\"Deyəsən, heyvanlarınız çox savadlıdır...\" - Xruşov Bakı səfərində nəyə təəccüblənmişdi?

\
SSRİ-nin dövlət başçılarının ölkə daxilində müttəfiq respublikalara səfərlərinə yerlərdə həmişə ciddi hazırlıq işləri görülüb, bu cür səfərlər əlamətdar hadisə sayılıb, onları yolboyu gül-çiçəklə, qırmızı şüarlarla qarşılayıblar.
 
Adətən baş katiblər müttəfiq respublikalara əlamətdar günlərdə səfər ediblər, yeni obyektlərin açılışlarında iştirak edən liderlər sıravi vətəndaşlarla görüşməyə də vaxt ayırıblar. Birincilərin iştirakı ilə respubliknın partiya və təsərrüfat fəallarının iclası keçirilib, bu cür toplantılarda yeni öhdəçiliklər qəbul edilib. Səfər zamanı baş katiblər üçün xüsusi ziyafət də təşkil olunub. Sözsüz ki, sovet liderlərinin səfərləri zamanı maraqlı hadisələr də az olmayıb. Nikita Xruşovun Azərbaycana səfər etdiyi zaman baş verən hadisələr kimi...



Nikita Xruşov Azərbaycana 1960-cı ilin aprel ayında, sovet Azərbaycanının 40 illiyi münasibətilə səfər edib. Baş katibin Azərbaycana təşrifi maraqlı hadisələrlə yadda qalıb. SSRİ rəhbərinin Bakıya səfəri zamanı respublika üçün əhəmiyyətli olan bir sıra məsələlər də öz həllini tapıb.

Sfera.az saytı Soverlər Birliyi liderinin vaxtilə Azərbaycana etdiyi səfər zamanı baş vermiş hadisələrlə bağlı yazını təqdim edir.  

Nikita Xruşov Bakıya xüsusi qatarla gəlib. Bakı vağzalanda onu respublika rəhbərliyi, elm, mədəniyyət və incəsənət xadimləri, sıravi vətəndaşlar, tələbə və şagirdlər böyük təntənə ilə qarşılayıb. Qarşılanma mərasimindən sonra maşın karvanına üz tutan Xruşov vağzal ətrafındakı kiçik həyət evlərinə nəzər yetirib və ayaq saxlayıb. Ali qonaq Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovdan soruşub:

- Vağzal hər bir şəhər haqqında ilk təəssürat yaradan yerdir, şəhərin girişidir. Paytaxt girişindəki bu kiçik və yöndəmsiz daxmalar nədir?
 
Axundov görüşün ilk dəqiqələrindəki bu iraddan pərt olsa da, baş katibin sualına cavab tapıb:

- Nikita Sergeyeviç, bu daxmalarda şəhər sakinləri əsasən ev heyvanları saxlayırlar.

Xruşov Axundovun bu cavabına kinayəli təbəssümlə cavab verib:

- Sizin heyvanlarınız deyəsən, çox savadlıdır. Daxmaların hamısının üstündə antenalar var.



Nikita Xruşovun respublika stadionunda alovlu çıxışı alqışlarla qarşılanıb. Stadionda SSRİ rəhbərinə Azərbaycanın milli baş geyimi olan papaq hədiyyə olunub. Xruşov dərhal şlyapasını çıxardaraq papağı başına qoyub, şlyapasıyla isə görüşə toplaşanları salamlayıb.

Həmin görüşdə sıravi bir milis əməkdaşının hərəkəti də Xruşovun diqqətindən yayınmayıb. Toplaşanlar arasından bir qadın Xruşova məktub vermək istəyəndə milis əməkdaşı kobud şəkildə onun qarşısını almaq istəyib. Bunu görən Xruşov çox kəskin və sərt şəkildə milis əməkdaşına iradını bildirib və məktubu qadından alıb.

Xruşovun Azərbaycana səfəri ilə Bakı metropoliteninin tikintisinin yeni mərhələsi başlanıb. Məlum olduğu kimi, Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alınıb. Qərarın icrası uzun illər yalnız sənəd üzərində qalıb. Təbii ki, Böyük Vətən Müharibəsi illərində də bu haqda düşünülməyib. Nəhayət, 1951-ci ildə çox kiçik templə metronun tikintisinə başlanılıb. Ancaq qısa bir müddətdən sonra, 1953-cü ildə vəsaitin çatışmazlığı ucbatından tikinti işləri dayandırılıb. Məhz Xruşovun Bakı səfəri zamanı bu məsələ öz həllini tapıb, tikinti işləri davam etdirilməyə başlayıb.

Xruşovun Azərbaycana səfəri zamanı dənizdə neftçıxarma sahəsində olan bir çox problemlər də həllini tapıb. Sovet rəhbəri Neft Daşlarında olarkən bu şəhəri möcüzə adlandırıb. Məhz onun göstərişi ilə Neft Daşlarında yeni binalar inşa edilməyə başlanıb, burada işləyənlərin ərzaq və məişət əşyaları ilə yüksək təminatı öz müsbət həllini tapıb, yeni texnikalar və texniki avadanlıqlarla təchizat məsələləri kimi problemlər yoluna qoyulub.



Həmin dövrdə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini ermənilər növbəti dəfə gündəmə çıxarıblar. Dağlıq Qarabağda yaşayan ermənilərin çoxsaylı təklif məktublarının Kremlə göndərilməsi xüsusi şəkildə təşkil olunub. Ermənilər ümid ediblər ki, Xruşov hakimiyyəti dövründə öz məkrli planlarını həyata keçirə biləcəklər. Hətta onlar elə düşünüblər ki, sovet Ermənistanının 40 illiyi münasibətilə Xruşov İrəvana təşrif buyuranda Dağlıq Qarabağı onlara hədiyyə edəcək. Bu düşüncədə olan erməni millətçiləri ilk növbədə Mikoyanın Kremldəki mövqelərinə arxayın olublar. Xüsusilə də Mikoyanla Xruşovun arasında olan xoş münasibətlər onlara bu qənaətdə olmağa əsas verib. Mikoyan Dağlıq Qarabağla bağlı bir neçə dəfə öz təklifini Xruşova versə də, bu təkliflər öz müsbət həllini tapmayıb.

Nəhayət, 1964-cü ilin yanvar ayında Nikita Xruşov Mikoyanın layiqli cavabını verib:
 
"Bu gün mən hazıram ki, Dağlıq Qarabağda yaşayan erməniləri bir sutka ərzində Ermənistana köçürmək üçün ora on iki min hərbi yük maşını göndərim”.



Bununla da Xruşov Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi məsələsinə birdəfəlik münasibətini bildirib.

Qeyd etdiyimiz kimi Xruşovun Bakı səfəri zamanı onu respublika rəhbərliyi müşaiyyət edib. Müşaiyyət edənlər arasında ən maraqlı fiqur isə Azərbaycan KP MK-nın ikinci katibi Vladimir Semiçastnı olub. O, 1959-1961-ci illərdə bu vəzifədə çalışıb. Bu həmin siyasətçidir ki, Nikita Xruşov onu 1961-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirib. Və bu həmin DTK sədridir ki, 1964-cü ildə Xruşovun hakimiyyətdən devrilməsində əsas icraçılardan biri olub. Çox yəqin ki, Xruşov bunları əvvəlcədən bilsəydi Vladimir Semiçastnı ilə bağlı lazımi qərarları elə Bakıda verərdi.

Ümumilikdə isə Xruşov Azərbaycana səfərindən razı qalıb, Bakıda respublikanın inkişafı üçün vəd etdiklərini Moskvada yerinə yetirib.
 
İlham Cəmiloğlu
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR