Deputat vəd verdi, bu məsələni MM-də qaldıracaq: “Həftəsonu ictimai nəqliyyat işləməlidir”

Deputat vəd verdi, bu məsələni MM-də qaldıracaq: “Həftəsonu ictimai nəqliyyat işləməlidir”
"Həftəsonu ictimai nəqliyyatın fəaliyyətin bərpasına dair Milli Məclisdə məsələ qaldıracam".

Bunu Sfera.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib. Millət vəkili "A-98 SUPER" və "A-95 PREMİUM" markalı benzinin qiymətinin bahalaşmasına da münasibət bildirib:

"A-95 və A-98 markalı benzinlərdən daha çox zənginlər istifadə edir. Çox istəyərdim ki, həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa edilsin. Mən özüm də ictimai nəqliyyatdan istifadə edirəm. Xüsusilə həftəsonu taksi tapmaqla bağlı problemlər yaranır, bəzi insanların imkanı olmur ki, taksi sifariş etsin. Bu baxımdan həftəsonları ictimai nəqliyyat mütləq işləməlidir. Bundan başqa, gələn həftədən etibarən artıq məktəblər, daha sonra universitetlər açılacaq. Belə olan halda şagirdlər, tələbələr üçün problem yaranacaq. Həftəsonu dərnəyə, məşğələyə gedən məktəblilər var ki, onlar üçün çətinlik yaranır. Bu məsələ ilə bağlı mən də Milli Məclisdə məsələ qaldıracam".
 
Deputat növbəti il A-95 və A-98 benzilərinin qiymətinin münasib olacağını diqqətə çatdırıb:
 
"A-95 və A-98 markalı benzinlərin Azərbaycanda istehsalı ilə bağlı SOCAR tərəfindən açıqlama verilib. Düşünürəm ki, 2022-ci il məhz bu marka benzinlərin istehsalı mümkün olacaq və qiymətlərdə artım müşahidə olunmayacaq. Ümumiyyətlə, süni qiymət artımına imkan vermək olmaz. Xüsusilə iş adamları bəhanə gətirməli deyil ki, benzinin qiyməti qalxıb. Çünki A-95 və A-98 markalı benzinlərlə kənd təsərrüfatı məhsulları daşınmır".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR