Dollar 2 manat olacaqmı? – Ekspert DANIŞDI

Dollar 2 manat olacaqmı? – Ekspert DANIŞDI
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) ilin sonuna qədər uçot dərəcəsini artırmaqda maraqlı deyil. Bunun səbəbi ABŞ iqtisadiyyatında müşahidə edilən problemlərlə izah edilir. Çünki proqnozlaşdırılan artıma nail olmaq mümkün olmayıb. Bu baxımdan FES dolların kəskin möhkmələnəcəyindən ehtiyatlanır.
Bu barədə axar.az-a iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspertin sözlərinə görə, dolların dünya bazarında kəskin bahalaşması nəticə etibarilə ABŞ-ın ixrac qabiliyyətinin azalmasına, məşğulluqla bağlı problemlərin yaşanmasına gətirib çıxara bilər:

"Hər halda, bu qərarı tam dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil. Çünki FES-dən zaman-zaman fərqli qərarlar eşitmək mümkündür. İndiki məqamda hətta FES uçot dərəcəsini artırmasa belə, dolların dünya bazarında kəskin ucuzlaşması müşahidə edilməyəcək”.

İqtisadçı bildirib ki, FES-n faiz dərəcələrini artırmaması Azərbaycan üçün vacibdir:

"Uçot dərəcəsi artırılsaydı, bu, milli valyutalara təzyiqi daha da artıracaqdı. Eyni zamanda, neftin qiymətində daha hiss edilən azalmalar müşahidə ediləcəkdi. Ancaq bu, baş vermədi. Yəni FES-in son qərarı praktik olaraq manata yeni təzyiqlərin qarşısını aldı”.

Qeyd edək ki, FES 26-27 iyulda, iki gün davam edən iclasın yekununda uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

FES-in toplantılarında səsvermə hüququna malik olan Nyu York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli isə bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb.

OXŞAR XƏBƏRLƏR