Deputat: “Avropa Parlamentinin bəyanatını Ermənistana bir xəbərdarlıq mesajı kimi dəyərləndirmək lazımdır”

Deputat: “Avropa Parlamentinin bəyanatını Ermənistana bir xəbərdarlıq mesajı kimi dəyərləndirmək lazımdır”
 Avropa Parlamentinin 2020-ci il 10 iyun tarixli bəyanatını Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalını bir daha təsdiq etməklə yanaşı, növbəti dəfə Azərbaycanın haqq mövqeyinin mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi kimi dəyərləndirmək lazımdır.
 
Bunu   "Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.
 
 Millət vəkili bildirib ki, Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Avropa Parlamentinin üzvü, xanım  Marina Kalyurand, qurumun Ermənistan üzrə daimi məruzəçisi, cənab  Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi, xanım  Jelena Zavko, əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin məlum mövqeyini bir daha təsdiqləməklə, Azərbaycanın haqlı  mövqeyini dəstəkləmiş oldu. "Birmənalı qeyd etmək olar ki, beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Avropa Parlamenti üzvlərinin bəyanatı bunun növbəti bariz nümunəsidir. BMT TŞ-nin qətnamələri başda olmaqla digər beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və sənədlər Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmasını tələb edir. Avropalı parlamentarilərin əsas məqsədi Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının beynəlxalq hüquqa zidd olmasını bildirmək idi. Avropa Parlamenti qeyd edib ki, bu magistral yolun inşası Azərbaycan səlahiyyətli orqanının razılığı olmadan həyata keçirildiyi üçün beynəlxalq hüquqa ziddir. Bu addım Ermənistanın işğalçı siyasətini əhatə edir. Eyni zamanda Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür destruktiv fəaliyyəti ilə  münaqişənin danışıqlar və sülh  yolu ilə həlli üçün tələb olunan mühiti pozur. Yekun olaraq, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir. Bunu həm də Ermənistana  bir xəbərdarlıq  mesajı kimi  dəyərləndirmək lazımdır”- deputat qeyd edib.
 Deputat onu da əlavə edib ki, avropalı deputatların Qarabağla bağlı konkret mövqe sərgiləməsi və Ermənistanı işğalçılıq siyasətini pisləməsi və bu siyasətindən çəkməsi ilə bağlı  etdiyi çağırış İrəvanda ciddi təşvişə səbəb olub: "Ermənistan tərəfi Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları əks etdirdiyindən beynəlxalq ictimaiyyətin qəti mövqeyini şübhə altına almağa və buna qarşı çıxıb  təcavüz siyasətini davam etdirməkdənsə, işğalçılıq siyasətinə son verib, torpaqları işğaldan azad etsə daha yaxşı olar”.
Millət vəkili onu da bildirib ki, beynəlxalq aləmin Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəsətkləməsini cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətinin qələbəsi kimi dəyərləndirmək lazımdır: "Məhz Prezident İlham Əliyevin  son illərdə beynəlxalq aləmdə yürütdüyü uğurlu xarici siyasət öz bəhrəsini verməkdədir.  Bu uğurlu siyasət nəticəsində Ermənistanın yürütdüyü saxta, təcavüzkarlıq siyasəti ifşa olunmaqdadır.  Biz cənab Prezident  İlham Əliyevin beynəlxalq tribunalardan    səsləndirdiyi bəyanatlar və  Ermənistan rəhbərlərinin iştirak etdiyi tədbrilərdə çıxışı ilə onları çıxılmaz vəziyyətə salması bunu deməyə əsas verir. Odur ki, həm Avropa Parlamenti, həm də digər beynəlxalq təşkilatlar tərəfindən  səsləndirilən hər hansı mövqe təsadüfi sayıla bilməz. Bütün bunlar  daha ciddi nəticələr çıxarmağa stimul yaradır. Çünki bu bəyanat Ermənistanın beynəlxalq aləmdəki nüfuzuna ciddi zərbə vurmaqla, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsinə beynəlxalq hüquqi baxımdan  həllinə zəmin yaradır. Odur ki, işğalçı Ermənistan bu çağırışlardan nəticə çıxararaq torpaqları könüllü azad etməlidir. Sülhün alternativi isə müharibədir.  Müharibə isə bitməyib. O zaman son sözü Azərbaycan ordusu  deyəcək. Azərbaycan ordusu isə bu şərəfli missiyanı qısa zamanda yerinə yetirməyə hazırdır. Bunu Ermənistanda yaxşı anlayır”- millət vəkili bildirib.


OXŞAR XƏBƏRLƏR