Deputatlar yay tətilini harada keçirəcək? – “Azərbaycanda dincələcəm, amma qiymətlər bahadır...”
16:44 / 30.06.2021
3214
Artıq hər kəs yay istirahətini necə keçirəcəyi ilə
bağlı planlar qurur, səyahət çantalarını hazır edir. Məzuniyyət üçün bölgələri
seçənlər də var, xarici ölkələrə üz tutmaq istəyənlər də...
Maraqlıdır, görəsən Milli Məclisin deputatları yay
tətilini harada və necə keçirəcək?
Sfera.az əməkdaşı bu sualla cavab almaq məqsədilə
parlament bir sıra üzvlərinə müraciət edib.
Deputat Azər Badamov istirahət üçün Qusar rayonunun ən uyğun bölgə
olduğunu hesab edir:
"Yay tətilində seçildiyim
Qusar rayonunda olacam. Bu rayonun təbiəti, gözəlliyi kənardan da turistlərin
marağına səbəb olur. Kimsə yay tətilini harada keçirməyini planlaşdırmayıbsa, o
adamlara da Qusarı tövsiyə edirəm. Qusarın bir tərəfi Xəzərdir, bir tərəfi
Şahdağ. Yayın kefini çıxartmaq üçün ən potensial yer kimi məhz bu rayonu görürəm.
Hələ ki, pandemiya dövrü olduğu üçün xaricə səfər planlaşdırmıram".
Deputat Məlahət İbrahimqızı da tətili Azərbaycanda keçirməyi düşünür:
"Yay tətilini gözəl vətənimdə keçirəcəm. Tətil
boyunca rayonlarda da ola bilərəm, Bakıda da".
Deputat Rüfət Quliyev istirahətinin böyük hissəsini ailə üzvləri ilə birgə
Lənkəranda keçirəcəyini deyib:
"Yay tətilini Lənkəranda və Bakıda keçirməyi düşünürəm.
Lənkəran mənim doğma məkanımdır, ola bilsin, başqa rayonlarda da qonaq oldum. Məsələn,
Qəbələ və Mingəçevirdə də bir neçə gün dincələ bilərəm. Tətili daha çox ailə üzvlərimlə
keçirirəm. Lakin bu müddət ərzində dostlarla da istirahət edəcəm".
Deputat Cavanşir Paşazadə ölkədaxili turizmdə qiymətlərin
yüksək olduğunu deyib: "Hələ ki, xaricdə istirahətlə bağlı fikrim
yoxdur. Çünki ən gözəl yerlər elə Azərbaycandadır. Yay tətilimi bu səbəbdən Azərbaycanda
keçirməyi düşünürəm. Eyni zamanda pandemiya ilə bağlı kənara çıxa bilmədiyimiz
üçün diqqətimizi Azərbaycanın rayonlarına verməli olduq. Əvəllər istirahətlə
bağlı bögələrə elə də əhəmiyyət vermirdik. Müşahidə etdikdə görürük ki, bütün
rayonlarımız gözəlləşir. Məncə Azərbaycanda istirahət etməyə dəyər. Lakn turizm
sektorunda qiymətlər aşağı olsa daha yaxşı olar. Belə olsa, hər kəs istirahət
edə bilər.
Özüm cənub bölgəsindən olduğum üçün Lerik, Lənkəran,
Yardımlı istiqamətinə üstünlük verəcəm. Eyni zamanda Qəbələ və digər bölgələrə
də getməyi planlaşdırıram".
Deputat Elman Məmmədov istirahətlə bağlı ənənəsinə
sadiq qalacağını deyib:
"Həmişə olduğu kimi tətili doğma Azərbaycanda
keçirəcəm. İstirahətimi Bakı şəhərində və Goranboyda keçirməyi düşünürəm. Lakin
digər rayonlara üz tuta bilərəm".
Deputat Naqif Həmzəyev istirahətini Gəncə şəhərinə
yaxın ərazilərdə keçirməyi düşünür:
"Hazırda növbədənkənar iclaslar davam edir, Həmkarlar
Təşkilatlarına müraciət etmişik. Əgər yayda istirahət üçün ayrılan kurort mərkəzlərində
yer versələr, həmin ərazilərdə bir müddət istirahət edəcəyik. Bundan başqa Gəncəyə
yaxın ərzailərdə - Göygöl, yaxud Daşkəsəndə olmağı düşünürəm. İşlə bağlı
uşaqlara çox vaxt ayıra bilmirəm. Ona görə də istirahəti ailəmlə birgə keçirməyi
düşünürəm".
Deputat Musa Qasımlı yay tətilini Yardımlıda keçirəcək:
"Yay istirahətini Azərbaycanda keçirəcəm. Çox
güman ki, tətil boyu Yardımlıda, eləcə də digər bölgələrdə olacam".
Deputat Tahir Rzayev yay tətilini Lerikdə, istirahət
mərkəzlərində keçirəcəyini deyib:
"İstəyirəm, yay tətilini Lerikdə keçirim,
orada yaxşı istirahət mərkəzləri var. Bundan başqa Şamaxıda da istirahət etmək üçün
gəzməli, görməli yerlər çoxdur. Qalan vaxtları isə Bakıda olmağı düşünürəm".
Deputat Aqil Abbas isə Bakıdan başqa getməyə
yerinin olmadığını bildirib:
"Pandemiyadan əvvəl Yesentukidə dincəlirdim.
İndi isə Bakıdan başqa dincəlməyə yerim yoxdur. Yəqin ki, istirahət müddətində
Bakıda, Ağcabədidə, Bərdədə olacam. Lakin bu rayonlara da işlə əlaqəli gedəcəm.
İstiarhət etmək üçün bağ evim də yoxdur. Keçən il də Bakıda idim, bu il də elə
olacaq. Bakıya nə olub? Allah qoysa gələn il yay tətilini Kəlbəcərdə, Şuşada keçirəcəm.
Ola bilsin ki, bu il Kəlbəcərə ailəmlə səfər edim".
Deputat Müşfiq Məmmədli istirahətini qərb bölgələrində
keçirməyi planlaşıdırır:
"Yay tətilində Azərbaycanda olacam. İstirahəti
əsasən qərb bölgələrində - Şəmkirdə, Tovuzda, Qazaxda keçirməyi
planlaşdırıram".
Sfera.az