DÜNYAYA BÖYÜK BƏLA: 2 saatda insanı öldürür: “Mavi ölüm”

DÜNYAYA BÖYÜK BƏLA: 2 saatda insanı öldürür: “Mavi ölüm”
Dünyada vəba təhlükəsi yenidən baş qaldırıb. Haitidə 2010-cu ildəki dəhşətli zəlzələdən sonra yayılan vəbanın nəzarət altına alınmasından qısa müddət sonra bu dəfə Yəməndə təhlükəli vəziyyət yaranıb. Bu ölkədə vəba xəstəliyindən son iki ay ərzində minlərlə adam ölüb. Ölənlərin dörddə biri uşaqlardır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında məlumat yer alıb. Xəstəliyə yoluxanların sayının azı 200 min nəfər olduğu deyilir. Artıq Yəmən paytaxtında fövqəladə vəziyyət elan edilib. Mütəxəssislərin fikrincə, xəstəliyin yayılma səbəbi pis həyat şəraitidir. Ölkədə 2014-cü ildən iqtisadi böhran davam edir.

Vəba necə yayılır?

Vəba vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeskion xəstəliyidir. Bağırsaq infeksiyası sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. 

Vəba xəstəliyində ölüm halları yüksəkdir. Hesablamalara görə, vəbaya yoluxanlar təcili müalicə edilmədiyi təqdirdə qısa müddətdə 50 faizi dünyasını dəyişir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu və xloramin məhlulunun təsirindən tez məhv olur. Buna görə də su hövzələrində təmizləmə işləri aparılır.

Cəsəd su hövzəsinə atıldı və dəhşətli nəticə...

Mütəxəssislər bildirir ki, xəstəlik nəcis bulaşmış çirkli su, ya da bu su ilə yuyulmuş qidalar vasitəsi ilə yayılır. Buna görə kanalizasiya və ya sutəmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Məsələn, Haitidə dəhşətli zəlzələdən sonra əsgərlər cəsədləri su mənbələrinə atırdılar və qısa müddətdə vəba bütün ölkədə yayılmağa başladı. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, ölüm halları sürətlə artar. 

Hindistandan dünyaya...

Vəba çox qədim tarixə malik xəstəliklərdən biridir. Bu xəstəlik haqqında e.ə. 5-ci əsrə aid sanskrit dilindəki mənbələrdə məlumatlar var. Vəba epidemiyası barədə ilk dəfə Qanq çayı hövzəsində yaşayan insanlar məlumat verib. Buna görə də vəbanın ilk dəfə Hindistanda yayıldığı irəli sürülür. 
Xəstəlik ilk dəfə 1817-ci ildə qonşu Rusiyaya daşınıb. Bundan sonra vəba digər Avropa ölkələrində, həmçinin Amerikada müşahidə olunub. 

Milyonlar vəbadan ölür

Ötən 200 il ərzində 7 vəba pandemiyası baş verib. İndoneziyada 1961-ci ildə başlayan epidemiya kütləviləşib və qısa müddətdə ölü sayı kəskin artıb. 2010-cu ildə Haitidəki zəlzələ də özü ilə vəba gətirib. 700 min nəfər bu ölkədə vəbaya yoluxub və ölü sayı 9 mindən çox olub. Vəbanın yayılmasına səbəb cəsədlərin içməli su mənbələrinə atılması olub. Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan ölüb. 1827-1835-ci illərdə 150 min amerikalı vəbaya qurban gedib. Hindistanda 1900-1920-ci illər arasında 8 milyondan çox insan vəbadan ölüb. Vəbadan ölən məşhurlar sırasında fizik Sadi Karnot (1832), Fransa kralı X Şarl (1836), ABŞ-ın 11-ci prezidenti Ceyms Noks Polk (1849) də var. 

İsti havada milçəklərdən qorunun

Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlar olur. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsi ilə olur. Ancaq yay aylarında təhlükə daha da artır, çünki bu zaman milçəklər də vəba yayır. Həkimlər bildirir ki, vəba vibrionlarının tətbiq imkanlarını zəiflədən faktorlar mövcuddur - vəba törədiciləri xarici mühit və fiziki-kimyəvi vasitələrin təsirinə çox davamlı deyil. Yəni, onları müxtəlif vasitələrlə məhv etmək, eləcə də yayılmasının qarşısını almaq mümkündür. Eyni zamanda vəbaya qarşı vaksinlər də var və onlardan əsasən təhlükənin çox olduğu ölkələrə gedənlər istifadə edir. Bu peyvəndlər 6 ay müddətində təsirli olur.

"Mavi ölüm” necə gəlir?

Vəba ishalla başlayır. Böyük miqdarda sulu ishal vəbanın ən çox müşahidə edilən simptomudur. İlk anda diqqətə alınmadığı təqdirdə ishal o qədər kəskin ola bilər ki, insan bir neçə saat içində dehidrasiyadan ölə bilər. Vəba çox nadir hallarda birbaşa insandan insana yoluxur. Şəffaf maye qusmaq vəbanın əsas simptomlarından biridir. Bu simptomlar adətən, qəflətən başlayır. Onlar əsasən insan yoluxduqdan 12 saat sonra özünü göstərir. Ancaq bu müddət bir qədər uzun da çəkə bilər. Bəzi hallarda 5 gün sonra vəbanın ilk əlamətləri üzə çıxır. Araşdırmalar göstərir ki, müalicə edilmədiyi təqdirdə vəbaya yoluxanların yarısı vəfat edir. Çünki ishal nəticəsində onların bədənlərində sağ qalmağa kifayət edəcək qədər su və elektrolit (duz) qalmır. 
Vəbadan ölən şəxslər böyük miqdarda bədən mayesi itirdiklərinə görə dəriləri mavi rəngə çalır, bu səbəbdən vəbaya "mavi ölüm” deyilir. 

Uşaqlarda yuxarıda sadalanan simptompalarla yanaşı ürəkgetmə, koma, yuxululuq, qızdırma, qicolma da özü-nü göstərə bilir. Bu da onların orqanizminin yaşlılara nisbətən daha dayanıqsız olmasıyla bağlıdır. 

Ölüm 2 saatda gəlir 

Vəbanın ən təhlükəli növünə yoluxmuş şəxs xəstələndikdən 2 saat sonra da vəfat edə bilər. Bu qısa müddət onu müalicə etmək üçün fürsət vermir. Amma bununla belə vəba həm də asanlıqla müalicə oluna bilən xəstəlikdir. Rehidrasiya duzları ağız vasitəsi ilə qəbul edildiyi zaman 80 faizdən çox xəstə müvəffəqiyyətlə müalicə oluna bilər. Dehidrasiyanı müalicə etmək üçün ya ağız vasitəsilə, ya da damara tələb edilən mayeni yeritməklə xəstəni nəzarət altına almaq mümkündür. Orqanizmi kəskin şəkildə susuzlaşmış xəstələrə damardaxili maye vurulmalıdır. Kalium-xlorid və natrium-xlorid (duz) kimi əhəmiyyətli elektrolitlər verilir, bəzi hallarda antibiotik təyin olunur. 

Azərbaycanda narahatlıq üçün əsas var?

Təbii ki, Yəməndə vəbadan ölüm hallarının çoxalması barədə məlumatlar Azərbaycanda da narahatlığa səbəb olub. Mütəxəssislər isə ölkəmizdə narahatlıq üçün heç bir əsas olmadığını bildirir. 
Taun Əleyhinə Stansiyadan "Cümhuriyət” qəzetinə bildirilib ki, Azərbaycan vəba və bu qəbildən olan yoluxucu xəstəliklərin qarşısının alınmasında böyük əhəmiyyət daşıyan profilaktik tədbirlərin uğurla görüldüyü ölkələrdəndir. Stansiyada vəba xəstəliyinin laborator müayinəsi aparılır. Hər il mayın 1-dən oktyabrın sonunadək həftədə bir dəfə olmaq şərti ilə açıq su mənbələrindən nümunələr götürülərək vəba xəstəliyinə görə yoxlanılır. Eyni zamanda kəskin bağırsaq infeksiyalı xəstələr də ilboyu vəba xəstəliyinə görə yoxlanılırlar. Bu günə qədər nə su nümunələrində, nə də kəskin bağırsaq infeksiyası olan xəstələrdə vəba xəstəliyinin törədicisi olan vəba vibrionları aşkar edilib. Əgər ölkəyə giriş zamanı sərhəd-buraxılış məntəqəsində şübhəli məqam aşkarlanarsa, həmin şəxslə bağlı dərhal müvafiq qurumlar məlumatlandırılır. Ölkə sərhədlərində sanitar-karantin məntəqələrində sorğuya cəlb olunan xəstələr arasında vəbaya yoluxduğu şübhəli bilinən xəstə aşkarlanmayıb. Ümumiyyətlə isə ölkəmizdə son 20 ildə vəbaya yoluxma qeydə alınmayıb. 

Necə qorunaq?

Oktyabr ayına qədər içməli su hövzələrində, dənizlərdə, çimərliklərdə, su kranlarında və respublika ərazisində vəba üçün təhlükəli sayılan ərazilərdə monitorinqlər davam edəcək. Xüsusilə, yay aylarında isti hava şəraitində milçəklər vəbanı daha da tətikləyə bilir. İndiyə qədər laboratoriyaya daxil olan analizlərin nəticələri vəbaya yoluxma hallarının olmadığını göstərsə də mütəxəssislər ehtiyat tədbirləri vacib hesab edir. Bu tədbirlərə isə aşağıdakılar aiddir:Tualetdən sonra əlləri möhkəm sabunlamaq, suyu sterlizə etmək, meyvə-tərəvəzi yumaq. Vəbalı xəstəyə toxunmuş hər bir əşya ya basdırılmalı, ya da dezinfeksiyaedici vasitələrlə təmizlənməli və qaynar suda, mümkündürsə, xlordan istifadə etməklə qaynadılmalıdır. Vəbadan dünyasını dəyişən adamın məzarı isə daha dərin qazılır və üzərinə azı 25 sm qalınlığında əhəng tökülür. (cebhe)
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...