Devalvasiya olacaqmı? – Hamını narahat edən SUALLARA CAVAB
2021-ci ilin dövlət büdcəsinin layihəsinin təqdim edilməsindən sonra yaranan ilkin reaksiyalardan biri də devalvasiya ilə bağlı oldu. Büdcə layihəsinin qiymətləndirən ekspertlərin bəziləri devalvasiya ehtimalının yüksək olduğunu söylədi. Bəziləri isə buna az ehtimal etsələr də, zəruri tədbir kimi ölkədən xaricə valyuta çıxaran bütün kanalların nəzərdən keçirilməsini təklif edir. Onların fikrincə belə kanalların bəziləri tam qapadılmalı, açıq qalmasına zərurət olan kanallar mümkün qədər daraldılmalıdır.
Devalvasiya mövzusuna Mərkəzi Bankın sədri Elman Rüstəmov da toxunub. E.Rüstəmov qeyd edib ki, pandemiya fonunda manatın devalvasiyası gözlənilmir.
Mərkəzi Bank rəhbəri bildirib ki, artıq pandemiyanın kəskin hissəsi arxada qalmağa doğru gedir. Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nəyin baş vermədiyini vurğulayan E.Rüstəmov nə indi, nə də 2021-ci ildə devalvasiyanı gözləmədiklərini bəyan edib. O deyib ki, təqdim olunan büdcə məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub.
Ekspertlərin və Mərkəzi Bankın rəhbərinin açıqlamasından sonra belə bir sual yaranır: "Hansı halda devalvasiya baş verə bilər?”
Sfera.az bildirir ki, Azərbaycan təcrübəsində devalvasiyanın olması üçün tədiyə balansının əsas hissəsini təşkil edən cari əməliyyatlar balansında davamlı və böyük kəsirin yaranması lazımdır. Devalvasiya məhz cari əməliyyatlar balansında olan kəsiri bağlamaq üçün atılan mühüm addımlardan biridir.
Açıqlanan makroiqtisadi proqnozlar göstərir ki, yaxın gələcəkdə cari əməliyyatlar balansında nəinki kəsirin olması proqnozlaşdırılmır, əksinə yaranacaq müsbət fərqin ildən-ilə artacağı gözlənilir. Cari əməliyyatlara ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilən və göstərilən xidmətlər (turizm, tikinti, nəqliyyat və s.), əldə edilən və ödənilmiş ilkin gəlirlər (əmək haqqı, neft-qaz müqvilələri üzrə ödənilən dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.
Ölkəmizin cari əməliyyatlarında kəsirin yaranması bir qayda olaraq neft-qaz sektoru üzrə ticarətin səviyyəsindən asılıdır. Neft-qaz ixracının dəyəri azalanda cari əməliyyatlarda kəsir yaranır. Neft-qaz ixracının dəyəri isə neftin qiymətindən və satılan neft və qazın miqdarından asılıdır.
Proqnozlara görə 2021-ci ildən həm neft, həm də qaz ixracında artım olacaq. Eyni zamanda qiymətlərdə yüksəlmə gözlənilir.
"Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə əsasən 2021-ci ildə Azərbaycan 11, 341 milyard dollar, 2022-ci ildə 12,4 milyard dollar, 2023-cü ildə 13,162 milyard dollar dəyərində neft-qaz sənayesi malları ixrac edəcək.
Ölkədən neft-qaz sənayesi məhsullarının ixracı tədricə artması fonunda sözügedən məhsulların idxalı üzrə azalma müşahidə olunacağı gözlənilir. Məlumata görə, 2021-ci ildə ölkəyə 1,7 milyard dollar, 2022-ci ildə 1,76 milyard dollar, 2023-cü ildə 1,59 milyard dollar dəyərində neft-qaz məhsulları idxal ediləcəyi proqnozlaşdırılır.
Gələn il ölkədə 34,7 milyon ton neftin hasil ediləcəyi gözlənilir. 2022-ci ildə bu göstərici 35, 96 milyon tona, 2023-cü ildə 37 milyon tona yüksələcək.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 31,7 milyon ton neft hasil edilib, bu da illik müqayisədə 7,7% azdır.
Qaz hasilatında da artım olacaq. Gələn il ölkədə 40,1 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. 2022-ci ildə bu göstəricinin 44,4 milyard kubmetr, 2023-cü ildə 47,9 milyard kubmetr olacağı ehtimal olunur.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 33,3 milyard kubmetr qaz hasil edilib, bu da illik müqayisədə 3,6% çoxdur. Ölkədə əmtəəlik qazın istehsalında da kəskin artım gözlənilir. 2021-ci ildə 29,8 milyard kubmetr, 2022-ci ildə 33,85 milyard kubmetr, 2023-cü ildə 36,6 milyard kubmetr əmtəəlik qaz istehsal edilib.
Neft və qaz hasilatının artması, eyni zamanda ixracın artması cari əməliyyatlar hesabının profisitini də artıaracaq. 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 104,8 milyon dollar olacağı proqnozlaşdırılır.
Uzunmüddətli proqnozlara əsasən, 2022-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisitinin 8,1 dəfə artaraq 847,9 milyon dollara, 2023-cü ildə sözügedən göstəricinin artıq 1,95 milyard dollara, 2024-cü ildə 2,41 milyard dollara bərabər olacağı güman edilir.
Beləliklə, bu proqnozlar göstərir ki, gələn il və sonrakı illərdə cari əməliyyatların vəziyyəti müsbətə doğru inkişaf edəcək və manatın ucuzlaşması üçün ehtimal aradan qalxacaq.
Vasif
Sfera.az