Dilimiz türk dilidir, bunun müzakirəyə belə ehtiyacı yoxdur - RƏYLƏR
"Mahiyyət etibarı ilə burada elə bir fərq yoxdur.Dilimiz yenə də türk dilidir, amma onun adı şüurlarımıza Azərbaycan dili kimi hopub”.
Sfera.az-a açıqlamasında bu sözləri son günlər mətbuatda dilimizin adı ilə bağlı dartışmalara münasibət bildirərkən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri MəhərrəmZülfüqarlı deyib:
"Bu məsələ ətrafında 1995-ci ildə Konstitusiya referendumu ərəfəsində böyük bir diskussiya keçirildi. Bir sıra yazıçılar, Bəxtiyar Vahabzadə dilimizin türk dili olduğunu faktlarla sübut etdi. Digərləri isə başqa fikirdə idilər. Birmənalı olaraq dilimiz türk dilidir. Bunu inkar etmək olmaz.Keçən əsrin 30-cu illərinə qədər bütün sənədlərdə millət olaraq türk kimi qeyd edilirdik”.
Məhərrəm Zülfüqarlı hesab edir ki, müasir dövrün şərtlərinə diqqət yetirmək də lazımdır: ”Bir var, entik millətçilik, bir də var, dövlət millətçiliyi. Etnik millətçilik tarixdə mühüm qəhrəmanlıqlarda , hadisələrdə böyük rol oynayan bir hadisədir.Məsələn, 90-cı illərin sonlarında Azərbaycanda qalxan milli-azadlıq hərəkatında etnik millətçiliyin mühüm rolu oldu.Lakin etnik millətçilik çox zaman böyük dövlətlərin əlinə separatçılıq toxumu səpmək üçün müəyyən əsaslar da verir.Azərbaycanda böyük dövlətlər tərəfindən qızışdırılaraq yaradılan erməni separatçılığı, "Sadval” və qondarma Talış Muğan Respublikasının yaradılması fonunda bunun şahidi olduq. Ona görə də böyük dövlətlərin separatçılıq təzyiqlərindən qurtarmaq üçün 1995-ci il Konstitusiyasında türkçülükdən azərbaycançılıq ideologiyasına keçdik. Mahiyyət etibarı ilə burada elə də fərq yoxdur”.
Yazıçı publisist Mehriban Vəzir də dilimizin türk dili adlandırılmasının tərəfdarıdır: "Burada dartışmalıq bir şey yoxdur. Rəsmi şəkildə dilimiz Azərbaycan dili kimi təsbit olunsa da əslində dilimiz türk dilidir. Mərhum prezident Əbülfəz Elçibəyin dövründə Konstitusiyada da yazılmışdı ki, dövlət dili türk dilidir. Ancaq sonradan gələn hakimiyyət yenidən dəyişərək dilimizin azərbaycan dili olduğunu bəyan etdi”.
Elçin
Sfera.az