Devalvasiyanın ayaq səsləri, yoxsa... - Banklar dollar satışını niyə günortaya qədər həyata keçirir?

Devalvasiyanın ayaq səsləri, yoxsa... - Banklar dollar satışını niyə günortaya qədər həyata keçirir?
2020-ci ilin yanvarında əhali yenidən nağd dollar alışını artırıb. Bu ayda valyuta hərraclarının sayının artması və hərraclarda 400 milyon dollardan artıq valyutanın satılması da dollara tələbin artdığını təsdiqləyir.

Yanvarda dollara tələb artsa da bank filiallarından dollar almaq çətinləşib. Bunun əsas səbəbi dollar satışının gün ərzində deyil, yalnız günortaya qədər reallaşmasıdır. Bankların əksəriyyəti nağd dollar satışını səhər 09:00-dan 14:00-a qədər həyata keçirir. Satış müddətinin qısaldılması hər gün bank filiallarının qarşısında insan sıxlığının yaranması ilə nəticələnir və əksəriyyət istədiyi qədər dollar ala bilmir.

Banklar niyə iş günü ərzində deyil, yalnız 4-5 saat ərzində dollar satışı aparır?

Adını çəkilməsini istəməyən bank əməkdaşı Sfera.az-a bildirib ki, adətən günün birinci yarısında banklarda olan dollar tam satılıb qurtarır. Dollar qurtardığından günün ikinci yarısında satış olmur. Buna görə də dollar satışına vaxt məhdudiyyəti qoyulub. Əslində isə satılacaq dollar qalmadığından bank filialları satışı daha tez dayandırır.

Bank əməkdaşı dollar ajiotajının "qara bazar”dan qaynaqlandığını iddia edir: "Ajiotajı yaradanlar əsasən "qara bazar” iştirakçıları idi. "Qara bazar”da dollar satanlarından bir neçəsinin saxlanılması ajiotajı zəiflətdi. Həmin şəxslər belə bir "panika” yaymışdılar ki, onlar da dollar tapa bilmir və yaxın vaxtlarda devalvasiya olacaq. Bu kimi həyacanlı xəbərlər dollara tələbi gücləndirdi. Hazırda ictimaiyyətə izah edilir ki, devalvasiya olmayacaq, çünki neft bahalaşır. Ona görə də dollar alışı bir qədər sabitləşib. Yəqin ki, yaxın vaxtlarda günortadan sonra da dollar satışı olacaq”. 

Əməkdaş adətən yanvarda dollar alışının azaldığını da bildirdi: "Yanvar-fevralda dollara tələb aşağı düşür, mart ayından may ayının sonuna qədər tələb yenidən artır, iyun-iyulda sabitləşir, avqustun sonundan noyabra qədər alış zəifləyir və noyabr-dekabrda yenidən tələbdə artım müşahidə edilir”.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə hesab edir ki, dollar satışının saat 14:00-a qədər aparılması karantin qaydaları ilə bağlıdır. O qeyd edib ki, banklar bütün əməkdaşlarını işə cəlb etmir, bəzi işçilər yarım gün işləyir:
 
"Karantinlə bərabər, az sayda işçinin işə çıxması bankların xərclərinə qənaət etməyə imkan verir. İşçi dedikdə yalnız bankın kassasında əyləşən işçiləri nəzərdə tutmuram. Bank gün ərzində nə qədər dolların lazım olduğunu bilmir. Dollar qurtardıqda onu xərc çəkib Mərkəzi Bankdan və ya digər bankdan alıb gətirməlidir. Yarım gün satış olduqda banklar əlavə xərc çəkmədən işlərini tamamlayırlar. Banklar günün birinci yarısında aldıqları qədər də dollar satırlar”.

Ə.Həsənov düşünür ki, əgər vaxt məhdudiyyəti dollar satışını azaltmaq üçün edilirsə, o halda vaxta yox, satış miqdarına məhdudiyyət tətbiq edilərdi: "Gün ərzində də satış olarsa, dollar alışında ciddi fərq olmayacaq. Onsuz da kimə nə qədər dollar lazımdırsa, o qədər də ala bilir.

Böyük məbləğdə, məsələn, yüzminlərlə, milyonlarla ölçülən məbləğdə dollar lazımdırsa, həmin valyutanı birbaşa bank rəhbərliyinə müraciət edərək alırlar.
Xırda alışlar üçünsə kifayət qədər dollar var.

Həm də nəzərə alın ki, indi insanlarda manat da çox deyil və əhali böyük məbləğdə dollar almaq gücünə sahib deyil.”
 
Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR