\"Diqlas\" sahibkarlarının kredit borclarına güzəşt ediləcək
26 martda Bakının Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində burada ticarətlə məşğul olan sahibkarlara xeyli miqdarda ziyan dəyib.
Azərbaycan Banklar Assosasiyasından "Yeni Sabah"a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı ölkə Prezidentinin çağırışına cavab olaraq yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kömək göstərilməsi məqsədilə banklarda kredit borcu olan sahibkarların kreditlərinin restrukturizasiya olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların) bağışlanması, faizlərinin aşağı salınması məsələri Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 29 mart 2019-cu il tarixdə keçirilmiş iclasında müzakirə olunub.
Qeyd olunan məsələ ilə əlaqədar çıxış və təkliflər dinlənildikdən sonra "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib.
İclasın sonunda Azərbaycan Banklar Assosiasiyasının üzvləri "Diqlas” ticarət mərkəzində zərər çəkmiş sahibkarlara köməklik məqsədilə böyük humanist addım atdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmiş, ölkəmizin inkişafı naminə hər zaman Azərbaycan Respublikasının Prezidentinin yanında olacaqlarını bəyan ediblər.