Dəmir yol infrastrukturunun inkişafının turizmə və ekologiyaya təsiri - MULTİMEDİA
Hazırda dünya üzrə dəmiryolu xətlərinin uzunluğu 1 milyon kilometrdən uzundur. İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatının proqnozlarına əsasən, dəmiryolu ilə qlobal sərnişindaşıma 2050-ci ilə qədər hər il 3,7% hədlərində artmaqda davam edəcək. Bu sahədə ən böyük artım isə inkişaf etməkdə olan ölkələrdə gözlənilir.
Dəmiryolu infrastrukturu inkişaf etmiş ölkələrin şəhər nəqliyyatında önəmli yer tutur. Bu nəqliyyatın sərnişindaşımada əhəmiyyətli paya malik olması həmin ölkələrdə turizmin inkişafına da dolayı yolla təsir göstərir. Fransa, Belçika və Niderlandda sərnişindaşımada dəmiryolunun çəkisi 10% hədlərindədir.
Bəs dəmir yol infrastrukturunun inkişafı turizm imkanlarının genişlənməsində hansı faydalara malikdir? Azərbaycanda bu infrastrukturun möhkəmlənməsi turizmə töhfə verə bilərmi?
Ekspertin sözlərinə görə, hazırda pandemiya təhlükəsi turizmə mənfi təsir göstərsə də, bu, müvəqqətidir. İstənilən halda, turizmin gələcək inkişafı üçün dəmir yolu infrastrukturunun inkişafına ehtiyac var.
Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, dünya üzrə sərnişin daşımalarının 8%-i və yük daşımalarının 7%-i dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Lakin yanacaq vasitəsilə atmosferə buraxılan karbon qazının təxminən 0,3% -i dəmir yolunun payına düşür.
Beynəlxalq araşdırmalara əsasən, dəmiryolu nəqliyyatı ekoloji baxımdan hava, avtomobil və avtobus nəqliyyatından dəfələrlə az zərərlidir.
Ümumiyyətlə, karbon emissiyası qatarların dizel və ya elektrik enerjisi ilə işlədilməsindən və bu elektrik enerjisinin necə yaranmasından asılı olaraq dəyişir.
Qeyd edək ki, Azərbaycanda da Bakı sərnişin-Biləcəri-Sumqayıt və Bakı sərnişin-Sabunçu-Sumqayıt stansiyaları ilə sərnişinlərin daşınmasını təmin edən Bakı Dairəvi Dəmir Yolu xətti tam olaraq elektrikləşdirilib. Həmçinin, 2018-ci ilin sonundan etibarən Azərbaycanda Bakı-Gəncə-Bakı sürət elektrik qatarları fəaliyyətə başlayıb.
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiri, Birləşmiş Oksford Akademiyasının fəxri Professoru Fəqan Əliyev "MediaPost”a dəmir yol infrastrukturunun ekologiyaya təsirindən danışıb. O bildirib ki, atmosferə buraxılan tullantılar baxımından dəmir yolu nəqliyyatı ekologiya üçün daha az zərərlidir:
"Çünki avtomobillərdən, eləcə də təyyarələrdən ayrılan tullantı qazları havanı daha çox kirlədir. Böyük tutumlu avtomobillərin tullantıları isə ümumiyyətlə, çoxdur".
Ekoloq vurğulayıb ki, avtomobillər üzrə təmiz yanacağın az istifadə olunması havaya buraxılan tullantıların həcmini artırır. Buna görə də, dəmir yolu nəqliyyatı ekoloji baxımdan daha faydalı nəqliyyat vasitəsidir: "Həmçinin nəqliyyat qəzaları baxımından, dəmir yolları daha təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur və burada qəza hallarına nadirən rast gəlinir".
F. Əliyev Azərbaycanda elektrik qatarlarından geniş istifadə olunduğunu və gələcəkdə bütün qatarların elektrikləşdirilməsinə ehtiyac olduğunu qeyd edir: "Dəmir yolu infrastrukturunun elektrik qatarları ilə təmin olunması ekologiya üçün böyük əhəmiyyət kəsb edir. Sağlam gələcək üçün tullantısız həyata keçid etmək zəruridir".