Dollarla qoyulan əmanətlərin faizləri azaldılır
13:12 / 28.01.2022
589
Azərbaycan bankları xarici valyutada qoyulan əmanətlər və depozitlər üzrə faizləri bir qədər də azaldıb. Bu hal xarici valyutada banklara qoyulan depozit və əmanətlər üzrə gəlirliliyi azaltmaqla bərabər, onların real dəyərinin kiçilməsinə də səbəb olur.
Sfera.az bildirir ki, faiz azalması həm hüquqi şəxslərin, həm də fiziki şəxslərin depozitlərində müşahidə edilir.
Azalma fiziki şəxslərin əmanətlərində daha aydın görünür. 2020-ci ilin sonunda dollarla olan əmanətlər üzrə faizlər illik 2,1 olduğu halda, hazırda 1,8-dir.
Hüquqi şəxslərin depozitlərinə də təklif edilən faizlər azalır. Əvəllər dollarla qoyulan depozitlərə görə 1,15 faiz gəlir əldə edən hüquqi şəxslər indi 1 faiz gəlirlə kifayətlənirlər.
Manatla olan əmanətlərdə isə faizlər qismən artıb. Hazırda manatla olan əmanətlərə görə orta hesabla 9,15 faiz verilir.
Xarici valyutada qoyulan depozit və əmanətlər üzrə faizlərin düşməsi dollarla yığmları azaldıb. 2020-ci ilin sonunda banklarda hüquqi və fiziki şəxslərin 23,67 milyard manat pulu var idi. Həmin pulun 43,6 faizi manatla, qalanı xarici valyutada saxlanılırdı.
2021-ci ilin sonunda depozit və əmanətlərin həcmi 29,03 milyard manat olub ki, bunun da 50,6 faizi manatla saxlanılır. Əhalinin əmanətlərində də manatla olan vəsaitin payı artır. Bir il əvvəl əhalinin banklarda olan 8,18 milyard manatının 49,25 faizi milli valyutada saxlanılırdısa, 2021-ci ilin sonunda 9,241 milyard manata yüksələn əmanətlərin 59 faizi milli valyutadadır.
Qeyd edək ki, depozit və əmanətlərin faiz səviyyəsi həmin vəsaitlərin real dəyərinin qorunmasına birbaşa təsir edir. Məsələn, ötən il ərzində inflyasiya 6,7 faiz olub. Amma manatla olan əmanətlərdə faiz 9,1, xarici valyutada 1,8 faiz təşkil edib.
Müqayisə göstərir ki, ötən il dollarda saxlanılan vəsaitlərin real dəyəri 4,9 faiz kiçilib, manatla olan vəsaitlərin dəyəri isə 2,4 faiz artıb.
Ümumilikdə, manatın məzənnə dəyərinin sabit olduğu 2017-ci ilin mart ayından bəri faiz dərəcələrindəki fərqlə əlaqədar olaraq dollarla saxlanılan əmanətlərin real dəyəri 10 faiz azalıb. Manatla olan əmanətlərin isə real dəyəri 25 faizdən çox artıb.
Vasif
Sfera.az