Dünya Azərbaycanı ədalətli danışıqlara inandırmalıdır – Ekspertdən açıqlama

Dünya Azərbaycanı ədalətli danışıqlara inandırmalıdır – Ekspertdən açıqlama

 

"İndi Azərbaycan və Ermənistan arasında münaqişəsnin həlli ilə bağlı baş tutacaq danışıqlardan danışmaq tezdir. Azərbaycan dövləti və xalqı yanlız müəyən şərtlər daxilində danışıqlara inana bilər”.


Bunu Sfera.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev bildirib. Ekspert danışıqlara inamın qaytarılması şərtlərini açıqlayıb:

 

 

"Prezident də çıxışında vurğuladı ki, bundan sonrakı danışıqlar ədalətli olmalıdır. Bu da ki, Ermənistan ordusunun işğalda olan torpaqlardan tamamilə çıxması anlamına gəlir. İndiki mərhələdə danışıqlar mərhələsindən danışmaq da tezdir. Çünki Azərbaycanın tələb və maraqları Ermənistan tərəfindən qarşılanmır. Buna görə də Azərbaycan ordusu müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edir.

 

İşğal faktı aradan tam qalxarsa atəşkəsin qalıcı olması ilə bağlı müqavilə imzalaya bilərik. Bu da yanlız danışıqlarda vasitəçi olan tərəflərin Ermənistana Azərbaycanın ərazi bütövlüyünü qəbul etdirməsindən sonra baş tuta bilər. Eyni zamanda onlar artıq bizə qarşı gücdən istifadəni dayandırmalıdırlar. Onlar özlərini Azərbaycanda qalacaq ermənilərin himayəçisi kimi görməməlidirlər.

 

 

Düşünürəm ki, hərbi sahədə öz torpaqlarını işğaldan azad edən dövlətin diplomatik sahədə də mövqeyi güclü olacaq. Bu mənada Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və beynəlxalq sahədə imzalanan bir müqavilə ilə bunun təsdiqlənməsi Azərbaycan dövləti üçün vacibdir. Əgər vasitəçi dövlətlər də doğru mövqe ortaya qoyaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərlərsə onda danışıqlara inam yarana bilər”.

 

C.Vəliyev Minsk Qrupunda ermənipərəst ölkənin olduğu kimi Azərbaycanın haqq səsini çatdıra biləcək ölkənin də yer almasının vacibliyinə toxunub:


"Biz görürük ki, Minsk Qrupunda yer alan ölkə Fransa heç bir halda öz neytrallığını qorumur və Ermənistanın yanında yer alır. Belə olan halda ya həmin dövlət Minsk Qrupundan çıxmalı, daha sonra Ermənistanın tərəfində dayanmalıdır. Yaxud, həmin təşkilatda Azərbaycanın da haqlı mövqeyini dəstəkləyən dövlət də yer almalıdır. Amma həmsədr və bu məsələnin həlli ilə məşğul olacaq dövlətlərin kimliyindən aslı olmayaraq Azərbaycan ərazi bütövlüyü və suverenliyi beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində təsdiqlənməlidir.

 

Amma dediyim kimi danışıqların harada və necə başlaması ilə bağlı indi proqnoz vermək çox çətindir. Çünki Ermənistan hazırda Azərbaycanın şərtlərini yerinə yetirmir və onlara heç bir təzyiq olunmur. Belə olan halda da Azərbaycan dövləti danışıqlar prosesinə haqlı olaraq etibar etmir”.


Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR