcılarına, yaradıcılarına hörmətlərini ifadə edirlər.

Zaman bəzən insanları dəyişdirir, onlar üçün məqbul olmayan müəyyən xüsusiyyətləri diktəsi ilə edib qəbul etdirir, təmiz ada kölgə salır, ədalətsizliyə yol açır. İsmayıl Şıxlı isə zamanın bütün keşməkeşlərindən, əzab-əziyyətlərindən mətanətlə çıxan, dünyanın malına-dövlətinə uymayan, vəzifə havasında xumarlanmayan, taleyin qismətinə qane olub haqqı başının üstündə görən və ləyaqətini, adını hər şeydən uca tutan bir insan idi.

İsmayıl Şıxlı bir ictimai-siyasi xadim kimi yaddaşlara əbədi həkk olunan vətəndaşdır. O, xalqının sevinci ilə sevinən, kədərini ürəyində yaşadan, haqq söyləyən bir ziyalı kimi həmişə insanlar arasında olardı. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı bu hislər özünü daha qabarıq göstərdi. O, həmin dövrdə Azərbaycan Kommunist Partiyasının plenumunda Sovet İttifaqı rəhbərlərinin birinin qarşısında Qorbaçov komandasının "ermənilərin əlində oyuncaq” olduğunu söyləmiş, çəkinmədən onları "milli və siyasi xəyanətkarlar” adlandırmışdır. Kommunist Partiyası rəhbərlərinə etiraz və nifrət əlaməti olaraq 45 il sıralarında olduğu partiyadan çıxdığını bildirmişdir.

Görkəmli yazıçı dövrün reallıqlarını görür və dəqiq qiymətləndirirdi. Məhz buna görə də keçən əsrin 80-ci illərində xalqımızın tarixi, keçmişi ilə bağlı məsələlərdə ziyalı mövqeyindən çıxış edir, insanları tarixin dərslərindən ibrət götürməyə səsləyir, erməni təcavüzkarlarının əməlləri, tarixi hadisələr, faktlar barədə tutarlı fikirlər söyləyirdi. Bir deputat, vətəndaş kimi səmərəli fəaliyyət göstərirdi.

O, Azərbaycan xalqının iradəsinə, mətinliyinə inanırdı. "Xalqı qırmaqla onun iradəsini qırmaq olmaz” fikrində olan yazıçı öz çıxışları, bəyanatları, ağıllı kəlamları ilə xalqı azadlığa, düşmənə qarşı kəskin mübarizəyə həvəsləndirirdi.

O, bəzən dili ilə deyə bilmədiklərini qələmi ilə deyir, milli taleyimizlə, keçmişimizlə, adət-ənənələrimizlə bağlı fikirlərini yeni-yeni məqalələrə, mətnlərə, əsərlərə çevirirdi.

İsmayıl Şıxlı öz əsərlərində millətin ruhuna can verən, bu ruha ölməzlik gətirən, əbədilik qazandıran bir yazıçıdır. Əlbəttə, bu ruh xalqın səsidir, düşüncəsidir, dünyagörüşüdür, taleyidir və yazıçı Azərbaycan xalqının böyüklüyünü, mərdliyini, xeyirxahlığını, dostluğunu, vətənpərvərliyini öz əsərləri ilə hər bir oxucuya çatdırmaq, dünyaya bəyan etmək istəyirdi.

Milli ruh, milli məfkurə, milli adət-ənənələr və xalqın varlığına, keçmişinə sədaqət, ehtiram, hörmət hissi İsmayıl Şıxlı yaradıcılığının mayası, təməl daşıdır.


İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlsə də, ancaq özünü nəsrdə tapıb və müasir ədəbiyyatımızda nəsrin ən görkəmli nümayəndəsi kimi şöhrətlənib. Yazıçının "Kerç sularında”, "Dağlar səslənir”, "Daşkəsən”, "Ayrılan yollar”, "Dəli Kür”, "Ölən dünyam” və sair əsərləri ədibə ümumxalq məhəbbəti qazandırmışdır.

"Dəli Kür” romanı nəsrimizin şah əsərlərindən sayılır və yazıçı istedadının nələrə qadir olduğunu, səviyyəsini ortaya qoyur. Romandakı epoxal qarşıdurma, keçmiş və gələcəyin toqquşması zəminində ənənəçilik və yenilikçiliyin üz-üzə durması əslində, epos təfəkkürünə məxsusdur. Yadımıza salaq ki, epos mifoloji düşüncə ilə tarixi düşüncənin lövhələrini yaradan, hər iki düşüncənin detallarını özündə əks etdirən janr kimi ziddiyyətlərin, qarşıdurma və toqquşmaların təzahürüdür. Romanın əsas qəhrəmanı kimi Cahandar ağa özündə epos təfəkkürünə məxsus obrazların əlamət və davranışlarını yaşadır. Onun şəxsində bir sıra qarşıdurma detalları cəmlənmişdir. O, bir tərəfdən mühafizəkardırsa, keçmişin ifadəçisidirsə, digər tərəfdən mütərəqqi qərar və addımları ilə yeniliyə meyillidir. Cahandar ağa hər şeydən əvvəl, müəyyən dəyərlərin daşıyıcısıdır. Onun davranışını bu dəyərlər şərtləndirir. Dünyanın harmoniyası ilə bağlı onun təsəvvüründə bütöv bir konseptual yanaşma mövcuddur. O, ailə, namus, şərəf, kişilik, qeyrət və sair barədə görüşlərini fərdi olaraq özü üçün müəyyənləşdirməmişdir. Bu dəyərləri xalq yaddaşından hazır şəkildə qəbul etmişdir. Daha doğrusu, o, bu dəyərləri özündə əks etdirən canlı xalq yaddaşının daşıyıcısıdır.

Romandakı hadisələrin ilk növbədə Cahandar ağa obrazının xalqın ruhundan, milli təfəkküründən qaynaqlanması, əsərdəki hadisələrin, detalların, baxışların milli ruha köklənməsi "Dəli Kür”ü fərqləndirən, sevdirən başlıca cəhətdir. Oxucunu cəlb edən, cazibə dairəsinə salan, zaman-zaman düşündürən də məhz bu ruhun böyüklüyü, varlığı, daşıyıcılarıdır. Əlbəttə ki, İsmayıl Şıxlı özü xalq yaddaşının daşıyıcılarının, təbliğatçılarının öncüllərindən biri olmasaydı, ailə, namus, kişilik, ləyaqət kimi dəyərli keyfiyyətləri özündə birləşdirməsəydi, xalqın ruhunun aynası olan "Dəli Kür” kimi bir əsəri yarada bilməzdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dəli Kür” romanı haqqında söylədiyi fikirlər əsəri səciyyələndirmək, İsmayıl Şıxlı yaradıcılığını qiymətləndirmək baxımından çox xarakterikdir: "İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək-mənəvi əxlaqi keyfiyyətlərə malik surətlərlə, zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifələr yazmış söz ustalarındandır. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır”.

Azərbaycan nəsrinin qiymətli nümunələrindən olan "Dəli Kür” romanı ayrı-ayrı tarixi dövrləri, ictimai ziddiyyətləri, zamanın keşməkeşlərini, əlbəttə ki, milli psixologiyamızı, insani dəyərlərimizi, torpaq, vətən, xalq təəssübkeşliyimizi bədii dildə, real şəkildə əks etdirmək baxımından dəyərlidir və heç zaman öz qiymətini itirməyəcəkdir. Çünki roman elmi tədqiqata ən çox cəlb olunan, haqqında saysız-hesabsız məqalələr yazılan, mülahizələr gözlənilən əsərlərdəndir.

İsmayıl Şıxlının ədəbi, elmi, pedaqoji fəaliyyəti çoxsahəli və zəngindir. O, pedaqoq kimi bir çox dərsliklərin müəllifidir. Onun yazdığı "XVIII əsr xarici ədəbiyyat tarixi”, "XIX əsr xarici ədəbiyyat tarixi” kitabları xarici ölkə klassiklərinin yaradıcılığını öyrənmək, təhlil etmək sahəsində hər bir oxucuya, tələbəyə yeni imkanlar yaradır.

Böyük yazıçı həyatda olduğu kimi, sənətdə də çox tələbkar, prinsipial idi. Ədəbiyyatda müasirlik problemlərinə, ədəbi tənqidə həsr olunmuş məqalələrində bu xüsusiyyətlər özünü aydın büruzə verir. Ədəbi tənqid onu daim düşündürmüş və bu sahədə vəziyyəti yaxşılaşdırmaq, yeni tənqidçi nəslin yetişməsi üçün o, əlindən gələni əsirgəməmiş, obyektiv mövqeyindən çıxış etmiş, yazıçıya keçmiş xidmətlərinə görə yox, yazdığı əsərin bədii keyfiyyətinə əsaslanıb qiymət verməyi tövsiyə etmişdir. Onun tənqidi məqalələri bu gün də aktuallığını itirməmişdir.

İsmayıl Şıxlı qeybətdən uzaq, sözü insanın üzünə deyən, daim haqqın tərəfində olan bir insan idi. O, şana-şöhrətə meyil etməz, təvazökarlığı ilə seçilərdi. Şəxsiyyətini daim uca tutar, sanbalını saxlayar, sözünün, hərəkətlərinin qiymətini bilərdi.

İsmayıl Şıxlının əsərləri bir çox xalqların dilinə tərcümə olunmuş və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Sağlığında dövlət və xalq tərəfindən yazıçının xidmətləri yüksək qiymətləndirilmiş, o, bir çox orden və medallarla təltif edilmiş, fəxri adlara layiq görülmüş, mötəbər beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir.

Ölümündən sonra da İsmayıl Şıxlının xatirəsi əziz tutulur. Adı əbədiləşdirilir, əsərləri çap olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin "İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2019-cu ildə imzaladığı sərəncam unudulmaz yazıçıya olan hörmət və ehtiramın əyani ifadəsidir və bu, böyük şəxsiyyətin öz xalqının qəlbində əbədi yaşadığını sübut edir.

Bu günlərdə Azərbaycan Milli Kitabxanasının çap etdirdiyi "İsmayıl Şıxlı” biblioqrafik vəsaiti yazıçının xatirəsinə həsr olunmuş sanballı vəsaitdir. Kitabda ədibin həyat yolu, fəaliyyəti, yaradıcılığı, onun haqqında görkəmli şəxslərin fikirləri, yazılan dissertasiyalar və avtoreferatlar, xarici nəşrlər barədə geniş məlumatlar toplanmışdır.

Respublikamızın müxtəlif guşələrində, şəhər və rayonlarında keçirilən çoxsaylı tədbirlər yazıçıya olan ümumxalq məhəbbətindən xəbər verir. Əbədi ömür İsmayıl Şıxlıya həqiqətən də çox yaraşır.

Tahir RZAYEV,

Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru

OXŞAR XƏBƏRLƏR

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...