Arzu Nağıyev: “Paşinyan məğlubiyyətləri ilə barışmadığını nümayiş etdirməyə çalışsa da...”

Arzu Nağıyev: “Paşinyan məğlubiyyətləri ilə barışmadığını nümayiş etdirməyə çalışsa da...”
 

Ermənistan ordusunda baş verən müəmmalı ölüm halları və intiharlar Nikol Paşinyan hökumətinin yuxusunu qaçırıb. Baş verənlərə görə Dağlıq Qarabağdakı separatçı qurumda təmsil olunan hərbçilərin, o cümlədən oyuncaq rejimin "müdafiə naziri”nin istefaya getməsi də Ermənistandakı etirazlara son qoymur.

Hazırda bütün diqqət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın qeyri-döyüş vəziyyətində baş verən əsgər ölümlərinə görə istefaya gedəcəyinə yönəlib. Ancaq Davtyan istefaya getməyi düşünmədiyini açıq şəkildə bildirib. Parlamentdəki qapalı müzakirələr zamanı o deyib ki, qeydə alınan 13 ölüm faktından 4-ü insidentlə bağlıdır, lakin bu hallar manipulyasiya üçün əsas olur. Qərargah rəisi qeyd edib ki, silahlı qüvvələrdə kadr dəyişikliyi baş verir və cəmiyyət bu barədə məlumatlandırılacaq.

Paşinyan ordu sistemində kadr dəyişikliyinin olacağını anons edib. O, Ermənistanda ordu və cəmiyyət arasında parçalanma olduğunu da etiraf edib. "Ordu və cəmiyyətə dair bir bölünmə yoxdur. Biz bir ailə, vahid orqanizmik”, deyən baş nazir orduda ölüm halları ətrafında vəziyyəti gərginləşdirməməyə, həmçinin bu mövzu ətrafında neqativ fon yaratmamağa çağırıb.

Yaranmış situasiyada Azərbaycan Ordusunun təlimlər keçirməsi də düşmənə xəbərdarlıq kimi qiymətləndirilir. "Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən "Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlim şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar qarlı-şaxtalı havalarda, gündüz və gecə şəraitində şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Taktiki fəaliyyətlər zamanı qarlı ərazilərdə şəraitə uyğun maskalanmış snayper cütlükləri şərti tapşırıqları yerinə yetiriblər. Qarlı-şaxtalı, çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları, döyüş vasitələri və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb gecələyiblər. Taktiki-xüsusi təlimdə şiddətli soyuqlarda qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi məşq etdirilib. Beynəlxalq xilasetmə kurslarında təcrübə qazanmış xilasedicilərin də cəlb edildiyi təlimdə qar uçqunları zamanı istifadə olunan xüsusi təyinatlı "Biper” aparatı və şuplar vasitəsilə axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib. Dağlarda döyüş əməliyyatları aparan zaman ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək yaralıların təxliyəsi qaydalarını, praktiki döyüşü mükəmməl mənimsəmiş xüsusi təyinatlı və xilasedici bölmələr təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar. Hərbi təlimlərin İrəvanın 50 km-liyindəki ərazidə keçirilməsi düşmənə ciddi mesajdır.

"Hazırkı durum ”tufanqabağı sakitliy"i xatırladır. Hazırda Qarabağ konfliktinin tərəfləri fasilə götürüb: bu, İrəvana öz daxili problemlərinin həlli, Bakıya isə qondarma Dağlıq Qarabağdakı ”seçki"nin nəticələri üçün lazımdır".

Bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına deyib (Axar.az). Onun sözlərinə görə, Azərbaycan anlayır ki, hər şey onların planlarına uyğun getməsə, qondarma Qarabağın indiki rəhbərliyi torpaqların qaytarılması barədə sənədlərin imzalanmasına mane olacaq: "Proses Bako Saakyan getdikdən sonra başlaya bilər. Mən düşünürəm ki, Paşinyanın İlham Əliyevlə Qarabağa dair razılaşması var. Hər şey xarici işlər nazirlərinin bağlı qapılar arxasında 11 saat davam edən görüşündə həll edilib. Bu vəziyyət bizə tərəflərin planı olması ilə bağlı güman irəli sürmək imkanı verir”.

Fevralın 15-i Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatdan sonra artıq heç kimdə şübhə qalmayıb ki, Azərbaycan heç zaman Ermənistana güzəştə getməyəcək.

Maraqlı mənzərə yaranıb: Ermənistanı himayə edən qüvvələr N.Paşinyanın Münhendə rəzil günə düşməsini, həmçinin Ermənistanda yaşanan gərginlikləri uzaqdan seyr edir və hər hansı mövqe ortaya qoymurlar. Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidenti məhz prezident Putinin iştirak etdiyi tədbirdə "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı verərək işğalçı Ermənistanın baş nazirinə kəskin cavab vermişdi. O zaman da Rusiya müdrikcəsinə susmuşdu və bu, Ermənistanda narahatlıq yaratmışdı.

*****

"İlk baxışdan elə gəlir ki, Ermənistanda baş verən proseslər müxtəlif dövlətlər tərəfindən sakit və seyrçi mövqedən qarşılanır. Lakin bu, heç də belə deyil. Zənnimcə, Münhen Təhlükəsizlik Konfransından sonra həm Ermənistanda, həm də ümumiyyətlə, onların havadarları arasında - Rusiyada, Avropada narahatlıqlar var. Narahatlıq da münaqişənin hərbi yolla həllindən doğur”.

Politoloq Arzu Nağıyev bu fikirləri "Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi şərhçi qeyd etdi ki, son vaxtlar təmas xəttində atəşkəs daha çox pozulur: "Yəni kənardan ”fasilə yaranıb" kimi baxışlar heç də həqiqəti əks etdirmir. Məlumdur ki, Azərbaycan artıq şərtləri diktə edən tərəf kimi cavab gözləyir. Əsas məqam ondan ibarətdir ki, doğrudan da Paşinyan hərb yolundan qorxur və bu, təkcə regionda müharibənin alovlanması ilə bağlı qorxu deyil. Eyni zamanda son vaxtlar orduya qarşı olan münasibətdən doğur. Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaarla da görüşündə münaqişənin ancaq sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib və hərb yolunun olmayacağı haqqında zəmanət verib. Klaarın David Tonoyanla da görüşü olub, həmin zəmanət orada da səsləndirilib".

A.Nağıyev bildirdi ki, Ermənistanda vətəndaş cəmiyyəti və ordu arasında sülh şəraitində itkilərlə bağlı dərin bir böhran yaşanır və Paşinyanı qorxudan amillərdən biri də budur: "Çünki qondarma qurumun ”müdafiə naziri" Karen Obramyan və Ermənistan hərbi polisinin rəhbəri Artur Baqdasaryan 2020-ci ilin 1 yanvarından 17 fevral 2020-ci il tarixinə qədər 13 hərbçinin qeyri-hərbi əməliyyat şəraitində ölümündə birbaşa cavabdehlik daşıyırlar və onların istefası məsələsi də gündəmdədir. Bu isə cəmiyyətdə iğtişaşlara gətirib çıxara bilər. Digər məsələ qondarma qurumda bu ilin 31 martında keçiriləcək "prezident və parlament seçkiləri”dir. Bu da cəmiyyətdə qıcıq yaradan və perspektivi olmayan bir məsələ kimi dəyərləndirilir".

Politoloq qeyd etdi ki, Ermənistan cəmiyyəti bu məsələdə separatçıları dəstəkləmir: "Lakin Paşinyan və onun komandası separatçı rejimin rəhbərliyində öz adamlarını görmək ümidi ilə siyasi gedişlər edir. Təəssüf doğuran məsələ də ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər sükut nümayiş etdirir. Hətta istisna deyil ki, bu ”seçkilərə" müşahidəçilər göndərib sonra da bu "dövlətin mövqeyi deyil” kimi bəyanatlar verəcəklər".

A.Nağıyev onu da qeyd etdi ki, bir sözlə, Paşinyan son məğlubiyyətləri ilə barışmadığını nümayiş etdirməyə çalışsa da, vəziyyət onun xeyrinə deyil.

Və belə bir durumda Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın ilk məhkəmə iclasının vaxtı məlum olub. "Sputnik Ermənistan” xəbər verir ki, "dizel işi” üzrə məhkəmənin hazırlıq iclası fevralın 25-də, saat 15:00-da keçiriləcək.

Paşinyan Qarabağ klanının cinayətkar liderlərindən daha birini bu şəkildə zərərsizləşdirməyi düşünür. Ancaq bu kimi planlar Paşinyan hakimiyyətini qoruyacaqmı, demək çətindir. Xüsusilə də Ermənistanın "ağası”nın şübhəli sükutu da çox şeyi deyir. Prezident Putin Robert Köçəryanın həbsdən buraxılması üçün dəfələrlə çağırış edib və artıq bu mövzu qapanıb. Lakin bu, o demək deyil ki, Moskva Paşinyanla anlaşıb. Münhen debatının zəif bəndini çətin günlər gözləyir... 



OXŞAR XƏBƏRLƏR