Deputat: “Ordumuzun artan gücü hər an döyüşə hazır olduğumuzu göstərir”

Deputat: “Ordumuzun artan gücü hər an döyüşə hazır olduğumuzu göstərir”
 

"Azərbaycan Ordusu regionda güclü maliyyə təminatına malik silahlı qüvvədir".

Bunu "MediaPost"a açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu gün heç bir qarayaxma kampaniyası Azərbaycan Ordusunun gücünə xələl gətirə bilməz:

"Global Firepower Təşkilatının hazırladığı hesabata görə, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biridir. 106 ölkə arasında belə nəticə ordunun gücünün göstəricisidir. Həmin ölkələr sırasında düşmən tərəf daxil edilməyib. Bu ondan xəbər verir ki, Azərbaycan Ordusunda peşəkarlıq yüksək səviyyədədir. Son illər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, vətənpərvərliyin artırılması, xüsusən də ixtisaslı kadrların yetişdirilməsi istiqamətində ciddi addımlar atılıb. Bu gün Azərbaycan Ordusu regionda güclü maliyyə təminatı baxımından fərqlənir. 2019-cu ildə müdafiə xərcləri 3 mlrd 162 mln manat olub, bu, ümumi büdcə xərclərinin 13 faizi deməkdir. Praktiki olaraq, bu xərcləri regiondakı ölkələrlə müqayisə etsək, Azərbaycan Ordusunun güclü maliyyə təminatına malik ordu olduğunu deyə bilərik".

V.Bayramovun fikrincə, Aprel döyüşləri ordumuzun peşəkarlıq səviyyəsini və işğal olunmuş torpaqlarımızı azad etməyə qadir olduğunu göstərdi: "Təəssüf ki, bəzi hallarda bir sıra xarici mənbələrdə və daxildə Azərbaycan Ordusunu ləkələmək istəyən, ordumuz ilə bağlı qarayaxma kampaniyası aparan qüvvələrə rast gəlirik. Reallıq ondan ibarətdir ki, həm müdafiə üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatları, həm də ordunun peşəkarlığını və maddi-texniki bazasını qiymətləndirən icmallar göstərir ki, Azərbaycan Ordusu Cənubi Qafqazda bütün güc əmsalları ilə seçilir. Aparılan qarayaxma kampaniyası, ordunun peşəkarlığını zədələmir. Azərbaycan xalqı da ordusuna, Ali Baş Komandanına inanır. Ali Baş Komandan çıxışında da qeyd etdi ki, ordumuzun artan gücü hər an döyüşə hazır olmağımızı göstərir.

Qarabağ bölgəsində yerləşən rayonu təmsil edən deputat olaraq əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə peşəkar ordumuz işğal olunmuş torpaqlarımızı geri qaytaracaq. O gün uzaqda deyil, ordunun artan gücü vətəndaşları həmin günün uzaqda olmadığına inandırır".


OXŞAR XƏBƏRLƏR