Dünya Azərbaycanlılarının IV Qurultayı başa çatıb - FOTO

Dünya Azərbaycanlılarının IV Qurultayı başa çatıb - FOTO

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 4-də Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iclasda çıxış edərək bildirdi ki, iki gün davam edən qurultayda səmərəli müzakirələr aparıldı, maraqlı ideyalar səsləndirildi. Qurultayın açılışında prezident İlham Əliyevin tarixi nitq söylədiyini vurğulayan Komitə sədri dedi ki, bu nitq diaspor üzvlərinin gələcək fəaliyyəti üçün proqram xarakterli oldu.

Sonra Qurultayın "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri", "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya", "Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində", "Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak" mövzularında keçirilən panel iclaslarının moderatorları müzakirə olunan məsələlər barədə qısa məlumat verdilər. Bildirildi ki, bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmiz naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək, əlaqələndirməni daha da möhkəmləndirmək üçün gözəl platforma oldu. Panel iclaslarda vurğulanıb ki, dövlətimizin başçısının qurultaydakı nitqi vahid qüvvəyə çevrilmək və azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoydu. Moderatorlar qeyd etdilər ki, qurultayın iştirakçıları bundan sonra da Azərbaycan həqiqətlərinin dünyada yayılmasında səylərini əsirgəməyəcəklərini bildiriblər.

Qurultayın əhəmiyyətindən danışan, bu tədbirdə iştirak edən azərbaycanlıların diasporumuzun avanqard hissəsi olduğunu deyən Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının yaranma tarixindən söhbət açdı. Qeyd etdi ki, azərbaycanlıların birliyi və həmrəyliyi ideologiyası ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman həyata keçirilib. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edilməsi, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bunun sübutdur. Ulu öndər fəaliyyətində diaspor quruculuğu işinə daim xüsusi diqqətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycançılıq ideyası bir dövlət ideyası kimi formalaşdı, onun məzmunu və forması müəyyənləşdirildi. Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, onların təşkilatlarının fəaliyyətinin genişləndirilməsi ilə bağlı 17 sərəncam imzaladığını bildirən prezidentin köməkçisi vurğuladı ki, dünya azərbaycanlılarının bir araya gəlməsi onların Vətənlə bağlılığının, birlik və həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Əli Həsənov qeyd etdi ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal və nümunəvi olmalı, həmçinin bu ölkələrin cəmiyyətlərinə inteqrasiya etməlidirlər. Prezident İlham Əliyevin nitqində diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyduğunu xatırladan Əli Həsənov vurğuladı ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının birliyi məsələsi çox önəmlidir. Bu, azərbaycançılıq ideyasının qorunması, möhkəmləndirilməsi və inkişafı baxımından vacibdir.

Prezidentin köməkçisi dedi ki, dünya azərbaycanlıları arasında virtual informasiya əlaqələrinin, dünya azərbaycanlı iş adamları birliyinin yaradılması məsələsi də çox önəmlidir. Bundan başqa, diaspor təşkilatları arasında tərəfdaş mühitin formalaşması, əlaqələndirmə işi də vacibdir.

Sonra təkliflər də nəzərə alınmaqla qurultayın yekun sənədləri qəbul olundu.

İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etdilər.

Daha sonra Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olundu.

Qurultay iştirakçıları növbəti dəfə prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçdilər.

Qurultayda Əlaqələndirmə Şurasının tərkibi 109 nəfər olmaqla təsdiqləndi.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Şuranın icra katibi vəzifəsinə seçildi.

Yekun iclasda, həmçinin fəallığı ilə seçilən diaspor təşkilatlarının rəhbərlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin plaketləri təqdim olundu.

Bununla da, Dünya Azərbaycanlılarının IV Qurultayı başa çatdı.


OXŞAR XƏBƏRLƏR