“Dövlətin 48 milyonunu götürüb, oğlunun işlərini ört-basdır elədi” – sabiq nazir müavininə ittiham

“Dövlətin 48 milyonunu götürüb, oğlunun işlərini ört-basdır elədi” – sabiq nazir müavininə ittiham
2004-2015-ci illərdə "Dövlət Dəmir Yolları” QSC-nin rəhbəri, 2015-ci ildən 2017-ci ilin fevralında Nəqliyyat Nazirliyi ayrıca qurum kimi ləğv olunana qədər nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərov büdcədən ayrılan milyonlarla vəsaiti mənimsəməkdə, oğlunun əməllərinin ört-basdır olunmasına sərf etməkdə günahlandırılır. Onun ünvanına bu ittihamları səsləndirən isə öz qohumu – uzun illər Dəmiryol İdarəsində işləmiş baldızı oğlu Rahib Hüseynovdur.

R.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə 9 il azadlıqdan məhrum edilib. O, birgə biznes adıyla müxtəlif adamlardan pula lıb onları aldatmaqda təqsirləndirilir.

Rahib Hüseynov
Rahib Hüseynov

Sfera.az bizimyolinfo-ya istinadla xəbər verir ki, haqqındakı hökmdən şikayət verən R.Hüseynov Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən ittihamları rədd edib. Bildirib ki, adamlardan milyonlarla vəsaiti xalası oğlu Elnar Əsgərov alıb. Bundan onun ailəsinin də xəbəri olub.

R.Hüseynovun sözlərinə görə, xalası oğlu özü kimi məmur övladlarıyla oturub-dururdu. Həmin pulları da elə onlardan sələmlə almışdı. Deyilmişdi ki, xaricdən dəmiryoluna aid materiallar, qatarlar üçün yataq dəstləri gətiriləcək, baha qiymətə Dəmiryol İdarəsinə təhvil veriləcək. Alınan pulların müqabilində hər ay onlara faiz verilib:

"Bundan hamının xəbəri vardı, Arif Əsgərovun da, həyat yoldaşının da, yəni xalamın. Mən ikiayaqlı inkassator olmuşam. Məni göndəriblər ki, get, filan yerdən bu qədər pulu alıb gətirəcəksən. Getmişəm, dedikləri adamdan alıb gətirmişəm. Yaxud da apar filankəsə bu qədər pul ver, aparıb vermişəm. Elnar guya biznes qururdu özünə. Mən birinci instansiya məhkəməsinə kitabçalar təqdim etmişəm. Orada hamısı var, kimdən nə qədər alınıb, kimə nə qədər verilib. Tarixi ilə, imzasıyla… Adamların faizi verilməyəndə başladılar pullarını tələb etməyə, şikayət elədilər. Bunlar da məni irəli verdilər.

2013-cü ildə məni 6 ay Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində, 5 ay da Kürdəxanı təcridxanasında saxladılar. Bu 11 ayda Arif Əsgərov 30 nəfərə 48 milyon pul payladı. Pul sahiblərindən biri də Qoşqar Zeynalov  idi. Adamdan soruşmazlarmı ki, bu 48 milyonu hardan alıb payladın? Onda Dəmiryol İdarəsinin rəisi idi. Bu adamı ora təyin edəndə yazmışdılar ki, dövlətin pullarından özünə var-dövlət yığmaq, oğlunun əməllərini ört-basdır eləmək üçün istifadə elə? 48 milyon dövlətin pulu idi, Arif Əsgərov onu oğlunun əməllərinə sərf elədi. Çünki o idarə elə bil dövlət idarəsi yox, atasının şirkəti idi. Dəmiryol İdarəsinə Arif Əsgərov və həyat yoldaşı Xatun şəxsi biznesləri kimi yanaşırdı. Milyonlarla pul gəlirdi, xalam da yerbəyer eləyirdi. Vaqonlar üçün 30 manatlıq yataq dəsti 250 manata rəsmiləşdirilirdi. Büdcənin pullarını onların evində axtarmaq lazımdır”.

2013-cü ildə 11 ay ərzində pullar qaytarılandan sonra R.Hüseynov haqqında cinayət işinə xitam verilib, o, azadlığa buraxılıb. 2016-cı ildə Tovuz Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Tofiq Zeynalovun oğlu, Baş Dövlət Yol Polisi İdarəsinin zabiti Qoşqar Zeynalov yenidən şikayət edib, R.Hüseynov haqqında xitam qərarı ləğv edilib. R.Hüseynov bildirir ki, Qoşqarla Elnar bacanaqdılar, onların arasında problem yaranıb, çanaq onun başında sınıb: "Qoşqarın ifadəsində yazılıb ki,  4 milyon 398 min manat pulu mənə guya Dəmiryol İdarəsində gətirib verib. Orada nə qədər kamera vardı, əgər belə bir hal olsaydı, o görüntüləri sübut kimi ortaya qoyardılar. O idarəyə işçilərə özlərinə nahara yemək gətirməyə imkan vermirdilər ki, yeməkxanada pul verib yeməlisiniz. Necə oldu, bu adam idarəyə mənim üçün torbada o qədər pul gətirdi, heç kim görmədi? Əlbəttə ki, yalandır”.

Elnar Əsgərov
Elnar Əsgərov

R.Hüseynov ədalətli araşdırma aparılmasını, haqqındakı məhkəmə hökmünün ləğv olunmasını istəyir.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Elnar Əsgərov şahid qismində dindirilib. O, xalası oğlunun söylədiklərini təkzib edib. Bildirib ki, xalası oğlu öz ziyanlarını onlara ödətdirmək məqsədilə bu cür yalanlar danışır.

Xatırladaq ki, Elnar Əsgərov hələ 2008-ci ildə Londonda təhsil alarkən öz əvəzinə imtahana saxta sənədlərlə başqa birini göndərdiyinə görə həm onun özü, həm də imtahana gedən şəxslə bağlı araşdırmalar başlanmış, bu barədə Britaniyanın bir çox qəzetləri yazmışdı.



OXŞAR XƏBƏRLƏR